Məhkəmə qərarları › İş №3(010)-1340/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1340/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1340/2025 13.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X8 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Bakı şəhəri, Sabunçu qəsəbəsində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 nömrəsiz evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2025-ci il tarixdə Bülbülə qəsəbəsində yerləşən "xxxx" mağazasından spirtli içki oğurlayaraq inzibati xəta törətmişdir. Bu barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X3 protokolun məzmununa uyğun izahat verərək qeyd etdi ki, Şəxs dəfələrlə "xxxx" mağazasından oğurluq edib, sadəcə işçilər onu hər dəfə bağışlayıb. Sonuncu dəfə etdiyi oğurluqda isə işçilər polisə məlumat vermişlər. O, göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında qeyd etdi ki, "xxxx" MMC-də mencer vəzifəsində işləyir. Şəxs dəfələrlə "xxxx" mağazasından oğurluq edib, sadəcə işçilər onu hər dəfə bağışlayıb. Sonuncu dəfə etdiyi oğurluqda isə onlar polisə məlumat vermişlər. Elşən ziyanı ödəməyib, ondan şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, işləyəndə, əlinə 1-2 manat düşəndə içki alır, iş olmayanda isə mağazadan götürürdü. Bir daha belə hal baş verməyəcək. Nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu nömrəsiz evdə yaşayan vətəndaş X1 RPİ-nin 31-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 06:00 radələrində müdir kimi işlədiyi Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən «Al» marketdə olduğu zaman marketə müştəri qismində daxil olmuş və adını Elşən kimi bildiyi şəxs marketin spirtli içkilər üçün olan piştaxta üzərindən qiyməti 3 manat 30 qəpik olan 01 ədəd «Stoliçniy» markalı araq oğurlamışdır. Həmin şəxs əvvəllər də marketə gələrək 18 ədəd qiyməti 3 manat 30 qəpik olan «Stoliçniy» markalı araq oğurlamış və ümumilikdə 62 manat 50 qəpik maddi ziyan dəymişdir; Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı, polis kapitatanı Akşin Vəliyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025ci il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, vətəndaş X4 müdür kimi işlədiyi Suraxanı rayonu Bül-Bülə qəsəbəsi Samir Əliyev küçəsində yerləşən «Al» marketdən ümumi dəyəri 62 manat 50 qəpik olan «Stoliçniy» markalı araq oğurlamış vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu andan, yəni 13 mart 2025-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «13» mart 2025-ci il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar