Məhkəmə qərarları › İş №3(010)-1384/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1384/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1384/2024 15.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızı, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü və 544.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü və 544.2-ci maddələri ilə xx.xx.2024-cü il tarixli, MN saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı məhkəmə müəyyən etdi ki, təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar; 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır; 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır; 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur; 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göründüyü kimi, qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. İnzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin soyadı, adı və ata adı göstərilməmiş, onun izahatı alınmamış, hüquq və vəzifələrinin izahına dair qeyd aparılmamış, protokolun surəti təqdim edilməmişdir. Qanunverici tərəfindən isə müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı alınmalı, hüquq və vəzifələri izah edilməli və inzibati xəta haqqında protokol hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmalıdır. İnzibati xəta haqqında protokolda isə sadəcə 3-44-1/2-1-1511/24 nömrəli məktubla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin dəvət olunduğunu, lakin iştirak etmədiyi göstərilmişdir. Halbuki, qeyd edilən məktubun göndərilməsini, həmin məktubun hüquqi şəxs tərəfindən alınmasını təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən Şəxs ünvanına göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-44- 1/2-1-1158/24 nömrəli nömrəli məktubda “Qeyd olunan müddət ərzində məlumat verilmədiyi təqdirdə məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcək və barənizdə inzibati xəta haqqında iş üzrə icraata başlanacaqdır” ifadəsi qeyd olunmuşdur. İXM-nin 447.0.4-cü maddəsində qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İXM-nin 100.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqanın cəmiyyət tərəfindən məlumatın verilməməsini məhsulların sertifikatsız satışı kimi qiymətləndirməsi yolverilməzdir. Əgər məhsulların satışı həyata keçirilmişdirsə, səlahiyyətli orqan bunu müəyyən etməli və bu barədə müvafiq akt tərtib etməli idi. Lakin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edən orqan tərəfindən heç bir araşdırma aparılmadan həmin protokolda göstərmişdir ki, “AQTA-nın Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 022 nömrəli qərarı icra edilməmişdir və İD********** nömrəli müqavilə əsasında idxal olunmuş məhsullar idxal sağlamlıq aktı olmadan xx.xx.2024-cü il tarixdə satmışdır.” Halbuki, qeyd edilən nömrə məhsulların idxal edilməsi barədə müqavilənin nömrəsi deyildir. Malların həqiqətən də satılıb-satılmaması araşdırlımadan, satış yeri müəyyən edilmədən, xx.xx.2024-cü il tarixli 022 nömrəli qərarın icra edilməməsi, bunları təsdiq edən sübutlar isə əldə edilmədən ehtimallar əsasında protokol tərtib edilərək qərarın icra edilməməsi və malların xx.xx.2024-cü il tarixdə satılması göstərilməklə məhkəməyə göndərilmişdir. Bu qeyd edilənlər İXM-nin 8-ci maddəsində nəzərdə tutulmuş “Təqsirsizlik prezumpsiyası prinsipi”nə də tamamilə ziddir. Belə ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yəni barəsində icraat aparılan şəxsin təqsirini sübut etmək vəzifəsi araşdırmanı aparan və protokolu tərtib edən orqanın vəzifəsidir. Təqdim edilmiş protokol və ona əlavə edilmiş sənədlərdən isə görünür ki, protokol tərtib edən orqan heç bir araşdırma aparmadan, sadəcə ehtimallara əsasən (malları satış kimi qiymətləndirməklə) qeyd edilən protokolu tərtib etmişdir. Odur ki, qeyd olunanları məhkəmə inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə Şəxs MMC barəsində İXM-in 447.0.4-cü və 544.2-ci maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən iş materialları ilə birlikdə geri qaytarılmalıdır “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü və 544.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar