Məhkəmə qərarları › İş №3(010)-1323/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1323/2020

16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1323/2020 16.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1989-cu ildə Naxçıvan MR Sədərək rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 nəfər azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, yeni tikili, sosial evdə yaşayan, xx xxxxxxx 2020-ci ildə inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi tərəfindən təqdim olunmuş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, «Şəxs xx.xx.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət olunan zaman polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır». İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş hərəkətlərlə Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, xx xxxxxxx 2020-ci ildə gecə evdə olduğu vaxt polis əməkdaşları gəlmiş və onun polis bölməsinə getməsini tələb etmişlər. Bu zaman onlar heç bir səbəb göstərmədilər. Cavab olaraq bildirmişdir ki, səhər özü polisə gələcək. Lakin polis əməkdaşlarının təkid etdiklərini görüb onlarla birlikdə, könüllü olaraq polis bölməsinə getmişdir. Bu zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməyib. Bölməyə çatdıqda məlum olmuşdur ki, ərazidə qətl hadisəsi baş verib və polis əməkdaşları onu həmin hadisəni araşdırmaq üçün dəvət ediblər. Qeyd edir ki, heç bir qətl törətməyib, həmçinin polis əməkdaşlarına müqavimət göstərməyibdir. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib edilmiş orqanın üzərinə düşür. Qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmasın. İXM-nin 535.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə məhz ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutur. Yəni hər bir halda təqsirkarın qanunazidd hərəkətləri ictimai qaydanın pozulmasına müvafiq vəzifəli şəxsin hərəkətləri isə bu pozuntunun qarşısının alınmasına yönəlməlidir. Əks təqdirdə İXM-nin 535.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud ola bilməz. İctimai qayda dedikdə isə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İş materiallarına əlavə olunmuş raportun məzmunundan görünür ki, həqiqətən də Şəxs polis bölməsinə X1 qətlə yetirilməsi ilə əlaqədar cinayətin açılması məqsədilə dəvət olunub. Beləliklə işin məhkəmə baxışı zamanı müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs konkret cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri çərçivəsində saxlanılmışdır. Başqa sözlə desək müvafiq polis əməkdaşları Şəxs saxlayarkən ictimai qaydanı mühafizə etmək vəzifələrini icra etməmişlər. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin obyektiv cəhətdən tərkibinin mövcud olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: ŞəxsAzərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclası zalından dərhal azad edilsin. Qərardan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar