Məhkəmə qərarları › İş №3(010)-1469/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1469/2021

22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1469/2021 22.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X4 iştirakı ilə, X3, xx xxxx 1979-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ali təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, administrator işləyən, Kürdəmir şəhəri, M.Əliyev küçəsi, 1A nömrəli evdə qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Elçin Əzizov küçəsi, 28 nömrəli evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X6, 22 oktyabr 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Malik Mustafayev küçəsində xidmətdə olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X11 yol patrul xidməti inspektoru X5 tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edildiyinə görə sonuncunu nalayiq ifadələrlə söyüb təhqir etməklə xırda xuliqanlıq, yəni ictimai qaydaları kobud surətdə pozan hərəkətlər etmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin sahə inspektoru X7 tərəfindən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 22 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 inzibati xəta törədilməsi haqqında protokollarda göstərilən xüsusatları təsdiq etməyərək, inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, 22 oktyabr 2021-ci il tarixdə saat 12:00 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Malik Mustafayev küçəsində hərəkətdə olan zaman yol patrul xidməti əməkdaşları tərəfindən ona saxla əmri verilmişdir. O, bir qədər irəli gedib idarə etdiyi nəqliyyat vasitəsini münasib yerdə saxladıqdan sonra ona yaxınlaşmış yol patrul xidməti inspektoru yol hərəkəti qaydalarını pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyini bildirmişdir. Yol patrul xidməti inspektoruna hər hansı qayda puzuntusuna yol vermədiyini bildirib ondan bunun əksini, yəni yol hərəkəti qaydasını pozduğunu əks etdirən video görüntünü təqdim etməsini tələb etmişdir. Yol patrul xidməti inspektoru isə onun dediklərinə məhəl qoymayaraq barəsində inzibati protokol tərtib etmiş, həmçinin ona “video görüntünü gedib şikayət edəndə tələb edərsən” deyə cavab vermişdir. Bundan sonra o, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun surətinin ona verilməsini tələb etmiş və bu zəmində yol patrul xidməti inspektoru ilə sözlə mübahisə etmişdir. Buna görə yol patrul xidməti inspektoru post patrul xidmətinin əməkdaşlarını çağırmış və sonuncular onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirmişlər. O, yol patrul xidməti inspektoru ilə kobud rəftar etməmiş, onun ünvanına nalayiq, təhqiramiz ifadələr işlətməmiş, həmin vaxt sadəcə öz hüquqlarını müdafiə etmişdir. Yol patrul xidməti inspektoru ilə aralarında olan danışıq patrul avtomobilində quraşdırılan videokamera vasitəsilə qeydə alınmışdır. Polis bölməsində də verdiyi yazılı izahatında yuxarıda qeyd etdiklərini qeyd etmişdir. Sonda Z.Ə.Heydərov məhkəmədən əməlində hər hansı bir inzibati xəta tərkibinin olmadığını nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru X7 göstərdi ki, X6, 22 oktyabr 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Malik Mustafayev küçəsində xidmətdə olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X11 yol patrul xidməti inspektoru X5 tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edildiyinə görə sonuncunu nalayiq ifadələrlə söyüb təhqir etməklə xırda xuliqanlıq etmişdir. Buna görə də yol patrul xidməti inspektoru hadisə yerinə post patrul xidmətinin əməkdaşlarını çağırmış və sonuncular Z.Ə.Heydərovu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirmişlər. Bölmədə Z.Ə.Heydərovun izahatı alındıqdan sonra onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X11 yol patrul xidməti inspektoru X5 göstərdi ki, 22 oktyabr 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Malik Mustafayev küçəsində xidmətdə olduğu zaman “Toyota Prius” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 70-ci maddəsinin təlblərini pozduğuna görə tərəfindən saxlanılmışdır. Yaxınlaşıb özünü təqdim edib törədilmiş yol hərəkəti qaydası pozunutuzunu izah etdikdən sonra sürücüdən sənədlərini təqdim etməsini tələb etdikdə, adını sonradan bildiyi X1 təqdim etməkdən imtina etmişdir. Z.Ə.Heydərova Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyini bildirdikdə isə, sonuncu idarə etdiyi nəqliyyat vasitəsini sürüb bir qədər məsafə qət etdikdən sonra avtomobilini saxlamışdır. Bundan sonra ictimai yerdə Z.Ə.Heydərov yaxınlaşıb nalayiq ifadələrlə onu təhqir etmişdir. Buna görə də o, post patrul xidmətinin əməkdaşlarını çağırmış və sonuncular Z.Ə.Heydərovu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparmışlar. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Z.Ə.Heydərovun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan 22 oktyabr 2021-ci il tarixli raportdan da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X11 yol patrul xidməti inspektoru X2 məhkəmə iclasında göstərdikləri öz əksini tapır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Z.Ə.Heydərovun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Z.Ə.Heydərovun himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Z.Ə.Heydərovun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Z.Ə.Heydərova cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 05 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. X3 inzibati həbs müddətinin başlanğıcı 22 oktyabr 2021-ci il tarixdən, saat 16:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar