Məhkəmə qərarları › İş №3(010)-1497/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1497/2021

18.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1497/2021 18.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin 18 oktyabr 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin 18 oktyabr 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Göstərilən qərar 15 oktyabr 2021-ci il tarixli EXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilib. X2 həmin qərardan şikayət verib. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, 15 oktyabr 2021-ci ildə saat 11:30 radələrində “Koroğlu” metro stansiyasının yanından mikroavtobusa minib Xəzər Rayon Polis İdarəsinə gedərkən Yeni Suraxanı qəsəbəsinin keçidində bir polis əməkdaşı mikroavtobusu saxlayıb sərnişinlərin şəxsiyyət vəsiqələrini tələb etdi. Həmin tələbə əsasən şəxsiyyət vəsiqəsini COVİD-19 pasportu ilə birlikdə polis əməkdaşına təqdim etmişdir. Qeyd edir ki, həmin vaxt tibbi maskadan da düzgün istifadə edib. Lakin polis əməkdaşı bunu bir fürsət bilmiş və onun şəxsiyyət vəsiqəsinin fotosunu çəkərək protokol yazacağını bildirmişdir. Polis əməkdaşının bu qanunsuz hərəkətinə etirazını bildirmiş, lakin sonuncu cavabında demişdir ki, get kimə istəyirsən şikayət et. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Şikayətçinin bildirdiklərindən görünür ki, o, hadisə vaxtı tibbi maskadan düzgün istifadə etmiş, həmçinin COVİD-19 pasportu olmuşdur. Bunun əksi iş materialları ilə müəyyən edilmir. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi məhkəməyə nümayəndəsini göndərmədiyinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin bildirdiklərinin məhkəmə iclasında da araşdırılması mümkün olmayıb. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərinin tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib cərimə olunması ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin 18 oktyabr 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar