Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1472/2021 26.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu "xxxx" MTK-nın Azərbaycan Respublikası İXM-nin 253.1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "xxxx" MTK-nın Azərbaycan Respublikası İXM-nin 253.1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 13 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən işin baxılmasının onun səlahiyyətinə aid olubolmadığını; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olub-olmadığını; inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini; işin icraatını rədd edən halların mövcud olub-olmadığını; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmadığını; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadıqlarını; iş üzrə vəsatətlərin və etiraz etmələrin olub-olmadığını araşdırmalıdır. Göstərilən məsələləri nəzərdən keçirərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 101.1, 101.2 və 101.3-cü maddələrinə əsasən «İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir», «İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir», «İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir». Həmin Məcəllənin 102.1 və 102.2-ci maddələrinə əsasən «Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır», «İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir». Eyni Məcəllənin 102.5-ci maddəsinə əsasən «İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır». İşin faktik hallarından görünür ki, inzibati xəta haqqında iş üzrə məhkəməyədək icraat qanunvericiliyin yuxarıda göstərilən müddəalarına zidd olaraq aparılıb. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "xxxx" MTK-ya 10 avqust 2021-ci ildə aşağıdakı məzmunlu məktubla müraciət edib: «Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsində tərəfinizdən aparılan tikinti işləri zamanı yaşıllıqların mühafizəsi və tullantıların idarə olunması ilə bağlı «Ətraf mühitin mühafizəsi haqqında» Qanunun tələblərinə riayət edilməsi ilə əlaqədar aparılacaq inzibati araşdırma ilə bağlı 20.08.2021-ci il tarixdə saat 10:00-da 11 salı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməyinizi və ya səlahiyyətli nümayəndənizi (etibarnamə ilə birlikdə) göndərməyinizi xahiş edirik. Göstərilən müddət ərzində İdarəyə gəlməsəniz, barənizdə qanunamüvafiq tədbir görüləcəkdir». İş materiallarına əlavə edilmiş poçt xəbərnaməsindən görünür ki, həmin məktub ünvan sahibinə 17 avqust 2021-ci ildə poçt vasitəsilə çatdırılıb. Beləliklə iş materiallarından görünür ki, inzibati xətanın törədilməsi faktı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ən geci 10 avqust 2021-ci il tarixində aşkar edilmiş, inzibati araşdırma 20 avqust 2021-ci il tarixinə saat 10:00-a təyin olunmuşdur. Lakin inzibati araşdırma 20 avqust 2021-ci il tarixinə təyin edildiyinə baxmayaraq, həmin tarixdə hər-hansı prosessual hərəkətin həyata keçirildiyi iş materialları ilə müəyyən edilmir. Məktubun tərtib edildiyi vaxtdan 01 ay 17 gün sonra, yəni 27 sentyabr 2021-ci ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən akt tərtib edilərək, bu aktda "xxxx" MTK-nın həyata keçirdiyi tikinti sahəsində 03 ədəd Sərv ağacının baxımsızlıqdan tamamilə quruyaraq məhv olduğu, bununla da MTK tərəfindən «Ətraf mühitin mühafizəsi haqqında» Qanunun tələblərinin pozulduğu göstərilmişdir. Beləliklə, 20 avqust 2021-ci il tarixinə təyin olunmuş araşdırmanın nəticələri, həmçinin hansı səbəbdən aktın 27 sentyabr 2021-ci ildə tərtib olunması sual doğurur (MTK-nın nümayəndəsinin 27 sentyabr 2021-ci ildə həyata keçirilmiş araşdırmaya real dəvət olunduğu da iş materiallarından görünmür). İnzibati xəta haqqında protokol isə 13 oktyabr 2021-ci il tarixində, yəni yuxarıda göstərilən 10 avqust 2021-ci il tarixindən 02 ay 03 gün sonra tərtib edilib. Göründüyü kimi, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İXM-nin 101 və 102-ci maddələrini tələbləri pozulub. Belə olan halda inzibati xəta haqqında protokol düzgün tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" MTK-nın Azərbaycan Respublikası İXM-nin 253.1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 13 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1472/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1472/2021
26.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver