Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1475/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş-leytenantı X3 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, orta təhsilli, işləməyən, əlilliyi olmayan, məhkum olunmamış, Zəngilan rayonu, Ördəkli ərazi dairəsi, Ördəkli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsindən daxil olmuş 03 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs ünvan 3 ünvanda yerləşən “Rus” qəbirstanlığından qəbirlərin ətrafında quraşdırılmış dəmir hasarı oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis başleytenantı X4 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs ünvan 3 ünvanda yerləşən “Rus” qəbirstanlığından qəbirlərin ətrafında quraşdırılmış dəmir hasarı oğurlamışdır. Həmin qəbirstanlıqdan dəfələrlə oğurluq olmuşdur. Bildirmişdir ki, Şəxs bir neçə yerlərdən oğurluq etmişdir. Bu əməlinə görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokollar tərtib etmişdir. Şəxs törətdiyi inzibati xəta ilə bağlı zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməmiş və barışıq əldə etməmişdir. O, Şəxs azadlıqda qalacağı təqdirdə yenidən eyni əməllər törədə biləcəyi ehtimalının olmasını bildirərək onun barəsində inzibati həbs tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, təxminən 2025-ci ilin mart ayının əvvələrində ünvan 3 ünvanda yerləşən “Rus” qəbirstanlığından qəbirlərin ətrafında quraşdırılmış 4 ədəd dəmir turba oğurlamışdır. Yalnız bir dəfə həmin qəbirstanlıqdan oğurluq etmişdir. Həmin dəmirləri tanımadığı şəxsə satmışdır. Oğurluq əməlini dərman almağa pulu olmadığı üçün törətmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı heç bir yerdə işləmədiyindən ödəyə bilmir. Sonda isə əməlindən peşman olduğunu bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan Elnur Mənsimovun 16 mart 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan ərizədən görünür ki, X2 xx.xx.2025-ci il tarixli Suraxanı RPİnin 31-ci PŞ-nə ərizə verərək bildirmişdir ki, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Rus” qəbirstanlığında anası və bacısının qəbirlərinin ətrafına dəmirdən arakəsmə hasar çəkdirmişdir. Sonuncu dəfə təxminən 1 ay bundan öncə qəbirləri ziyarətə gedəndə hər şey qaydasında olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində qəbirləri ziyarət etmək üçün getdikdə qəbirlərin ətrafında quraşdırdığı dəmir hasarın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. İş materiallarında olan raportlardan görünür ki, xx.xx.2025-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsi ev 13-də yaşayan X1 Suraxanı RPİ nin 31-ci PŞ-nə müraciət edərək, Rus qəbirstanlığında anası və bacısının qəbirlərinin hasarlarındakı quraşdırılan dəmirlərin naməlum şəxs(lər) tərəfindən oğurlanmasını aşkar etmişdir. İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən rayon (şəhər) məhkəmələri İXM-nin 227-ci maddəsi ilə olan işlərə baxmaq səlahiyyətinə malikdir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Lakin hazırki iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmədiyindən və barışıq olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi mümkün deyil. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri kifayət qədər sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 02 aprel 2025-ci il tarixdə, saat 13:00-da inzibati qaydada tutulmuşdur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan heç biri Şəxs aid edilmir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 227-ci maddəsinin sanksiyasında-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs himayəsində 2 azyaşlı uşağının olması və səmimi peşmançılığı İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə Şəxs İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materialına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs 2023-cü ildə İXM-nin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilməsi, onun qanunsuz olaraq narkotik vasitələrin istehlakı ilə məşğul olduğunu, buna görə də həmin maddələri əldə etmək üçün yenidən xırda talama törətməsi ehtimalının real olmasını göstərir. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, zərərçəkmiş şəxslə barışığın olmamasını, dəymiş ziyanın ödənilməməsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 02 aprel 2025-ci il tarixdən, saat 13:00dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-1475/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1475/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver