Məhkəmə qərarları › İş №3(010)-1327/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1327/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1327/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, ilə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixində inzibati xəta törədildiyi iddia olunaraq 100 AZN məbləğində cərimə tətbiq edilib. Lakin onun şəxsi kabinetinə bu inzibati xətaya dair protokol yalnız xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Qərarın verilməsi zamanı sübutlar qanun çərçivəsində təqdim olunmamışdır. Belə ki, şəxsi kabinetinə gələn məlumatlarda protokolun xx.xx.2025-ci il tarixdə tərtib olunduğu qeyd edilib və heç bir foto və ya videogörüntü təqdim edilməmişdir, bu da İnzibati Xətalar Məcəlləsinin sübutlara dair tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsinə əsasən inzibati xəta işləri üzrə sübutlar yalnız qeyrimüəyyən şübhələrə deyil, konkret faktlara əsaslanmalıdır. Bu baxımdan hesab edir ki, onun barəsində qəbul edilən inzibati qərarın hüquqi əsası yoxdur və barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilib qərarın qanunsuz hesab edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 və Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə üzrlü səbəb göstərməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 17:03-də “Chevrolet Malibu" minik markalı **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xətai rayonu, 8 Noyabr prospektində 327.1-1, 5.9, 5.10.1 - 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.1-1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə tərəfindən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə hadisə ilə bağlı sorğu verilmiş və videogörüntülər tələb edilmiş, sorğuya cavab verilərək hadisə videogörüntüləri disk formatında məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı videogörüntüyə baxış keçirilmiş və “Chevrolet Malibu" minik markalı **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin avtobus zolağı ilə hərəkət etdiyi müəyyənləşdirilmişdir. Bu isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinin tələblərini birbaşa pozur. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X2 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar