Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1303/2025 11.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X8 qızının katibliyi, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1970-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdam rayonu, Qiyaslı ərazi dairəsi, Qiyaslı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Ağdam Rayon Məhkəməsinin 2(013)-1093/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini icra etmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək qeyd etdi ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-1093/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi icraata daxil olduqdan sonra icraata başlanılmış, tərəflərə bu barədə qərar və bildiriş verilmişdir. İcra sənədi icraata daxil olanda borclunun 1020 manat aliment borcu var idi. Borclu sonuncu ödənişi dekabryanvar aylarında etmişdir. Hazırda onun 1065 manat borcu var. O, müharibə iştirakçısı olduğuna görə 80 manat pensiya alır. Ayda 130-140 manat aralığında aliment ödənişi edir. Tələbkar isə şikayətçidir, pulun tam ödənilməsini tələb edir. Borclu bildirmişdir ki, fəhləliklə məşğuldur, ona maddi cəhətdən kömək edilir. Beləliklə, Əliyarov X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs izahatında bildirdi ki, onun üç uşağı vardır və uşaqlardan ikisi onun himayəsindədir. Ona və uşaqlarına xeyriyyə cəmiyyəti tərəfindən aztəminatlı ailə kimi maddi kömək edilir. Fəhləliklə məşğuldur, iş olanda bir gündə 15 manat qazancı olur. Fiziki cəhətdən ağır işlə məşğul ola bilmir. Kirada yaşayır və aylıq 200 manat ödəyir. Özü müharibə iştirakçısıdır və 80 manat pensiya alır. Aldığı pensiyanın üstünə əlavə pul qoyaraq, aylıq 130-140 manat aliment ödəyir və yenə də ödəməyə hazırdır. Zərərçəkmiş şəxs (tələbkar) X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında materiala zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş icra işində olan: Ağdam Rayon Məhkəməsinin 2(013)-1093/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2024-cü ildən başlayaraq Şəxs xx.xx.2022-ci ildə anadan olmuş Röyal adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub X1 verilməli; cavabdeh Şəxs 40,40 manat dövlət rüsumu tutulmalıdır; icraata başlama haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-1093/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar müvafiq bildirişlə Şəxs təqdim olunmuşdur; X2 tərəfindən Suraxanı Rayon İcra Şöbəsinə verilən xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, Şəxs qərəzli olaraq alimenti tam şəkildə ödəmir. Hazırda 1265 manat aliment borcu vardır. O, borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir; İnayə xeyriyyə ictimai birliyi tərəfindən tərtib olunan xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, İnayə xeyriyyə ictimai birliyi tərəfindən Şəxs xx.xx.2022-ci il tarixdən etibarən aztəminatlı ailə olaraq yardımlar göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, icra məmurunun istinad etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: 1) məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; 2) borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; 3) borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; 4) borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “İcra haqqında” Qanunun : 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Beləliklə, məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, izahatlardan tələbin ödənilməməsinin Şəxs hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, borcun ödənilməsindən qərəzli olaraq yayınması halı və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və yahərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. İnzibati xəta haqqında protokolu, izahatları, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Ağdam Rayon Məhkəməsinin 2(013)- 1093/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu tərəfindən hal-hazırda ödənişlər edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən aliment borcunun müəyyən hissəsinin ödənməsini, hal hazırda işləmədiyini, himayəsində olan iki azyaşlı uşağa təkbaşına baxdığını nəzərə alınaraq, icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-1303/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1303/2025
11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver