Məhkəmə qərarları › İş №3(010)-1344/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1344/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1344/2024 12.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X1 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il il tarixdə saat 17:25 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami Gəncəvi küçəsində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmayaraq xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il il tarixdə Zığ qəsəbəsində xidmətdə olarkən bir nəfər şəxsin ucadan danışdığını gördükdə ilk olaraq mülki geyimdə olan Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis mayoru Miryusif Ağayev həmin şəxsə yaxınlaşmış və onu polis bölməsinə dəvət etmişdir. Amma həmin şəxs heç bir yerə getməyəcəyini bildirmişdir. Sonradan o özü həmin şəxsə yaxınlaşaraq onu polis bölməsinə dəvət etdikdə yenə də həmin şəxs heç bir yerə getməyəcəyini bildirmişdir. Sonra o, X6 əməkdaşlarını həmin yerə dəvət etmiş və həmin şəxs onların da iştirakı ilə polis alayının əməkdaşları tərəfindən polis bölməsinə aparılmışdır. Sonradan həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, işi ilə bağlı əsəbi olduğundan telefonla ucadan danışarkən polis əməkdaşı mülki geyimdə ona yaxınlaşdığından onun polis əməkdaşı olduğunu bilməmişdir. Sonradan digər polis əməkdaşı onu polis bölməsinə dəvət etdikdə özü polis bölməsinə getmiş, polis əməkdaşından əməlinə görə üzr istəmişdir. 4 və 13 yaşlı iki azyaşlı uşağı vardır, əməlindən peşmandır. Göstərilənlərə əsasən barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il il tarixdə saat 17:25 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami Gəncəvi küçəsində xidmət apararkən 1 nəfər şəxsin mobil telefonla ucadan danışdığını görüb, həmin şəxsə yaxınlaşıb, özünü təqdim etdikdən sonra həmin şəxsin sakit olmasını bildirdikdə onunla kobud danışaraq onu itələyib öz yoluna davam etmiş, onun dayanmasını tələb etdikdə həmin şəxs onun qanuni tələbinə tabe olmamış, həmin şəxs ƏÇPA-nın əməkdaşları ilə birlikdə PB-nə gətirilmişdir; xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il il tarixdə saat 17:25 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami Gəncəvi küçəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33cü PB-nin polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır, nəticədə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bu səbəbdən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami Gəncəvi küçəsində ictimai qaydanı pozaraq polis əməkdaşı ilə kobud danışmış, polis əməkdaşını itələyib öz yoluna davam etmiş, həmçinin, polis əməkdaşının ictimai qaydanı pozmamaq barədə qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Həmidov X3 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Həmidov X3 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən saat 18:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar