Məhkəmə qərarları › İş №3(010)-123/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-123/2020

13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-123/2020 13.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə Şəxs MMC-nin (hüquqi ünvanı: ünvan 1 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs MMC 30000.00 Avro məbləğində vəsaiti Bank hesabından xx xxxxxx 2019-cu il tarixində ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 270 gündən artıq müddət keçməsinə baxmayaraq, 8447.15 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Suraxanı Rayon Məhkəməsinin 3(010)-123/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək onun barəsində inzibati xətanın obyekti olmuş 8.447 avro 15 sent vəsaitin 25 faizi miqdarında 2.112 avro məbləğində (ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə) cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs MMC-nin nümayəndəsi X2 həmin qərardan apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli 3(103)-863/2020 saylı qərarı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 3(010)-123/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı və Şəxs MMC nümayəndələrini göndərməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına aşağıdakı səbəblərə görə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi «Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə» məsuliyyət müəyyən edir. İXM-nin yuxarıda göstərilən maddəsində nəzərdə tutulan müddətlər “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin xx xxxxxx 2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə təsdiqlənib. Həmin Qaydaların müvafiq məsələləri tənzimləyən 4.3.1.3-cü yarımbəndinin əvvəlki redaksiyası aşağıdakı kimi olub: «qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə X1 təqdim edir». Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə yuxarıda göstərilən Qaydalara dəyişiklik edilərək 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: «qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir». Bu dəyişiklik Hüquqi Aktların Dövlət Reyestrinə xx xxxxxx 2020-ci ildə daxil edilmiş və xx xxxxxx 2020-ci ildə qüvvəyə minmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan Qaydaların 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulan 270 gün müddəti 02 il müddətinə dəyişdirilib. Bununla yanaşı əməldə Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin obyektiv cəhətdən tərkibinin yaranması üçün idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olmalıdır. Azərbaycan Respublikası İXM-nin 11.2-ci maddəsinə əsasən «İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir». İnzibati xətalar qanunvericiliyinin yuxarıda qeyd olunan müddəasını və istinad olunan Qaydalara dəyişikliyin müvafiq inzibati məsuliyyəti aradan qaldırdığını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin dəyişikliyin geriyə qüvvəsi vardır. Göstərilənləri, habelə xarici valyutada ödənişin aparıldığı gündən 02 il keçmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta hadisəsi baş verməyib. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən «inzibati xəta hadisəsi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir». Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar