Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1370/2025 01.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlu, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: 01 aprel 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarını araşdıraraq hesab edirəm ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində material məhkəməyə daxil olsa da onun məhkəmədə iştirakı təmin olunmamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxslə əlaqə saxlanılsa da inzibati xəta törətmiş şəxsin iştirakını təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində baxılır. İXM-nin 334.3-cü maddəsinin sanksiyasında həbs nəzərdə tutulduğuna görə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan inzibati xəta haqqında materiala baxılması mümkün deyildir. İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bundan başqa inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Bundan başqa İXM-nin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. İXM-nin 102.6-cı maddəsinə əsasən inzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Hazırki iş üzrə müəyyən edilir ki, inzibati xəta xx.xx.2025-ci il tarixdə törədilsə də inzibati araşdırma 2 aydan artıq müddətə aparılmış və 13 mart 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin İXM-nin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Lakin hazırki material üzrə protokol 13 mart 2025-ci il tarixdə tərtib edilsə də 19 mart 2025-ci il tarixli məktubla göndərilmiş və məhkəmənin dəftərxanasına 01 aprel 2025ci il tarixdə daxil olmuşdur. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-nin tələblərinə uyğun tərtib olunmaması, protokolun vaxtında tərtib olunmaması, vaxtında məhkəməyə göndərilməməsi müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 334.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun inzibati orqana geri qaytarılması qənaətinə gəlmişdir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar düzgün tərtib olunmadığına və natamam olduğuna görə, eləcə də barəsində protokol tərtib edilmiş şəxs məhkəməyə təqdim olunmadığına görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Çünki barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində material məhkəməyə daxil olan zaman onun iştirakı təmin olunmamış, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxslə əlaqə saxlanılsa da inzibati xəta törətmiş şəxsin iştirakını təmin etmək mümkün olmamış, İXMnin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxıldığına görə, İXMnin 334.3-cü maddəsinin sanksiyasında həbs nəzərdə tutulduğuna görə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan inzibati xəta haqqında materiala baxılması mümkün deyildir. Odur ki, hazırki material inzibati xəta haqqında protokol tərtib etmiş orqana geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109, 110, 111 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 13 mart 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qaytarılsın. Qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-1370/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1370/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver