Məhkəmə qərarları › İş №3(010)-1292/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1292/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1292/2024 03.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə, Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında iş üzrə 26 fevral 2024-cü il tarixli EQ seriyalı 19651265 nömrəli qərarından X2 şikayətinə baxaraq, MÜƏYYƏNETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib olunmuş 26 fevral 2024-cü il tarixli EQ 19651265 nömrəli protokol əsasında 50 manat inzibati cərimə və 2 cərimə bah tətbiq olunmağı haqqında qəbul edilmiş qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polis İdarəsi tərəfindən Suraxanı rayonu, Zığ-Hövsan yolu, X1 yaxınlığı Zığ istiqamətində sürət həddini aşmağı ilə bağlı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə 26 fevral 2024-cü il tarixli EQ 19651265 nömrəli elektron nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq inzibati xəta törətməyi ilə bağlı qərar qəbul olunmuşdur. Həmin inzibatı xəta haqqında protokol və qərar tam əsassızdır və ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, idarə etdiyi **-DN-*** dövlət qeydiyyat nişanlı “X6” markalı avtomobillə yolda nəzərdə tutulmuş sürət həddində hərəkətdə olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası “X5” Qanununun 50-ci maddəsinə əsasən “Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 "İnformasiya stendi" servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Lakin onun hərəkətdə olduğu yolda belə yol nişanları quraşdırılmamışdır. Bunu protokolun əsaslandığı “i-patrul” çəkilişi də sübut edir. Əlavə olaraq, həmin yolda ümumən “i-patrul" sisteminin tətbiqi qanuna ziddir. “İ-Patrul” sistemi yalnız qanunla 3.24 və 6.14 yol nişanlarının qüvvədə olduğu zonada işləyə bilər. Lakin əvvəl də bildirdiyi kimi, həmin zonada qeyd olunan yol nişanları mövcud deyil. Nəticədə, idarə etdiyi avtomobilin sürətinin “i-patrul” vasitəsi ilə ölçülməsi ümumən qanuna zidd olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 şikayətinin təmin edilməsini xahiş etmişdir. Səlahiyyətli orqana, yəni Baş Dövlət Yol Polisi İdarəsinə (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 26 fevral 2024-cü il tarixli EQ seriyalı 19651265 nömrəli qərarından görünür ki, X3 26 fevral 2024-cü il tarixdə “X6” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən, Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı (tərəflərin iştirakı ilə ekspertiza keçirilməli), şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən «İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır». Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir». Eyni Məcəllənin 124.4-cü maddəsinə əsasən «İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir». Bir daha qeyd olunur ki, şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Baş Dövlət Yol Polisi İdarəsi nümayəndəsini göndərməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə bildirdiklərindən görünür ki, o, inzibati xətanın mövcudluğu ilə razılaşmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xətanın baş verməsi halının sübut etmək vəzifəsi müvafiq vəzifəli şəxsin üzərinə düşür. Buna baxmayaraq, Baş Dövlət Yol Polisi İdarəsi nümayəndəsini məhkəməyə göndərməmiş, sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu hallar Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə nəticələnən mühüm prosessual pozuntu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət qismən təmin olunsun. Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin X2 Azərbaycan Respublikası İXMnin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat miqdarında cərimə edilməsinə dair 26 fevral 2024-cü il tarixli EQ seriyalı 19651265 nömrəli qərarı ləğv edilsin və hazırkı qərar müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar