Məhkəmə qərarları › İş №3(010)-1450/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1450/2021

22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1450/2021 22.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X2 iştirakı ilə, Şəxs, 09 avqust 1981-ci ildə Gürcüstanın Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 83 nömrəli evin 1 nömrəli mənzilində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyov küçəsi, 46 nömrəli evin 1 nömrəli mənzilində yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 21 oktyabr 2021-ci il tarixdə, saat 23:40-da, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətdində, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivində xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X5 7-ci patrul bölüyünün əməkdaşlarını nalayiq ifadələrlə söyüb təhqir etməklə xırda xuliqanlıq, yəni ictimai qaydaları kobud surətdə pozan hərəkətlər etmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 22 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokollarda göstərilən xüsusatları təsdiq edərək, inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, 21 oktyabr 2021-ci il tarixdə “Grand Opera” şadlıq sarayında toyda olmuş, həmin vaxt spirtli içki qəbul edilmişdir. Toydan çıxdıqdan sonra taksi ilə yaşadığı ünvana gedərkən yolu qısaltmaq üçün taksi sürücüsünə, onun bildiyi kəsə yolla gedəcəklərini demiş, lakin özü də bilmədən taksi sürücüsünə yanlış istiqamət verdiyindən onlar, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə tanımadığı ünvana gəlmişlər. Həmin ərazidə ara küçələrlə gedərkən post patrul maşını onun olduğu taksinin sürücüsünə yol verməyi işarə etmişdir. Post patrul maşını onların yanından keçərkən içkili olduğundan uca səslə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, sonuncular onun bu sözlərini eşidib taksi sürücüsünə saxla əmri vermişlər. Bu zaman o, polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Buna görə də polis əməkdaşaları onları Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə aparmışlar. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X4 bildirdi ki, Şəxs, 21 oktyabr 2021-ci il tarixdə, saat 23:40-da, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivində 2477 çağırışlı avtopatrulla xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X5 7-ci patrul bölüyünün əməkdaşlarını nalayiq ifadələrlə söyüb təhqir etdiyinə görə sonuncular Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gətirmişlər. Şəxs tibbi müayinədən keçirilmiş və tibbi müayinə protokoluna əsasən onun həmin vaxt orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. Bölmədə verdiyi yazılı izahatında Şəxs təqsirini etiraf edərək əməldən səmimi peşman olduğunu bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş 21 oktyabr 2021-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X5 7-ci patrul bölüyünün polis nəfərləri həmin tarixdə, saat 23:40-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivində 2477 çağırışlı avtopatrulla xidmət apardıqları zaman, yanlarından keçən “Toyota Prius” markalı, ** BY *** dövlət qeydiyyat nişanlı taksidəki sərnişin, polis nəfərlərini nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Buna görə də həmin şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gətirilmiş və orada sonuncunun Şəxs olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş X1 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisinə verdiyi yazılı izahatından görünür ki, 21 oktyabr 2021-ci il tarixdə, saat 23:11-də işlədiyi “2111” taksi xidmətindən daxil olmuş sifarişə əsasən o, “Grand Opera” şadlıq sarayından, adını sonradan bildiyi müştəri Şəxs götürüb yaşadığı ünvana apararkən, sonuncu ona öz bildiyi ara kəsmə yollarla getməyi demişdir. Şəxs göstərişi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gəlmişlər, həmin vaxt sonuncu yanlarından keçən post patrul xidməti avtomobilində olan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də polis əməkdaşalrı onları Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə aparmışlar. İş materiallarında olan 22 oktyabr 2021-ci il tarixli, 2/15282 nömrəli tibbi müayinə protokolundan görünür ki, inzibati xətanın törədildiyi vaxt Şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətdində olmuşdur. İş materiallarına əlavə edilmiş Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisinə verdiyi yazılı izahatından, habelə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldakı qeydlərindən görünür ki, Şəxs təqsirini etiraf edərək, bir daha belə bir səhvə yol verməyəcəyini bildirmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İnzibati xətanı orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətdində törətməsini məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 50 (əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar