Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-14/2022 14.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 və İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X4 iştirakı ilə, X2, 31 iyul 1998-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 6AOCZKM, subay, Sumqayıt şəhəri, MKR-3, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X6 tərəfindən qəbul olunmuş 03 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 03 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X6 tərəfindən X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında EXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X6 tərəfindən qəbul olunmuş 03 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarla X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 bildirdi ki, 03 dekabr 2021-ci il tarixdə şəhər daxili sərnişindaşıma ilə məşğul olan mikroavtobusla Hövsan qəsəbəsindən Nəsimi rayonu, 28 may metro stansiyasına hərəkətdə olarkən Zığ şossesinin Suraxanı rayonunun inzibati ərazisinə aid olan hissəsində Suraxanı RPİ-nin 33-cü Polis Şöbəsinin əməkdaşı sahə rəisi, polis mayoru X6 hərəkətdə olan nəqliyyat vasitəsində karantin rejiminin qaydalarının pozulmasını yoxlamaq məqsədi ilə nəqliyyat vasitəsini dayandıraraq içərisinə baxış keçirən zaman heç bir əsas olmadan, qərəzli şəkildə ona bildirmişdir ki, o, tibbi maskadan istifadə etməmişdir. Onun dəfələrlə Hövsan ərazisində nəqliyyat vasitəsinə mindikdən sonra karantin rejimi qaydalarını pozmadan tibbi maskadan istifadə etdiyini bildirməyinə baxmayaraq, polis mayoru X6 ona "Məni görüb, maska taxmısan" demişdir. Polis əməkdaşı heç bir əsas və sübut olmadan ona protokol yazacağını bildirdikdən sonra o, polis ənəkdaşına protokoldan şikayət edəcəyini bildirmişdir. Polis əməkdaşı isə öz növbəsində "Get kimə şikayət edirsən, et" deyə ona sərt cavab vermişdir. O, Polis əməkdaşından dəfələrlə sübut əhəmiyyət kəsb edici faktlar tələb etsə də, polis əməkdaşı ona heç bir sübut təqdim etməmişdir. Polis əməkdaşı ona bildirmişdir ki, "Mən səni uzaqdan görmüşəm, hara şikayət edirsən et, baxan olmayacaq”. O, bundan sonra bir neçə dəfə Azərbaycan Respublikası DİN-nin 102 məlumat mərkəzinə müraciət edərək, şikayətini bildirmişdir. O, barəsində qəbul edilmiş protokolun və qərarın ona təqdim edilməsi üçün Suraxanı RPİ-nin 33-cü Polis Şöbəsinə və şəxsən polis mayoru X10 ogluna müraciət etmişdir, lakin polis mayoru X10 oglu ona protokolu vermiyəcəyini bildirmiş, lakin sonradan onun tərəfindən AR DİN-nin 102 məlumat mərkəzinə müraciət edildikdən sonra Suraxanı RPİ-nin 33-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən protokol və inzibati təhbeh vermə haqqında qərar ona verilmişdir. X1 barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X6 tərəfindən qəbul olunmuş 03 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X6 bildirdi ki, 03 dekabr 2021-ci il tarixdə xidmətdə olan zaman hərəkətdə olanda ictimai nəqliyyatda, kimliyi sonradan ona məlum olan Yusubov Sübhanın tibbi qoruyucu maskadan istifadə etmədiyini görərək ona yaxınlaşıb özünü təqdim etmişdir. Tibbi qoruyucu maskadan düzgün istifadə etmədiyinə görə X5 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə protokol tərtib etmişdir. O, sahə rəisi vəzifəsində xidmət etdiyi üçün yazdığı protokol dərhal qərarlı olaraq qeyd olunur. Tərtib etdiyi protokol tam əsaslıdır. X3 şikayətin rədd edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. Belə ki, “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli, 189 nömrəli qərarının 1 və 1.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla) tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Həmin qərarın 2-ci bəndinə əsasən tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Həmin qərarın 3-cü bəndinə əsasən bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən olunur ki, o, 03 dekabr 2021-ci il tarixdə şəhər daxili sərnişindaşıma ilə məşğul olan mikroavtobusla olarkən tibbi maskadan istifadə etdiyi halda, həmin mağazadan çıxarkən polis əməkdaşı ona yaxınlaşaraq, ictimai nəqliyyat vasitəsində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etmədiyini bildirmiş, sonradan isə barəsində inzibati xəta haqqında protkol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş qərarla 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 61.1 və 61.1.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ var. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 isə məhkəmədə 03 dekabr 2021-ci il tarixdə qanunvericiliyin tələblərinə riayət edərək, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etdiyini bildirsə də, lakin məhkəməyə izahatında qeyd etdiklərini təsdiq edəcək hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə X2 03 dekabr 2021-ci il tarixdə qanunvericiliyin tələblərinə riayət edərək, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etdiyi halda barəsində polis əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib edildiyinə dair dəlillərini inandırıcı hesab edtmir. Azərbaycan Respublikası İXM-nin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4 və 99.4.2-ci maddələrinə əsasən inzibati xata haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan başlanılmış hesab edilir. İşdə olan mövcud sübutlardan göründüyü kimi 03 dekabr 2021-ci il tarixdə X2 əməlində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halları bilavasitə aşkar etmiş səlahiyyətli vəzifəli şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X6 tərəfindən X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında EXP seriyalı, ******* nömrəli protokol tərtib edilmiş, həmin protokol əsasında isə qəbul olunmuş 03 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarla X5 qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə edilmişdir. Bununla da inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, X2 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə X5 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmişdir və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X6 tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan 03 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X6 tərəfindən qəbul edilmiş 03 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-14/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-14/2022
14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver