Məhkəmə qərarları › İş №3(010)-1286/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1286/2021

18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1286/2021 18.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində X1 iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə RF Çita vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Balakən rayonu, Qullar ərazi dairəsi, Qullar kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1 və 332.1-ci maddələri ilə inzibati xəta törədilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş X1 materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş 22 sentyabr 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli X1 protokolda göstərilir ki, Şəxs 21 sentyabr 2021-ci ildə saat 09:30-da “Renault 12” minik markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Azərbaycan Respublikası İXM-nin 332.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində X1 iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, o, 21 sentyabr 2021-ci il tarixdə “Renault 12” minik markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşı onun sənədlərini istəmiş, lakin onun “Renault 12” minik markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. Bundan sonra polis əməkdaşı tərəfindən onun sərxoşluq vəziyyətini yoxlamaq üçün alkoqolun konsentrasiyasını yoxlamaq üçün cihaz gətirilsə də, yoxlama zamanı onun sərxoş olmadığı müəyyən olunmuşdur. Buna baxmayaraq, polis əməkdaşları tərəfindən onun avtomobili cərimə meydançasına yerləşdirilmişdir. O, 21 sentyabr 2021-ci il tarixdə “Renault 12” minik markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin idarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətməsinə dair 22.09.2021-ci il tarixli İXP seriyalı ******* nömrəli X1 protokol tərtib edilmişdir. İş materiallarında olan 22 sentyabr 2021-ci il tarixli, 01238 nömrəli alkotestr müayinəsi çıxarışından görünür ki, 22 sentyabr 2021-ci il tarixdə saat 11:33-də Şəxs qanında alkoqolun konsentrasiyasının 0.901 promilli olduğu müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı barəsində X1 iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərədə tutulmuş inzibati xətanı törətməsi faktı iş üzrə toplanmış sübutlarla təsdiq olunmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətməsinə dair 22.09.2021-ci il tarixli İXP ******* nömrəli X1 protokol tərtib edilmiş, lakin həmin protokol tərtib edilərkən, Şəxs izahatı alınmamış, Şəxs qanında alkoqolun konsentrasiyasını müəyyən etmək üçün sonuncu tibbi müayinə olunmamışdır. Bundan əlavə, 22.09.2021-ci il tarixli İXP ******* nömrəli X1 protokolda hadisənin törədilmə vaxtı əlyazma ilə 21 sentyabr 2021-ci il tarix, saat 9:30 qeyd edilsə də, 22 sentyabr 2021ci il tarixli, 01238 nömrəli alkotestr müayinəsi çıxarışında isə həmin çıxarışın tərtib edilmə vaxtı 22 sentyabr 2021-ci il tarixdə saat 11:33 kimi göstərilmişdir. Beləliklə də, iş materiallarında olan sənədlərlə Şəxs kankret olaraq hansı tarixdə avtomobili sərxoş vəziyyət idarə etməsi məhkəmə tərəfindən müəyyən edilməmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə 22.09.2021-ci il tarixli İXP seriyalı ******* nömrəli X1 protokolla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 69.1, 69.2 və 69.3-cü maddələrinə əsasən «İşin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında X1 iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz», «Şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər», «Hal şahidlərinin X1 iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir». Azərbaycan Respublikası İXM-nin 69-cu maddəsinin tələbinə zidd olaraq protokolun tərtibinə hal şahidləri cəlb edilməyib. Bununla yanaşı, materiala «Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında» protokol əlavə olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Azərbaycan Respublikası İXM-nin 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Həmin Məcəllənin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X1 iş üzrə icraat qanuna zidd olaraq aparılmış, toplanmış sübutlar isə mötəbər sayıla bilməzlər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X1 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X1 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə işin faktik hallarını və qanunvericiliyin yuxarıda göstərilən müddəalarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin müvafiq vəzifəli şəxsi Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tərkibinin olması halını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində X1 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X1 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Ona görə də Şəxs həmin maddə ilə təqsirləndirilməsinə dair X1 iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. İXM-nin 43.1-ci maddəsinə əsasən «Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar». Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsi həmin Məcəllənin 332.1-ci maddəsini məhkəmələrin səlahiyyətlərinə aid etməyib. «“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından “Məcəllənin 211, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə), 342.1.1 – 342.1.8, 342.1.11, 342.2, 342.5 – 342.7, 344, 356.1, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla), habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10cu, 346-cı və 346-1.2 – 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – dövlət yol polisinin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin, dövlət yol polisi idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları» tərəfindən baxılır. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə «Eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər». Həmin qərarın nəticəvi hissəsinin 1-ci bəndinə əsasən «Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir». Yuxarıda istinad edilənlərdən görünür ki, Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya dair işlərə baxılması məhkəmələrin deyil, Daxili İşlər Nazirliyinin aidiyyəti struktur qurumlarının və vəzifəli şəxslərinin səlahiyyətinə aiddir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair material Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair X1 iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair material baxılıb, səlahiyyəti çərçivəsində qərar verilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar