Məhkəmə qərarları › İş №3(010)-1377/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1377/2021

13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1377/2021 13.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx xxxxxx 1975-ci ildə Cəlilabad rayonu, Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, zeytun sovxozu, Məktəbli küçəsində yerləşən nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi tərəfindən təqdim olunmuş 13 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 13 oktyabr 2021-ci ildə ünvan 3 ünvanında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək işin məhkəmə baxışı zamanı qeyd etmişdir ki, 13 oktyabr 2021-ci ildə Hövsan qəsəbəsi ərazisində yerləşən «Limon» kafesi ilə üzbəüz köşkdən siqaret almağa gedərkən ona mülki geyimli şəxslər yaxınlaşaraq şalvarının kəmərindən tutmuş və polis şöbəsinə getməli olduğunu bildirmişlər. Həmin şəxslərdən kim olduqlarını soruşmuş, polis əməkdaşları olduqlarını bildikdən sonra onlarla birlikdə 30-cu polis şöbəsinə getmişdir. Beləliklə, polis əməkdaşlarına heç bir müqavimət və tabesizlik göstərməyib. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili X5 bildirmişdir ki, Hövsan qəsəbəsi ərazisində yerləşən «Limon» kafesinin ətrafına adətən narkotik vasitələrə aludə olan şəxslər toplaşırlar. Ona görə də həmin ərazi polis əməkdaşları tərəfindən nəzarətdə saxlanılır. Xidməti ərazilərində baş vermiş oğurluq hadisələri ilə əlaqədar olaraq 13 oktyabr 2021-ci ildə iş yoldaşları X2 və X7 ilə birlikdə həmin kafenin ətrafında müşahidə aparırdı. Bu zaman adını sonradan bildiyi Şəxs özünü şübhəli apardığını görüb, şəxsiyyətini müəyyən etmək üçün ona yaxınlaşmış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xidməti vəsiqəsini göstərərək özünü təqdim etmiş, həmçinin sonuncudan xahiş etmişdir ki, adını bildirsin. Lakin Şəxs özünü təqdim etməkdən aqressiv şəkildə imtina etmiş, ümumiyyətlə özünü qeyri-adekvat aparmağa başlamış və qaçmağa cəhd göstərmişdir. Bu zaman bir qədər aralıda dayanmış polis əməkdaşları X2 və X1 Rövşən Ayaz oğlunu saxlamışlar. Lakin Şəxs aqressiv hərəkətlərini davam edərək polis əməkdaşlarını itələyib onlara müqavimət göstərmiş və yenə də qaçmağa çalışmışdır. Sonra hər üçü Şəxs saxlayıb 30-cu polis şöbəsinə gətiriblər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 (Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkilidir) və X7 (Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət-axtarış üzrə kiçik əməliyyat müvəkkilidir) şahid X3 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, Şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibinin mövcud olması halı sübuta yetirilmiş sayılmalıdır. Məhkəmə yuxarıda qeyd olunan qənaətə gələrkən şahid ifadələri ilə yanaşı, Şəxs iş materiallarına əlavə edilmiş yazılı izahatını da nəzərə alır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin izahatında polis əməkdaşlarının ona yaxınlaşdıqları vaxt özlərini təqdim etdiklərini, o, isə özünü polis əməkdaşlarına təqdim etmədiyini, aralarında «münaqişə» baş verdiyini, polis əməkdaşlarına tabe olmadığını bildirmişdir. İş üzrə toplanmış sübutların məcmusunu nəzərdən keçirərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmədə verdiyi izahatla işin faktik hallarını təhrif edərək cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs himayəsində yetkinlik yaşına çatmamış uşağının olduğunu bildirir. Hesab edirəm ki, bu hal iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə «inzibati həbs» növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 13 oktyabr 2021-ci il tarixindən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar