Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1312/2023 10.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 10 mart 2023-cü ildə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Məhkəmə həmin məsələlərə baxaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda «barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi» göstərilməlidir. Qüvvədə olan qanunvericiliyin yuxarıda istinad edilən tələbinə zidd olaraq MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs fərdi identifikasiya nömrəsi göstərilməyib. Məsələ ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta obyektiv cəhətdən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsində və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsində ifadə olunur. Ona görə də inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın mahiyyəti təsvir olunarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq xətanın obyektiv cəhətini təşkil edən əməli hansı konkret hərəkətlə və ya hərəkətsizliklə törətdiyi qısa və konkret formada açıqlanmalı, bu açıqlama əməlin İXM-nin 528.1-ci maddəsi ilə tövsifini əsaslandırmalıdır. Göründüyü kimi inzibati xəta haqqında protokol İXM-nin 100.1.4-cü maddəsinə də ziddir. Göstərilənlərlə yanaşı məhkəmə Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərini tənzimləyən 8-ci maddəsinin və s. aidiyyəti müddəalarının tələblərini nəzərə alaraq qeyd edir ki, inzibati xətalara dair işlər üzrə icraatda şəxsin təqsirinin sübuta yetirilməsi vəzifəsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, onun Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli qətnaməsindən xəbəri olmayıb, o, qeydiyyatda olan ünvan 1 ünvanında yaşamır deyə heç bir çağırışdan xəbəri belə olmayıb. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrasına dair bildiriş ona təqdim edilməyib. İcra məmurunun barəsində qəbul etdiyi axtarış qərarına əsasən şöbəyə gələrkən bilmişdir ki, barəsində qətnamə qəbul edilmişdir. O, həmin qətnamədən narazı olduğundan rəsmi qaydada məhkəməyə müraciət edərək qətnaməni əldə etdikdən sonra apelyasiya şikayəti verəcəkdir. Qeyd olunur ki, borclunun bildirdikləri iş materialları ilə təkzib olunmur. O cümlədən, icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surətinin və tələbin könüllü icrasına dair bildirişin borcluya rəsmi qaydada təqdim edildiklərini təsdiq edə biləcək heç bir sübut iş materiallarında yoxdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun icra sənədləri üzrə icraata başlanılması məsələlərini tənzimləyən 8-ci maddəsinə, o cümlədən 8.2-ci maddəsinin tələblərinə görə «İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir». Yuxarıda qeyd olunduğu kimi icra məmurunun müvafiq qərarı və bildirişi borcluya rəsmi qaydada göndərdiyi və ya şəxsən təqdim edildiyi iş materialları ilə müəyyən olunmur. Göstərilənləri məcmu şəkildə nəzərə alaraq məhkəmə hesab edir ki, mövcud vəziyyətdə, yəni borcluya hətta qanunla nəzərdə tutulmuş könüllü icra üçün rəsmi qaydada vaxt verilmədiyi bir halda onun barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi, inzibati xəta haqqında protokol tərtib edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 10 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-1312/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1312/2023
10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver