Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-134/2021 18.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə xx xxxxx 1981-ci ildə Gürcüstan SSR, Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 16 – xx xxxxxx 2020-ci il tarixləri üzrə inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi tərəfindən təqdim olunmuş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs xx xxxxxx 2021-ci ildə saat 16:50-də polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş əməllə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi göstərilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək qeyd etmişdir ki, xx xxxxxx 2021-ci ildə əmisi oğlu ona zəng edərək bildirmişdir ki, 16 yaşlı oğlu karantin rejimini pozduğuna, yəni tibbi maska geyinmədiyinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə gətirilib. Polis bölməsində onlara bildirirlər ki, yazılmış cərimə ödənilməyənədək uşağı buraxmayacaqlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmçinin bildirir ki, uşaq özü güləş üzrə Azərbaycan çempionudur və hazırda dünya çempionatına hazırlaşır. Uşağın atası (Şəxs əmisi oğlu) isə maddi cəhətdən imkansızdır və bu səbəbdən pandemiya ilə əlaqədar dövlətdən 190 manat miqdarında maddi yardım alıb. Beləliklə, əmisi oğlu cəriməni dərhal ödəyib uşağı azad etdirməyə maddi imkanı olmadığına görə məcburiyyət qarşısında qalıb ondan xahiş etmişdir ki, müvafiq cərimə məbləğini özü ilə gətirib ödəsin ki, uşağı polis bölməsindən azad etsinlər. Ona görə də özü ilə pul götürüb Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə getmişdir. Orada etirazını bildirərək, polis əməkdaşlarının nəzərinə çatdırmışdır ki, cərimənin dərhal ödənilməsini tələb etmək ixtiyarları yoxdur və qanuna görə müvafiq qərarın surəti uşaqla valideyninə təqdim edilməli, həmçinin uşaq dərhal azadlığa buraxılmalıdır. Cərimə məbləği isə qanunla müəyyən edilmiş müddət ərzində ödəniləcək. Bu zəmində polis əməkdaşları ilə mübahisəsi yaranmışdır. Polisə «heç nə sübut edə bilməyəcəyini görüb», məcburiyyət qarşısında qalaraq tələb olunan pul məbləğini ödəmiş və qəbzi 33-cü polis bölməsinə təqdim etmişdir. Yalnız bundan sonra əmisi oğlunun uşağı azadlığa buraxılıb. Lakin bundan sonra onun özü tutularaq xx xxxxxx 2021-ci il saat 16.50-dən xx xxxxxx 2021-ci il saat 15.20-dək Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsində saxlanılmış, xx xxxxxx 2021-ci il tarixində barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolu əsassız və qanunsuz sayır. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi aşağıdakı məzmundadır: «Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə – fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur». İXM-nin 535.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə məhz ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. Yəni hər bir halda təqsirkarın qanunazidd hərəkətləri ictimai qaydanın pozulmasına, müvafiq vəzifəli şəxsin hərəkətləri isə bu pozuntunun qarşısının alınmasına yönəlməlidir. Əks təqdirdə İXM-nin 535.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud ola bilməz. İctimai qayda dedikdə isə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İşin faktik hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə polis əməkdaşları arasında mübahisə onun qohumunun polis bölməsində qanunsuz saxlanılması zəminində yaranıb. Bunun əksi iş materialları ilə müəyyən olunmur. O cümlədən, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə inspektoru Şahin Sadıqov tərəfindən xx xxxxxx 2021-ci ildə tərtib olunmuş raportda Şəxs “Növbətçi hissənin iş fəaliyyətini pozaraq polis əməkdaşları ilə ucadan kobud danışaraq polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq müqavimət göstərdiyi” qeyd olunduğuna baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin polis əməkdaşının (əməkdaşlarının) konkret olaraq hansı qanuni tələbinə qəsdən tabe olmadığı və nə kimi müqavimət göstərdiyi qeyd olunmamışdır. Belə bir məlumat digər iş materiallarında da yoxdur. Məhkəmə vurğulayır ki, əgər polisin tələbi Şəxs bildirdiyi kimi cərimənin dərhal ödənilməsi ilə bağlı olubsa, bu tələb qanuni sayıla bilməz. Göstərilənlərlə yanaşı məhkəmə işin faktik hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı müvafiq tələbləri irəli sürən polis əməkdaşı (əməkdaşları) hadisənin baş verdiyi şəraitdə və Şəxs münasibətdə ictimai qaydanı mühafizə etmək vəzifələrini icra etməyib (etməyiblər). Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin obyektiv cəhətdən tərkibinin mövcud olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-134/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-134/2021
18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver