Məhkəmə qərarları › İş №3(010)-1342/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1342/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1342/2025 13.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X17 qızının katibliyi, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Ağdam rayonu, Əlimədədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Əlimədətli ərazi dairəsi, Əlimədətli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4368/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədini icra etmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X9 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək qeyd etdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4368/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi icraata daxil olduqdan sonra icraata başlanılmış, tərəflərə bu barədə qərar və bildiriş verilmişdir. Famil Ocaqov vəfat etmişdir. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilən məktublardan görünür ki, 2017-2018-ci illərdə mənzil olmadığından icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Borclular barəsində sorğular verilmiş, onların adına əmlak, həmçinin qaz, su, işıq abunə kodu aşkar olunmamışdır. Tələbkarlar icra şöbəsinə müraciət edərək özlərinin sosial vəziyyətinin pis olduğunu, mənzilləri olmadığını bildirmişlər. Həmin müddətdə zəbt olunmuş ərazilər qaytarılmadığından Prezidentin sərəncam və göstərişlərinə əsasən həmin şəxslərlə bağlı hər hansı tədbirlərin dayandırılması tövsiyyə olunmuşdur. 2023-cü ildə Komitəyə müraciət olunduqda həmin ailəyə Qaradağ rayonu, Ümid qəsəbəsində 3 otaqlı mənzilə köçmək təklif olunmuş, lakin onlar həmin mənzilə köçməkdən imtina etmişlər. 2024-cü ildə təkrarən həmin mənzilə köçmək təklif olunmuş, lakin onlar həmin mənzilə köçməkdən imtina etmişlər. 2025-ci ildə də başqa mənzil köçmək təklif olunmuş, lakin onlar təklif olunan mənzilə köçməkdən imtina etmişlər. Sonuncu dəfə 7 mart 2025-ci ildə tələbkar Komitəyə sorğu vermiş, Komitədən icra şöbəsinə göndərilən məktubda göstərilmişdir ki, borclulara Saatlı rayonu, Goranboy rayonu, Gəncə şəhərində boş mənzillərə köçmək təklif olunsa da, borclular yalnız dədə-baba torpaqlarına köçdüyü halda mənzildən çıxacaqlarını bildirmişlər. Bugün icra şöbəsinin və aidiyyəti qurumların əməkdaşları ilə qeyd olunan mənzilə getmişlər. 3 mart 2025-ci il tarixdə icra sənədinin təyini barədə borclulara bildiriş verilmişdir ki, mənzili boşaltsınlar. Amma bugün də borclular mənzildən çıxmaqdan imtina etmiş, ya Bakı şəhərində, ya da Ağdam rayonunun Əlimədətli kəndində ev verilsə mənzildən çıxacaqlarını bildirmişlər. O, borclulara ayın 25-dən sonra mənzildən çıxmağı təklif etsə də, onlar ayın 25-dən sonra da mənzildən çıxmayacaqlarını bildirmişlər. İcra şöbəsi ev təqdim etmək iqtidarında deyil, yalnız Komitənin təklif etdiyi evlərə köçmək olar. Borclular sözügedən mənzildən çıxmağa qərəzli olaraq mane olmuşlar. Hazırda aldığı məlumata görə mənzil boşaldılmış, tələbkarlara təhvil verilmişdir. Beləliklə, Ocaqov X7 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs izahatında bildirdi ki, atası vəfat edib, ilini verməlidirlər. Onlar bütün məcburi köçkünlərlə birlikdə dədə-baba torpaqlarına köçməyə razıdırlar. O, göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxslər (tələbkarlar) X5, X1, X3 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, zərərçəkmiş şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında materiala zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş icra işində olan: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4368/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 15, mənzil 35-də yaşayan Ağdam rayonundan məcburi köçkünlər X15, X12, Şəxs, X10, X11 həmin mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq tələbkarlar X5, X1, X3 və X2 təhvil verilməlidir; icraata başlama haqqında xx.xx.2017-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4368/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar müvafiq bildirişlə X15, X12, Şəxs, X10 və X6 yaşadığı ünvana göndərilmişdir; xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4368/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclulara təklif olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 15, 35 saylı mənzil tələbkarlara təhvil verilsin, əks təqdirdə məcburi icra icra tədbirləri həyata keçiriləcəyi barədə xəbərdar olunmuşlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, icra məmurunun istinad etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: 1) məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; 2) borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; 3) borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; 4) borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “İcra haqqında” Qanunun : 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Beləliklə, inzibati xəta haqqında protokolu, izahatları, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4368/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 15, 35 saylı mənzil boşaldılaraq tələbkarlara təhvil verilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4368/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icra olunduğu nəzərə alınaraq, icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar