Məhkəmə qərarları › İş №3(010)-1473/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1473/2021

25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1473/2021 25.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Azərbaycan Respublikası X3 Bakı regional bölməsinin İdxal və ixraca nəzarət sektorunun böyük məsləhətçisi X6 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası X3 Bakı regional bölməsinin vəzifəli şəxsi tərəfindən 21 oktyabr 2021-ci ildə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs MMC «İD********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş qida məhsulunu qida təhlükəsizliyi sertifikatı olmadan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, Quşçuluq sovxozu, Hövsan t/mərkəzində yerləşən anbarda satmışdır. 27.09.2021-ci il tarixində». Azərbaycan Respublikası X3 Bakı regional bölməsinin İdxal və ixraca nəzarət sektorunun böyük məsləhətçisi X7 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Şəxs MMC Azərbaycan Respublikasına İran İslam Respublikasından «Təzə, soyudulmuş, dondurulmuş, duzlu, duzlu suya qoyulmuş, qurudulmuş və ya hisə verilmiş, bütöv və ya tikələrdə olan heyvanların bağırsaqları, kisələri və mədələri (balıqların istisna olmaqla) – bağırsaq» növündə və adında qida məhsulu idxal etmiş və həmin məhsula qida təhlükəsizliyi sertifikatı verilməsi üçün 01 iyul 2020-ci ildə İD********** nömrəli elektron ərizə ilə Azərbaycan Respublikasının X5 müraciət etmişdir. Həmin müraciətə qanunla müəyyən edilmiş qaydada baxıldıqdan sonra (nümayəndə qeyd edir ki, müraciətə baxılması ilə əlaqədar yuxarıda göstərilən məhsula Agentliyin əməkdaşları tərəfindən baxış keçirilməyib) müvafiq qida təhlükəsizliyi sertifikatı hazırlanaraq elektron sistemdə yerləşdirilmiş və 25 iyul 2020-ci ildə X2 İnformasiya Sistemi üzərindən ərizəçinin şəxsi kabinetinə ödəniş bildirişi göndərilmişdir. Həmin bildirişdə ərizəçinin nəzərinə çatdırılmışdır ki, qida təhlükəsizliyi sertifikatının qüvvəyə minməsi üçün 05 iş günü ərzində qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumu ödənilməlidir. Lakin xeyli müddət keçdiyinə baxmayaraq Şəxs MMC dövlət rüsumunu ödəməmişdir. Bu səbəbdən Şəxs MMC-nin 01 iyul 2020-ci il tarixli İD********** nömrəli ərizəsi əsasında verilmiş qida təhlükəsizliyi sertifikatı Azərbaycan Respublikası X3 Bakı regional bölməsinin 07 sentyabr 2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Nümayəndə bildirir ki, qida təhlükəsizliyi sertifikatının ləğv olunması yalnız Şəxs MMC-nin dövlət rüsumunu ödəməməsi ilə bağlı olub. Həmin sertifikatın ləğvinə heç bir başqa əsas olmamışdır. Bundan sonra məhsulun yerinin müəyyən edilməsi məqsədilə Agentliyin əməkdaşları tərəfindən zəruri araşdırmalar həyata keçirilmiş, lakin Şəxs MMC-nin təqdim etdiyi sənədlərdə göstərilən ünvanda həmin məhsul müəyyən edilməmiş, həmçinin MMC-nin nümayəndələri ilə əlaqə saxlamaq mümkün olmamışdır. Beləliklə, araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs MMC qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malı (yuxarıda göstərilən məhsulu) satıb. Bu səbəbdən Azərbaycan Respublikası X3 Bakı regional bölməsi tərəfindən 27 sentyabr 2021-ci ildə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə icraat başlanıb. Nümayəndə inzibati xəta haqqında iş üzrə icraatın 27 sentyabr 2021-ci ildə başlandığını nəzərə alaraq hesab edir ki, inzibati xətanın baş verdiyi tarix kimi həmin tarix qəbul olunmalıdır. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilmiş Şəxs MMC nümayəndəsini göndərməmiş və bunun səbəbləri ilə bağlı məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin hüquqi həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, Şəxs MMC 01 iyul 2020-ci ildə İD********** nömrəli elektron ərizə ilə Azərbaycan Respublikasının X5 müraciət edərək İran İslam Respublikasının Təbriz şəhərində yerləşən «AFSHİN EFTERKHARİ FAR» tərəfindən 01 iyul 2020-ci ildə istehsal olunmuş «Təzə, soyudulmuş, dondurulmuş, duzlu, duzlu suya qoyulmuş, qurudulmuş və ya hisə verilmiş, bütöv və ya tikələrdə olan heyvanların bağırsaqları, kisələri və mədələri (balıqların istisna olmaqla) – bağırsaq» növündə və adında qida məhsulunu Azərbaycan Respublikasına idxal etdiyini bildirmiş və həmin məhsula qida təhlükəsizliyi sertifikatı verilməsini xahiş etmişdir. Yuxarıda göstərilən ərizədə həmin məhsulun son istifadə tarixi kimi 12 dekabr 2020ci il göstərilib. Azərbaycan Respublikası X3 Bakı regional bölməsinin vəzifəli şəxsinin İD********** nömrəli müraciətlə bağlı «Qida təhlükəsizliyi sertifikatının ləğv edilməsi haqqında» 07 sentyabr 2021-ci il tarixli qərarında aşağıdakılar qeyd olunur: «Şəxs tərəfindən idxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatı alınması ilə bağlı 01.07.2020-ci il tarixli İD********** nömrəli müraciət etmişdir. Müraciətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları»na və «Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanunu»na müvafiq qaydada icraya götürülmüşdür. Müraciətlərin icra olunaraq sonlandırılması məqsədilə «Lisenziya və icazələr» haqqında Azərbaycan Respublikasının Qanununun 18-ci və 19-cu maddələrinə əsasən icazənin verilməsinə görə qanunla dövlət rüsumunun (ödənişin) ödənilməsi tələb olunur. Həmin Qanunun 18.5-ci maddəsinə əsasən, dövlət rüsumu lisenziya və icazə verən orqanın (Agentlik) verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilməli və ödənişi təsdiq edən sənəd lisenziya və icazə verən orqana (Agentlik) təqdim edilməlidir. Qanunda nəzərdə tutulan dövlət rüsumunun ödənilməsi üçün 25.07.2020-ci il tarixində X2 İnformasiya Sistemi üzərindən ərizəçinin şəxsi kabinetinə ödəniş bildirişi göndərilmişdir. Lakin ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsinə dair müvafiq qəbz Agentliyə (Bakı regional bölməsinə) təqdim edilmədiyinə görə sözügedən Qanunun 18-ci və 19-cu maddələrinin tələbləri pozulmuşdur». Göstərilənlərə əsasən Azərbaycan Respublikası X3 Bakı regional bölməsinin vəzifəli şəxsi Şəxs MMC-nin İD********** nömrəli müraciəti əsasında idxal olunan yeyinti məhsuluna verilmiş qida təhlükəsizliyi sertifikatının ləğv olunmasını qərara alıb. Beləliklə, nümayəndənin bildirdiklərindən və yuxarıda göstərilən sənədlərin məzmunundan görünür ki, Şəxs MMC İran İslam Respublikasından Azərbaycan Respublikasına idxal etdiyi, 01 iyul 2020-ci ildə istehsal olunmuş və son istifadə (istehlak) tarixi 12 dekabr 2020-ci il olan «Təzə, soyudulmuş, dondurulmuş, duzlu, duzlu suya qoyulmuş, qurudulmuş və ya hisə verilmiş, bütöv və ya tikələrdə olan heyvanların bağırsaqları, kisələri və mədələri (balıqların istisna olmaqla) – bağırsaq» növündə və adında qida məhsuluna qida təhlükəsizliyi sertifikatı almaq üçün 01 iyul 2020-ci ildə İD********** nömrəli elektron ərizə ilə Azərbaycan Respublikasının X5 müraciət etmiş, həmin müraciətə Ağentlikdə baxılaraq (məhsula bilavasitə baxış keçirilmədən) qida təhlükəsizliyi sertifikatı hazırlanmış və elektron sistemdə yerləşdirilmiş, eyni zamanda X2 İnformasiya Sistemi üzərindən Şəxs MMC-nin elektron kabinetinə 25 iyul 2020-ci ildə ödəniş bildirişi göndərilərək, 05 iş günü müddətində dövlət rüsumunu ödəməli olduğu nəzərinə çatdırılmışdır. İşin faktik hallarından görünür ki, Şəxs MMC qida təhlükəsizliyi sertifikatının verilməsi üçün zəruri olan dövlət rüsumunu ödəməyib. Bu səbəbdən Şəxs MMC-nin İD********** nömrəli müraciəti əsasında idxal olunan yeyinti məhsuluna verilmiş qida təhlükəsizliyi sertifikatı Azərbaycan Respublikası X3 Bakı regional bölməsinin vəzifəli şəxsinin 07 sentyabr 2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir. İşin hallarından görünür ki, qida təhlükəsizliyi sertifikatının ləğvi üçün yeganə əsas Şəxs MMC-nin dövlət rüsumunu ödəməməsi olub. İşin faktik hallarından həmçinin görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası X3 Bakı regional bölməsi tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanmış, bununla əlaqədar MMC-yə 27 sentyabr 2021-ci ildə bildiriş göndərilmişdir. Bunlarla yanaşı iş materiallarına əlavə edilmiş 20 oktyabr 2021-ci il tarixli Aktdan görünür ki, Agentliyin əməkdaşı Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı ilə birlikdə məhsulun saxlanıldığı anbara baxış keçirmək məqsədilə müvafiq əraziyə getmiş, lakin anbara baxış keçirmək, məhsulun saxlanıldığı anbarı müəyyən etmək, həmçinin İD********** nömrəli ərizədə göstərilən telefon nömrəsi vasitəsilə ərizəçi ilə əlaqə saxlamaq mümkün olmamışdır. Məhkəmə işin faktik hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsinin tərkibi mövcuddur. Belə ki, həmin MMC İran İslam Respublikasından idxal etdiyi və məcburi sertifikatlaşdırılmalı olan mala qida təhlükəsizliyi sertifikatı verilməsi üçün zəruri olan dövlət rüsumunu ödəməmiş, bu səbəbdən həmin sertifikat ləğv olunmuş, beləliklə Şəxs MMC müvafiq qida məhsulunu sertifikatlaşdırılmadan satmışdır. Şəxs MMC-nin İran İslam Respublikasından idxal etdiyi qida məhsulunu satması halı onun Azərbaycan Respublikası X5 bildirdiyi ünvanda (anbarda) həmin malın aşkar edilməməsi faktı ilə təsdiq olunur (bunun əksi işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir). Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə təqsirli sayılmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən «İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər». «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının Qanununa 3 nömrəli əlavənin 47-ci bəndindən görünür ki, qida təhlükəsizliyi sertifikatı sahibkarlıq fəaliyyətinə verilən icazələr siyahısına daxildir. Həmin Qanunun 18.5-ci maddəsinə əsasən «Qanunla tələb olunduğu halda, lisenziyanın verilməsi üçün dövlət rüsumu və icazənin verilməsi üçün dövlət rüsumu və ya ödəniş bu Qanunun 19.10-cu maddəsinin birinci cümləsinə uyğun olaraq, lisenziya və icazə verən orqanın verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim olunur». Eyni Qanunun 19.10-cu maddəsinə əsasən «Lisenziya və icazə verən orqan bu Qanunun 19.8-ci və 19.9-cu maddələrində müəyyən edilmiş müddətlərdən gec olmayaraq ərizəçiyə lisenziyanı və icazəni təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, lisenziyanın və icazənin verilməsi üçün qanunla dövlət rüsumunun (ödənişin) ödənilməsi tələb olunduqda isə, lisenziyanın (icazənin) verilməsi üçün dövlət rüsumunu (ödənişi) ödəməsi vəzifəsi barədə şifahi və ya məktub vasitəsilə məlumat verir. Lisenziyanın və icazənin verilməsindən imtina haqqında inzibati akt lisenziya və icazə verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir». Qanunvericiliyin yuxarıda istinad edilən müddəalarından göründüyü kimi, qida təhlükəsizliyi sertifikatının verilməsi üçün tələb olunan dövlət rüsumu icazə verən orqanın (hazırkı halda Azərbaycan Respublikası X3) verdiyi məlumat alındığı tarixdən 05 iş günü ərzində ərizəçi tərəfindən ödənilməlidir. İD********** nömrəli müraciət əsasında verilmiş «Qida təhlükəsizliyi sertifikatının ləğv edilməsi haqqında» 07 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Qida X1 X4 Sistemi üzərindən Şəxs MMC-nin elektron kabinetinə 25 iyul 2020-ci ildə ödəniş bildirişi göndərərək, 05 iş günü müddətində dövlət rüsumunu ödəməli olduğunu MMC-nin nəzərinə çatdırmışdır. Beləliklə, Şəxs MMC qanunla müəyyən edilmiş dövlət rüsumunu 25 iyul 2020-ci il tarixindən başlayaraq 05 iş günü müddətində, yəni 04 avqust 2020-ci il tarixinədək ödəməli idi (25 və 26 iyul 2020-ci il tarixləri şənbə və bazar günlərinə təsadüf etmiş, 31 iyul – 03 avqust 2020-ci il tarixləri Qurban Bayramı ilə əlaqədar qeyri-iş günləri olmuşlar. Beləliklə, 27, 28, 29, 30 iyul və 04 avqust 2020-ci il tarixləri 25 iyul 2020-ci il tarixindən sonrakı 05 iş günüdür). Qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və işin faktik hallarını, o cümlədən qida təhlükəsizliyi sertifikatının dövlət rüsumunun ödənilməməsi səbəbindən ləğv olunduğunu nəzərə alaraq (işin hallarından görünür ki, sertifikatın ləğvi üçün başqa səbəb və əsas olmayıb) məhkəmə hesab edir ki, Şəxs MMC barəsində müvafiq araşdırma başlanması və qida təhlükəsizliyi sertifikatının ləğv olunması üçün əsas 05 avqust 2020-ci il tarixində yaranmışdır. Yəni Azərbaycan Respublikası X3 Bakı regional bölməsinin vəzifəli şəxsi İD********** nömrəli müraciətlə bağlı Şəxs MMC-yə verilmiş qida təhlükəsizliyi sertifikatını eyni əsasla 05 avqust 2020-ci ildə ləğv edə bilərdi. Məsələ ilə bağlı məhkəmə başqa bir xüsusata da diqqət yetirməyi zəruri sayır. İD********** nömrəli ərizənin məzmunundan görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasına idxal etdiyi qida məhsulunun son istifadə (istehlak) müddəti 12 dekabr 2020-ci il tarixinədək müəyyən edilib. Belə olan halda həmin məhsulun 12 dekabr 2020-ci il tarixindən sonrakı dövr üzrə istehlakı insanların sağlamlığı üçün təhlükəli ola bilərdi və qida təhlükəsizliyi baxımından yolverilməz sayılmalıdır. Təbiidir ki, eyni məhsulun 12 dekabr 2020-ci il tarixindən sonrakı dövr üzrə satışı da yolverilməz olub. Azərbaycan Respublikası X3 Bakı regional bölməsinin İdxal və ixraca nəzarət sektorunun böyük məsləhətçisi X7 işin məhkəmə baxışı zamanı verilmiş suala cavab olaraq bildirmişdir ki, istər 12 dekabr 2020-ci il tarixindən əvvəlki, istərsə də bundan sonrakı dövrdə X5 sözügedən məhsulla bağlı şikayət, o cümlədən insanların həmin məhsulu istehlak etməsi nəticəsində zəhərlənməsi və s. bu kimi hallarla bağlı heç bir məlumat daxil olmayıb. Göstərilənlər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Şəxs MMC-nin idxal etdiyi məhsul hər bir halda 12 dekabr 2020-ci ilədək olan ərəfədə satılıb. Əks təqdirdə, yəni əgər həmin məhsul 12 dekabr 2020-ci il tarixindən çox sonra satılsa idi, onun insanlar tərəfindən istehlakı fəsadlarla nəticələnmiş olardı. İşin məhkəmə baxışı zamanı isə belə bir fəsadın baş verməsi halı müəyyən edilməyib. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi ən geci 2020ci ilin dekabr ayında baş verib. Azərbaycan Respublikası X3 Bakı regional bölməsi bunu bilmiş və ya qanunla müəyyən edilmiş vəzifələrinin icrası ilə əlaqədar bilməli idi. Buna baxmayaraq qida təhlükəsizliyi sertifikatı 09 – 10 ay sonra, yəni 07 sentyabr 2021-ci ildə ləğv olunmuş, inzibati xəta haqqında icraata 27 sentyabr 2021-ci ildə başlanmış, inzibati xəta haqqında protokol isə məhsulun son istehlak tarixi olan 12 dekabr 2020-ci il tarixindən 10 aydan çox müddət keçdikdən sonra – 21 oktyabr 2021-ci il tarixində tərtib edilmişdir. Göstərilənləri məcmu halda qiymətləndirərək məhkəmə hesab edir ki, qida təhlükəsizliyi sertifikatı 07 sentyabr 2021-ci ildə ləğv olunduğuna, inzibati xəta haqqında protokol isə 21 oktyabr 2021-ci il tarixində tərtib edildiyinə baxmayaraq Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan üç aylıq müddət keçmiş sayılmalıdır. Belə ki, inzibati xəta ən geci 2020-ci ilin dekabr ayında törədilib. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən «bu Məcəllənin 38ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Məhkəmə qeyd olunanları, nəzərə alaraq hesab edir ki, Şəxs MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikası X3 Bakı regional bölməsinin vəzifəli şəxsi tərəfindən 21 oktyabr 2021-ci ildə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə təqsirli bilinsin. İnzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində nəzərdə tutulan tətbiq edilməsi müddəti keçdiyinə görə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar