Məhkəmə qərarları › İş №3(010)-1465/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1465/2022

16.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1465/2022 16.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X1 və qərarından şikayət verilmiş vəzifəli şəxs Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X2 iştirakı ilə, X4, 26 dekabr 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 211DQ9D, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X5 tərəfindən qəbul edilmiş 27 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 barəsində Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 27 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X2 qəbul etdiyi inzibati xəta haqqında iş üzrə 27 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarla X8 Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 1.500 manat məbləğində inzibati cərimə olunmuşdur. 05 may 2022-ci il tarixdə X4 barəsində qəbul edilmiş 27 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X8 şikayətini müdafiə edərək göstərdi ki, o, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X2 27 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar ilə Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 1500 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243-cü maddəsinin dispozisiyasında qeyd olunur ki, yerin təkindən istifadə qaydalarının pozulmasına, yəni 243.0.1-ci yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə. Hazırki şikayətlə qanuniliyi mübahisələndirilən vəzifəli şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi S.U.Mehdiyev 27 aprel 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru R.N.Əsədovun eyni tarixli MN seriyalı ******* nömrəli Protokolu bu növ inzibati xətalara baxmağa səlahiyyəti olmadan qanunsuz şəkildə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 42.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə bu Məcəllənin 40.0.3-cü maddəsində nəzərdə tutulan orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. .Hazırda qüvvədə olan “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016cı il tarixli, 795 №-li Fərmanının 5.17-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması tələblərinin pozulması hissəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulması hissəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə münasibətdə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisinin 27 aprel 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı və sahə inspektorunun evni tarixli MN seriyalı ******* nömrəli protokolu məhz onun tərəfindən hər hansı bir torpaq və va qum ehtiyatlarının əldə edilməsinə görə tərtib edilməmişdir. O, hər hansı bir təbii faydalı qazıntı isləri, yerin təkindən istifadə ilə əlaqədar işlər görməmişdir, yerin təkinin və ətraf mühitin mühafizəsi üzrə qaydaları, normaları, standartları pozmamışdır, yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən hissəsindən istifadə etməmişdir. O, yaşadığın anasına məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 7, 8A nömrəli evin sərhədində divarına bitişik şəkildə uzunluğu 1 metr, eni 15 sm, dərinliyi 15 sm-də yerləşən 0,75 sm diametrlik kanalizasiya borusunu çıxarıb yenisi ilə əvəz etmək üçün qalınlığı 5-6 sm olan asfalt səthinin və asfalt səthinin altında yerləşən 10 sm dərinliyində torpağı yüngül formada çığır şəklində qazaraq, orada olan sıradan çıxmış kanalizasiya borusunu çıxarıb yenisi ilə əvəz etmək istəmişdir. O, hər hansı faydalı qazıntı aparmamış, yerin təkindən istifadə etməmiş, ətraf mühitə mənfi təsir göstərən işlər, qazıntılar aparmamışdır. Onun hərəkətlərində hər hansı inzibati xətanın tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasım ehtiva edən inzibati xətadır. Onun hərəkətlərində İXM-nin 243.0.1-ci maddəsinin əlamətləri yoxdur. Ümumiyyətlə, hazırki vəziyyətdə inzibati xəta hadisəsi yoxdur. Uzunluğu 01 metr, eni 15 sm və dərinliyi asfalt örtüyü ilə birlikdə 15 sm olan əvvəldən çirkab su borusunun yerləşdiyi və həmin köhnə borunun yenisi ilə əvəz edilməsi üçün uzun illərdir edilmiş xırda qazıntı yerin təkindən istifadə edilməsi deyil. Burada inzibati xəta hadisəsi yoxdur. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda yerin təkinin anlayışı, yerin təkindən istifadə növləri göstərilmişdir. Onun hərəkətində qətiyyən yerin təkindən istifadə edilməsi halı mövcud deyildir, ətraf mühitin pozulması, çirklənməsi baş verməmiş, yerin təkinin və ətraf mühitin mühafizəsi ilə bağlı norma və qaydalar pozulmamışdır. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində qeyd olunur ki, yerin təki yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən, öyrənilməsi və istifadəsi mümkün olan dərinliklərədək uzanan süxurlardan, mineral-xammal ehtiyatlarından, enerji daşıyıcılarından (neft, qaz və s.), təbii və süni boşluqlardan, geoloji və texnogen törəmələrdən ibarət hissəsidir. Qanunun mənasından da görünür ki, yerin təki yer qabığının yer səthindən və torpaq qatından, su obyektlərinin dibindən aşağıda yerləşən hissəsidir. Yaşadığı evin daş hasarının dibində çirkab su borusu üçün edilmiş asfalt-beton örtüyü ilə birlikdə dərinliyi 15 sm olan qazıntı yerin təkinə gedib çatmır və yerin təkinə toxunmur, ona görə də yerin təkindən istifadə kimi qiymətləndirilə bilməz. Bundan başqa barəsində tərtib edilmiş 27 aprel 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokol İXM-nin 100-cü madəsinin təəblərinə əməl etməməklə tərtib edilmiş, protokolun forma və məzmunu qanunun tələbinə uyğun deyildir. İnzibati xəta haqqında 27 aprel 2022-ci il tarixli protokolda yalnız sahə inspektoru, onun şəxsiyyət vəsiqəsinin seriya və nömrəli və ad, soyadı, atasının adı qeyd olunmuşdur. İnzibati xətanın törədilmə yeri, ərazisi, ünvanı göstərilməmiş, inzibati xətanın mahiyyəti ümumiyyətlə qeyd olunmamışdır, protokol sahə inspektoru tərəfindən imzalanmamışdır. Yalnız İXM-nin 243.0.1-ci maddəsinin dispozisiyası protokola köçürülməklə kifayətlənilmişdir. Protokolun tərtibi zamanı qanun pozuntusuna yol verilmişdir. Ona protokolun izahat hissəsində izahat yazmağına imkan verilməmiş, protokolun surəti ona verilməmiş, hüquqları pozulmuşdur. X3 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X5 tərəfindən qəbul edilmiş 27 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X6 məhkəmədə bildirdi ki, X8 tərəfindən 27 aprel 2022-ci il tarixdə yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulması müəyyən edilmişdir. Buna görə də X4 barəsində Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında inzibati xəta haqqında protokol tərtib etmişdir. Qərarından şikayət verilmiş Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X5 məhkəmədə İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X1 izahatı ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmamasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və qərarından şikayət verilmiş vəzifəli şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X4 barəsində Azərbaycan Respublikası İXMnin 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 27 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X2 qəbul etdiyi inzibati xəta haqqında iş üzrə 27 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarla X8 Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 1.500 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 27 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol İXM-nin 100-cü maddəsinin tələblərinə riayət edilmədən, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatlar (yəni inzibati xətanın törədildiyi vaxt və yer, şahidlərin və zərərçəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, inzibati xətanın konkret nədən ibarət olması, protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, protokolun surətinin ona təqdim edilib-edilməməsi, şəxsin törətdiyi inzibati pozuntunu etiraf edib-etməməsi, bununla bağlı izahat və ya hər hansı bir qeydinin olub-olmaması və s.hallar) göstərilmədən tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X8 barəsində inzibati araşdırma aparılaraq inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Beləliklə şikayətə məhkəmə iclasında baxılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X5 tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış və iş üzrə X4 təqsirli bilindiyi inzibati xəta haqqında kifayət qədər sübutlar toplanmadan sonuncunun əsassız olaraq, inzibati qaydada məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir. Halbuki Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4 və 99.4.2-ci maddələrinə əsasən inzibati xata haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildiyi vaxtdan başlanılmış hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X5, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsini (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən halları və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməli olduğu halda, iş üzrə səthi araşdırma apararaq X7 Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən, eləcə də ona hansı səbəbə barəsində icraat aparılması haqqında məlumat verilmədən, inzibati xəta haqqında aparılan araşdırmada iştirak edərək müvafiq sübutların təqdim edilməsi və araşdırmanın obyektiv aparılması məqsədi ilə şəxsin icraatda iştirak etməsi, eləcə də müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan şəxs barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5.1-57.5.21-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan, bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda, ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası İXM-nin 61.1, 61.1.1, 61.1.2, 61.1.3, 61.1.4 və 61.1.5-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları var. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. X4 qanunvericiliyin tələbinə əsasən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata dəvət edilməsinə və ya sonda qərar qəbul edilərkən öz sübutların təqdim etməsi üçün çağırılmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bu isə öz növbəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X2 inzibati xəta haqqında iş üzrə 27 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının X4 iştirakı olmadan qəbul edildiyini sübut edir. Belə olan halda, Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar aparılmş inzibati araşdırma zamanı iştirakı təmin edilmədiyindən faktiki olaraq X8 Azərbaycan Respublikası İXM-nin 61.1, 61.1.1, 61.1.2, 61.1.3, 61.1.4 və 61.1.5-ci maddələri ilə nəzərdə tutulmuş huquqlarını həyata keçirməkdən məhrum edilmişdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X8 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X5 tərəfindən qəbul edilmiş 27 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X5 tərəfindən qəbul edilmiş 27 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar