Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1345/2022 05.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu "xxxx" MMC-nin və həmin hüquqi şəxsin direktor müavini Asif Əsədullazadənin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialı baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: "xxxx" MMC-nin və həmin hüquqi şəxsin direktor müavini Asif Əsədullazadənin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair material Suraxanı rayon prokurorunun «İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» 05 aprel 2022-ci il tarixli qərarına əsasən Suraxanı Rayon Məhkəməsinə təqdim olunub. Azərbaycan Respublikası İXM-nin 106.0.4 və 106.0.5-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən işin icraatını rədd edən hallar mövcud olub-olmadığını, habelə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmadığını araşdırır. Göstərilən məsələlərlə bağlı aşağıdakılar qeyd olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən «İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir». Suraxanı rayon prokurorunun «İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» 05 aprel 2022-ci il tarixli qərarının məzmunundan görünür ki, "xxxx" MMC və həmin hüquqi şəxsin direktor müavini Asif Əsədullazadə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X8 xadimə qismində işlərin yerinə yetirilməsinə cəlb etməkdə təqsirləndirilirlər. Qərarda həmçinin qeyd olunur ki, «"xxxx" MMC-nin direktor müavini X6 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi onun, X7 və X9 izahatları, materiala əlavə edilmiş əmək müqaviləsinin surəti ilə sübut edilir». Həmin izahatları, əmək müqaviləsinin, habelə iş materiallarına əlavə edilmiş «Binanın icarəsi haqqında» müqavilənin surətlərini nəzərdən keçirərək məhkəmə aşağıdakıları qeyd edir. «Binanın icarəsi haqqında» 15 sentyabr 2016-cı il tarixli 09/16 nömrəli müqavilədə daşınmaz əmlakın dövlət reyestrində RX seriyası ******* nömrəsi ilə qeydə alınmış binanın X9 icarəsinə verildiyi göstərilir (həmin müqavilə notariat qaydasında təsdiqlənməmiş, onun tərtibində əhəmiyyətli qüsurlara yol verilmişdir ki, bu qüsurlar səbəbindən müqavilə üzrə «icarəyəverən» qismində "xxxx" MMC-nin, X6 və ya X5 çıxış etdiyini dəqiq müəyyən etmək mümkün olmur). İş materiallarına əlavə edilmiş əmək müqaviləsində "xxxx" istirahət mərkəzinin sahibkarı qismində çıxış edən X9 X8 «xadimə və paltaryuyan» vəzifəsinə götürdüyü, sonuncunun 02 avqust 2020-ci il tarixindən işə başlamalı olduğu göstərilir. X1 Rayon Prokurorluğuna izahat verərək 2015-ci ildən "xxxx" istirahət mərkəzində xadimə işlədiyini, həmin istirahət mərkəzinin sahibinin «Asif müəllim» olduğunu bildirmişdir. X3 Rayon Prokurorluğuna izahat verərək "xxxx" istirahət mərkəzini işlətdiyini, həmin istirahət mərkəzinin "xxxx" MMC-nin tərkibində fəaliyyət göstərdiyini, qardaşı X6 həmin MMC-nin rəhbəri olduğunu, X7 "xxxx" istirahət mərkəzində 7 – 8 ildir ki, xadimə işlədiyini bildirmişdir. X2 Rayon Prokurorluğuna izahat verərək "xxxx" MMC-nin 2004-cü ildə təsis edildiyini, əvvəllər həmin MMC-nin direktoru olduğunu, hazırda direktor vəzifəsində arvadı X5 çalışdığını, özünün isə MMC-nin direktor müavini vəzifəsində işlədiyini, "xxxx" istirahət mərkəzinin "xxxx" MMC-nin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini, lakin 2018-ci ildən işləmədiyini, X7 da hazırda həmin istirahət mərkəzində işləmədiyini, sadəcə olaraq 10 ildir ki, istirahət mərkəzinin otaqlarının birində yaşadığını, 2015 – 2016-cı illərdə istirahət mərkəzini qardaşı X9 icarəsinə verdiyini, X9 2020-ci ildə istirahət mərkəzini yenidən işlətmək istədiyini, lakin pandemiya ilə əlaqədar onu açmadığını, bu səbəbdən də X13 ilə bağlanmış müqavilənin «elektron sistemdə» qeydə alınmadığını bildirmişdir. O, həmçinin bildirir ki, X13 əvvəllər, yəni istirahət mərkəzi fəaliyyət göstərdiyi vaxt orada xadimə kimi işləyib. Materialı nəzərdən keçirərək hesab edirəm ki, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmamış, izahatlar və sənədlər isə ziddiyyətlidir. Materiala əlavə edilmiş əmək müqaviləsindən görünür ki, o, X13 ilə X15 arasında bağlanıb. Belə olan halda hansı səbəbdən inzibati məsuliyyətə X9 deyil, X6 cəlb edilməli olduğu sual yaradır. İş materiallarına əlavə edilmiş izahatlar da bu suala aydınlıq gətirmir, əksinə daha çox ziddiyyətlər ortaya qoyurlar. X14 öz izahatında "xxxx" istirahət mərkəzinin "xxxx" MMC-nin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini, həmin istirahət mərkəzini 2015 – 2016-cı illərdə qardaşı X9 icarəsinə verdiyini bildirmişdir (materiala əlavə edilmiş «Binanın icarəsi haqqında» 15 sentyabr 2016-cı il tarixli 09/16 nömrəli müqavilədə daşınmaz əmlakın dövlət reyestrində RX seriyası ******* nömrəsi ilə qeydə alınmış binanın X9 icarəsinə verildiyi göstərilir). Lakin «Binanın icarəsi haqqında» 15 sentyabr 2016-cı il tarixli 09/16 nömrəli müqavilədə göstərilən binanın "xxxx" istirahət mərkəzinə aid olan bina ilə eyni olubolmadığı, əgər eynidirsə, həmin istirahət mərkəzinin idarəçiliyinin "xxxx" MMC, X14 və ya «icarəçi» X9 özü tərəfindən həyata keçirildiyi araşdırılmamış, bununla əlaqədar heç bir mötəbər sübut (məsələn, vergi orqanında vergi ödəyicisi qismində kimin qeydə alındığına dair mötəbər məlumat) əldə olunmamışdır. Belə olan halda "xxxx" MMC-nin və onun direktor müavini X6 "xxxx" istirahət mərkəzinin idarə olunmasında hansı formada iştirak etdiklərini, o cümlədən həmin istirahət mərkəzinə işçi qəbul etmək ixtiyarına malik olub-olmadıqlarını müəyyən etmək olmur. X14 öz izahatında bildirmişdir ki, "xxxx" istirahət mərkəzi 2018-ci ildən etibarən fəaliyyət göstərmir. Belə olan halda həmin istirahət mərkəzinə 2018-ci ildən etibarən işçilərin qəbul edilməsi mümkünlüyü şübhə yarada bilər. Lakin, məhkəməyədək icraat dövründə bu dəlil də araşdırılmamış və qiymətləndirilməmiş, X9 və X7 həmin xüsusat üzrə izahatları alınmamışdır. Göstərilənlərlə yanaşı, X14 öz izahatında bildirmişdir ki, X13 hazırda istirahət mərkəzində işləmir, həmin mərkəzin otaqlarının birində yaşayır. Bu dəlil də məhkəməyədək icraat dövründə araşdırılmayıb. X1 Rayon Prokurorluğuna verdiyi izahatda "xxxx" istirahət mərkəzinin sahibinin «Asif müəllim» olduğunu bildirmişdir. Suraxanı Rayon Prokurorluğunun aidiyyəti vəzifəli şəxsi bu izahatla kifayətlənmiş, "xxxx" MMC-nin və onun direktor müavini X6 "xxxx" istirahət mərkəzinin idarəçiliyinə nə kimi aidiyyətinin olduğunu aydınlaşdırmamaqla yanaşı, X4 tərəfindən işə götürüldüyünə dair sual belə verməmişdir. X15 öz izahatında bildirmişdir ki, "xxxx" istirahət mərkəzi "xxxx" MMC-nin tərkibində fəaliyyət göstərir və bu MMC-nin rəhbəri X11r. Bundan irəli gələn məsələlər də məhkəməyədək icraat zamanı araşdırılmayıb. Materialda digər əhəmiyyətli ziddiyyətlər də mövcuddur. Göstərilənlərlə yanaşı aşağıdakılar qeyd olunur. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən «İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər». Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən «bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş üzrə Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsində nəzərdə tutulan əsasların mövcud olub-olmamasının müəyyən edilməsi baxımından inzibati xətanın törədildiyi vaxtın müəyyən edilməsi zəruridir. Lakin məhkəməyədək icraat dövründə inzibati xətanın törədildiyi gün müəyyən edilməmiş, həmin məsələ ilə bağlı X6, X9 və X7 izahatları arasındakı ziddiyyətlərə qiymət verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Suraxanı Rayon Prokurorluğu inzibati məsuliyyətə konkret olaraq kimin cəlb edilməli olmasına dair mötəbər sübutlar toplamamaqla yanaşı inzibati xətanın törədildiyi günü də müəyyən etməmiş, Azərbaycan Respublikası İXM-nin 38.1 və 53.1.6-cı maddələrindən irəli gələn məsələləri araşdırmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" MMC-nin və həmin hüquqi şəxsin direktor müavini Asif Əsədullazadənin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material geri qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1345/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1345/2022
05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver