Məhkəmə qərarları › İş №3(010)-1429/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1429/2020

23.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1429/2020 23.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X9 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və icra sənədi üzrə tələbkar X2 iştirakı ilə, Şəxs, xx xxxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, boşanmış, üç yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 74 nömrəli evin 3 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-2913/2020 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə yaranmış 1.550 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-2913/2020 nömrəli qətnaməsinə əsasən ondan xx xxxxxxx 2006-cı il təvəllüdlü X4, xx xxxxxx 2008-ci il təvəllüdlü X5 və xx xxxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar olaraq ilk dəfə xx xxxxxxx 2020-ci il tarixdə icra məmurunun çağırışı ilə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsində olmuş, həmin vaxt ona icraata başlamaq haqqında xx xxxxxx 2020-ci il tarixli qərarın və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişin sürəti təqdim edilmişdir. Eyni zamanda həmin vaxt onun izahatı alınarkən icra məmuru yaranmış aliment borcunu birdəfəlik ödəməyi təklif etmiş, sonuncuya heç yerdə işləmədiyinə görə ödəniş edə bilməyəcəyini bildirmişdir. Sonradan icra sənədi üzrə tələbkara ümumilikdə 350 manat ödəniş etmişdir. Birinci dəfə izahatı alındıqdan təxminən 20 gün sonra, yəni bu gün ikinci dəfə icra məmurunun qəbulunda olmuş, sonuncu bu dəfə də ona yaranmış aliment borcunu ödəməyi təklif etdikdə, icra sənədi üzrə tələbkara imkanı daxilində ümumilikdə 350 manat ödədiyini, heç yerdə işləmədiyinə görə aliment borcunun hamısını birdəfəlik ödəmək iqtidarında olmadığını, iş tapacağı təqdirdə borcunu hissə-hissə olmaqla ödəyəcəyini bildirmişdir. Qeyd etdiklərinə baxmayaraq icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır, sadəcə olaraq heç yerdə işləmədiyinə görə onun aliment borcu yaranmışdır. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X7 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya icranı dərhal könüllü olaraq təmin etməsi təklif etmiş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə xx xxxxxxx 2020-ci il tarixdə borcluya şəxsən təqdim edilmişdir. Eyni zamanda borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Borclu tələbkara müəyyən ödənişlər etsə də, bu icra sənədinin icrasına yetərli olmamış və hazırki inzibati xəta haqqında protokol tərtib edilənədək borclunun 1.550 manat aliment borcu yaranmışdır. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X8 göstərdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-2913/2020 nömrəli qətnaməsinə əsasən Şəxs xx xxxxxxx 2006-cı il təvəllüdlü X4, xx xxxxxx 2008-ci il təvəllüdlü X5 və xx xxxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Lakin borclu müxtəlif bəhanələr, o cümlədən heç yerdə işləmədiyini əsas gətirərək icra sənədi üzrə öhdəliyini icra etmir. Halbuki, qanunvericiliyin tələbinə əsasən borclunun işləməməsi və ya maddi vəziyyətinin aşağı olması onu icra sənədini icra etməkdən azad etmir. Buna görə də o, ərizə ilə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, icra sənədinin icrasını həyata keçirən icra məmurundan müvafiq tədbirlər görməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-2913/2020 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs xx xxxxxxx 2006-cı il təvəllüdlü X4, xx xxxxxx 2008-ci il təvəllüdlü X5 və xx xxxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx xxxx 2020-ci il tarixdən müvafiq olaraq mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 xx xxxxxx 2020-ci il tarixli qərarından, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-2913/2020 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata xx xxxxxx 2020-ci il tarixdə başlanılmış, borclu Şəxs icranı dərhal könüllü olaraq təmin etməsi təklif etmiş, həmin icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə Şəxs xx xxxxxxx 2020-ci il tarixdə şəxsən təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasları təşkil edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.6-ci maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclasında məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verildiyini, lakin tələbin yönəldilə biləcək vəsaitin və ya əmlakın aşkar edilmədiyini bildirsə də, iş materiallarına əlavə edilmiş sənədlər sırasında icra məmuru tərəfindən məcburi icra tədbirlərinin həyata keçirilməsi istiqamətində hər hansı bir tədbirlərin görülməsinə dair heç bir sənəd aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-2913/2020 nömrəli qətnaməsinə dair icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən bütün məcburi icra tədbirləri həyata keçirilmədiyi halda Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-2913/2020 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar