Məhkəmə qərarları › İş №3(010)-137/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-137/2021

05.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-137/2021 05.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, X1, 23 fevral 1981-ci ildə Cəlilabad rayonunun Sarxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 58QE81P, subay, Cəlilabad rayonu, Sarxanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, 81 nömrəli evdə yaşayan, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidmətinin baş inspektoru X5 tərəfindən qəbul edilmiş 14 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 14 yanvar 2021-ci il tarixdə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidmətinin baş inspektoru X5 tərəfindən qəbul edilmiş 14 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə olunmuşdur. 19 yanvar 2021-ci il tarixdə X1 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidmətinin baş inspektoru X5 tərəfindən qəbul edilmiş 14 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 şikayətini onunla əsaslandırmışdır ki, 14 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidməti inspektorları tərəfindən yoxlanılarkən heç bir qanun pozuntusuna yol verməmişdir. O, 14 yanvar 2021-ci il tarixdə 8103 nömrəsinə sms göndərmiş, icazə sms-i onun telefonuna saat 10:58-də daxil olduqdan sonra yaşadığı mənzili tərk etmişdir. Bundan sonra Dövlət X8 əməkdaşları ona yaxınlaşmış və yoxlama apardıqdan sonra onun sms icazəsinin olmadığını bildirmişlər. Həmin an mobil telefonu onun üzərində olmadığından o, yol patrul xidməti inspektorlarına telefonunu gətirib smsi göstərməyi təklif etmiş, lakin sonuncular buna ehtiyac olmadığını bildirərək çıxıb getmişlər. O, cərimə edilməyəcəyini zənn edərək çıxıb getmiş və sonradan cərimə edilməsi barədə təsadüfən xəbər tutumuşdur. Ödəniş terminalında cərimə ilə bağlı yoxlanış apararkən o, 14 yanvar 2021-ci il tarixdə saat 06:58-də cərimə olunduğunu bilmişdir. 14 yanvar 2021-ci il tarixdə, saat 06:58-də öz evində olmuşdur. Araşdırma ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə, daha sonra ***-***-**-** nömrəsinə müraciət etmiş və ona Bakı şəhəri Suraxanı Rayon Dövlət X9 müraciət etməyi tövsiyyə etmişlər. Qərarı aldıqdan sonra isə 14 yanvar 2021-ci il tarixdə, saat 10:58-də cərimə edildiyi göstərilmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidmətinin baş inspektoru X4 qəbul etdiyi qərar qanunsuz və ədalətsizdir. O, qanunsuz olaraq Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 200 manat cərimə edilmişdir. Sonda Ə.İ.Abdullayev Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidmətinin baş inspektoru X5 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 14 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidmətinin baş inspektoru X5 vəzifəsindən azad edildiyi üçün məhkəmə iclasında onun iştirakını təmin etmək mümkün olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 göndərilmiş məhkəmə bildirişləri poçt orqanı tərəfindən “bu ünvanda yaşamır” qeydləri ilə geri qaytarılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. Belə ki, “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr 2020-ci il tarixli, 488 saylı qərarının 1-ci bəndinə əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Həmin Qərarın 2.6, 2.6.1-2.6.3-cü maddələrinə əsasən digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar, ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar və yaxın qohumunun dəfnində iştirakla əlaqədar yol verilir. Həmin Qərarın 2.7-ci bəndinə əsasən bu Qərarın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E-Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir: 2.7.1. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda, olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2.7.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir). Azərbaycan Respublikası İXM-nin 61.1 və 61.1.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sübutlar təqdim etmək hüquqları vardır. X3 isə şikayətində 14 yanvar 2021-ci il tarixdə 8103 nömrəsinə sms göndərdiyini, icazə sms-i mobil telefonuna, saat 10:58-də daxil olduqdan sonra yaşadığı evi tərk etdiyini, yol patrul xidməti inspektorları tərəfindən yoxlanılarkən mobil telefonu üzərində olmadığından sübutlarını təqdim edə bilmədiyini, mobil telefonunu gətirib smsi göstərməyi təklif etdikdə isə sonuncuların buna ehtiyac olmadığını bildirərək çıxıb getdiklərini qeyd etsə də, lakin məhkəməyə həqiqətən də 14 yanvar 2021-ci il tarixdə yaşayış yerini və ya olduğu yeri “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr 2020-ci il tarixli, 488 saylı qərarının tələbinə əsasən tərk etməsinə dair hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, X3 şikayətində yaşayış yerini tərk etməsinə dair sms icazənin mobil telefonuna 14 yanvar 2021-ci il tarixdə, saat 10:58-də göndərildiyini bildirmiş, inzibati tənbeh vermə haqqında 14 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarda da inzibati xətanın 14 yanvar 2021-ci il tarixdə, saat 10:58də törədildiyi qeyd olunmuşdur. Məhkəmə, yaşayış yerini sms icazəni aldıqdan sonra tərk etdiyi halda Ə.İ.Abdullayevə ən azından yol patrul xidməti inspektorlarının yaxınlaşmasının, sonuncular tərəfindən portalda müvafiq yoxlamanın aparılmasının müəyyən vaxt tələb etdiyini nəzərə alaraq hesab edir ki, Ə.İ.Abdullayevin yaşayış yerini tərk etməsinə dair sms icazəni alması vaxtı ilə yol patrul xidməti inspektorları tərəfindən inzibati xətanın aşkar edildiyi vaxt arasında heç olmasa minimal fərq olmalı idi. Bütün yuxarıda qeyd olunanlar, X1 yaşayış yerini müvafiq icazə olmadan tərk etməsinə, şikayətində qeyd etdiyi dəlillərin isə məhkəmədə yanlış fikir formalaşdırmağa cəhd olmasına dəlalət edir. Belə olan halda məhkəmə X1 14 yanvar 2021-ci il tarixdə yaşayış yerini və ya olduğu yeri 8103 nömrəsinə SMS məlumat göndərməklə tərk etdiyinə dair dəlillərini inandırıcı hesab etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4 və 99.4.2-ci maddələrinə əsasən inzibati xata haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildiyi vaxtdan başlanılmış hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, Ə.İ.Abdullayevin inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə Ə.İ.Abdullayev qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidmətinin baş inspektoru X5 tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan 14 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidmətinin baş inspektoru X5 tərəfindən qəbul edilmiş 14 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyindən X1 şikayəti rədd edilməli, 14 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidmətinin baş inspektoru X5 tərəfindən qəbul edilmiş 14 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar