Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1399/2024 28.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Əzizxan Eminovun iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Basarkeçər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(060)-475/2010 saylı icra sənədi ilə üzərinə düşən öhdəlikləri icra etməyərək 5880 manat məbləğində borcu yaranmış, nəticədə o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Əzizxan Eminov tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, məhkəmə qərarının icrasını təmin etməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(060)-475/2010 saylı icra sənədinə əsasən borclunun 5880 manat məbləğində borcu yaranmışdır. Hal-hazırda borclunun 500 manat məbləğində ödəniş etməsini qəbul etmir, borcunu tam ödəməsini istəyir. Belə ki, borclu əvvəllər axtarışda olmuşdur, sonradan isə borclu ona qalan borcu ödəməyəcək və borclunu tapmaq mümkün olmayacaq. Borclunun kifayət qədər imkanı var, lakin özü aliment borcunu ödəməkdən yayınır. Göstərilənlərə əsasən borclunun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, axtarışda olması barədə məlumatı olmamış, bu barədə Asan xidmətdən məhkumluq barədə arayış alarkən məlumatı olmuş və bundan sonra icra şöbəsinə gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(060)-475/2010 saylı icra sənədi üzrə heç bir borcu yoxdur, tələbkar ona böhtan atır. Belə ki, axırıncı dəfə 2022-ci ildə 50 manat məbləğində aliment ödənişi etmişdir. Buna baxmayaraq hal-hazırda 500 manat ödəməyə hazırdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(060)-475/2010 saylı icra sənədindən görünür ki, iddia təmin edilməklə xx.xx.1997-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir; icraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(060)-475/2010 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən verilmiş borclunun axtarılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan olunmuşdur; Şəxs tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə ünvanlanan izahatda qeyd edilmişdir ki, “Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(060)-475/2010 saylı icra sənədinə əsasən Zərərçəkmiş şəxs olan aliment borcunun son ödənişini - 50 manat məbləğində pulu 12 oktyabr 2022-ci il tarixdə ödəmişəm. Mənim Zərərçəkmiş şəxs borcum qalmayıb. Bugün onun məndən aliment tələbini qəbul etmirəm, şər-böhtan xarakterli olduğunu bildirirəm. X1 27 yaşı var. Qızımın şəxsi həyatda maddi promlemlərini həll etmişəm. Yaşadığı evə həmişə gedib-gəlmişəm. Maddi və mənəvi dayaq olmuşam.”; Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə ünvanlanan izahatda qeyd edilmişdir ki, “Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(060)- 475/2010 saylı icra sənədinə əsasən Şəxs hər ay 80 manat alınaraq mənə verilməlidir. Bugünə onun 5880 manat aliment borcu vardır. Bu pulu tam olaraq alıb mənə verilməsinə kömək edilməsini xahiş edirəm.” Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 234-cü maddəsinə əsasən Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi və borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş aliment öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(060)-475/2010 saylı icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs keçən müddət ərzində ödənişləri tam etdiyini qeyd etsə də, bu barədə sübut təqdim etməmiş, icra işi ilə qeyd olunan hal müəyyən edilməmişdir. Həmçinin, tələbkar borclu tərəfindən ödəniş edilmədiyini bildirmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsini, tələbkarın əmlak mənafeyini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin, o cümlədən pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-1399/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1399/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver