Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1515/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin yol nəqliyyat hadisəsi inspektoru, polis kapitanı X2 iştirakları ilə, xx xxxxx 1957-ci ildə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: 0VEKF5A, evli, məhkumluğu və əlilliyi olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 332.2 və 332.4-cü maddələri ilə barəsində toplanmış inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin 12 mart 2025-ci il tarixli məktubu ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2 və 332.4-cü maddələri ilə tərtib edilmiş 12 mart 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün 03 aprel 2025-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. 12 mart 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs, 11 mart 2025-ci il tarixdə, saat 08:10-da “FORD TRANSİT MİKROAVTOBUS” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən avtomobilində nasazlıq olduğuna görə avtobus yolunda saxlamış, onun arxasında avtobus nəqliyyat vasitəsi dayanmışdır. Avtobus manevr etsə də digər zolağa çıxa bilməmişdir. Bu zaman FORD TRANSİT MİKROAVTOBUS” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobil geriyə hərəkət edən zaman “NEOPLAN CİTYLİNER AVTOBUS” markalı, **-JH- *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə dəyərək farasının sağ şüşəsini sındırmışdır. Buna görə də Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin yol nəqliyyat hadisəsi inspektoru, polis kapitanı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 332.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 12 mart 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin yol nəqliyyat hadisəsi inspektoru, polis kapitanı X4 izahatında göstərdi ki, Şəxs, 11 mart 2025-ci il tarixdə, saat 08:10-da “FORD TRANSİT MİKROAVTOBUS” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən avtomobilində nasazlıq olduğuna görə avtobus yolunda saxlamış, onun arxasında avtobus nəqliyyat vasitəsi dayanmışdır. Avtobus manevr etsə də digər zolağa çıxa bilməmişdir. Bu zaman FORD TRANSİT MİKROAVTOBUS” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobil geriyə hərəkət edən zaman “NEOPLAN CİTYLİNER AVTOBUS” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə dəyərək farasının sağ şüşəsini sındırmışdır. Hadisə zamanı xəsarət alan olmamışdır. Şəxs idarə etdiyi avtomobilin qeydiyyat şəhadətnaməsindən görünür ki, vaqon 16+1 FORD TRANSİT MİKROAVTOBUS” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobil olması müəyyən edilir və həmin nəqliyyat vasitəsini sürməyə sürücülük vəsiqəsi olsa da, həmçinin “D” kateqoriyası olsa da onun müddəti 08 aprel 2022-ci il tarixdə bitmiş, lakin müddət uzadılmamış, BC kateqoriyası üzrə isə müddət 30 yanvar 2027-ci il tarixdə bitir. Bu o deməkdir ki, şəxs sürücülük hüququ olmadan avtomobili idarə etmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, 11 mart 2025-ci il tarixdə, saat 08:10-da “FORD TRANSİT MİKROAVTOBUS” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən avtomobilində nasazlıq olduğuna görə avtobus yolunda saxlamış, onun arxasında avtobus nəqliyyat vasitəsi dayanmışdır. Avtobus onun avtomobilinin arxasına dirənmişdir. Avtobus markalı avtomobil sol yola çıxmaq istəyən zaman onun idarə etdiyi avtomobil arxaya azacıq hərəkət edərək “NEOPLAN CİTYLİNER AVTOBUS” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə dəyərək farasının sağ şüşəsini sındırmışdır. Hadisə zamanı xəsarət alan olmamışdır. Bildirmişdir ki, avtomobildə nasazlıq olduğu üçün servisə aparan zaman bu hadisə baş vermişdir. Sonda əməlindən səmimi peşman olduğunu, yaşının nəzərə alınmasını xahiş edərək, bir daha bu cür inzibati xəta törətməyəcəyini bildirdi və məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirmişdir ki, idarə etdiyi nəqliyyat vasitəsi uzun zamandır ki, nasazdır lakin vaxt edib təmir etdirə bilməmişdir. Hadisənin videogörüntülərinə məhkəmə iclasında baxdı, qeyd olunanlarla razıdır. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1, 332.2 və 332.4-cü maddələri ilə bağlı işlərə baxılması həmçinin rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısının 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 211, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1 – 327.7, 329 – 331, 332.1 – 332.3, 333.1, 333-1.1, 334.1, 334-1.1, 335.1 – 335.4, 336, 337.1 – 337.4, 338.1 – 338.5, 338.8, 338.9, 339.1, 342.1.1 – 342.1.8, 342.1.11, 342.2 – 342.7, 343.1, 343.4, 343.8, 343-1.1, 343-1.5, 343-1.10, 344, 345, 346, 347, 350.1 (Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq), 352.0.1, 352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1 – 353.4, 353.6, 354.0.7, 355, 356, 428.5, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, Məcəllənin 346-1.1 və 346-1.5-ci maddələrində, habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10, 324.2, 324.4, 324.7, 324.9, 324-3, 342.1.9, 346-1.2 – 346- 1.4, 348, 350.2, 352.0.2, 352.0.4, 352.0.5, 352.0.7 – 352.0.10, 354.0.1 - 354.0.6 və 354.0.8 – 354.0.10-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) – Baş X6 İdarəsinin rəisi, onun müavinləri, Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X6 İdarəsinin rəisi, ərazi polis orqanlarının X6 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X6 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X6 qruplarının rəhbərləri baxırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunmalıdır ki, hazırki iş üzrə yol nəqliyyat hadisəsi nəticəsində bədən xəsarəti olmasa da zərərçəkmiş şəxsə maddi zərər dəyməsi müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər: 1) nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər; 2) nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər; 3) texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Həmin Qanunun 42-ci maddəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Həmin Qanunun 43-cü maddəsinin 2-ci bəndinə əsasən avtomagistrallarda geriyə hərəkət etmək qadağandır. Sürücü avtomagistralın hərəkət hissəsində məcburi dayandıqda, nəqliyyat vasitəsini bu Qanunun tələblərinə müvafiq nişanlamalı və onu bu məqsəd üçün nəzərdə tutulan zolağa (hərəkət hissəsinin qırağını göstərən xətdən sağdakı yol hissəsinə) çıxarmaq üçün tədbirlər görməlidir. Həmin Qanunun 33-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmə hüququ yaranır: “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək, habelə “B”, “C” və ya “C1” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə olduqda. Həmin Qanunun 34-cü maddəsinə əsasən “D1” - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kqdan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; “D” sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; A, B, C, D, CE və DE kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi müvafiq olaraq A1, B1, C1, D1, C1E və D1E alkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edir. İş materiallarında olan videogörüntüyə baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, 11 mart 2025-ci il tarixdə, saat 08:10-da “FORD TRANSİT MİKROAVTOBUS” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospekti istiqamətində geriyə hərəkət edən zaman “NEOPLAN CİTYLİNER AVTOBUS” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə dəyərək farasının sağ şüşəsini sındırmışdır. İş materiallarında olan Şəxs izahatından görünür ki, özünə məxsus “FORD TRANSİT MİKROAVTOBUS” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospekti istiqamətində Suraxanı keçidində hərəkət edərkən qarşısında maşın dayandığına görə o, da dayanmış, onun arxasında isə Baku Bus avtobusu dirənib dayanmışdır. Avtobus sol yola çıxmaq istəyən zaman onun avtomobilinin sol stopunu vurub qırmışdır. Sonra hadisə yerinə yol polisi ilə sığortanın əməkdaşı gəlmişlər. İş materiallarında olan X1 izahatından görünür ki, yol vərəqəsi ilə idarə etdiyi “NEOPLAN CİTYLİNER AVTOBUS” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospekti istiqamətində yolun sağ kənarında dayanmışdır. Qarşısında dayanan FORD TRANSİT MİKROAVTOBUS” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobil geriyə hərəkət edərək onun avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. İş materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, Suraxanı rayonu, Heydər Əliyev prospekti ərazisində olan hadisənin baş vermə mexanizmi ilə hər iki sürücü tanış olaraq razılaşmışlar və imza etmişlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, № ******* nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, Şəxs hadisə zamanı sərxoş olmamışdır. İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-nin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hüquq nəzəriyyəsində inzibati xətaların məcmusunu təşkil edən aşağıdakı əlamətlər qeyd olunmuşdur: iki və ya daha artıq müstəqil tərkibli inzibati xətanın törədilməsi; inzibati xətaların eyni şəxs tərəfindən eyni və ya müxtəlif vaxtlarda törədilməsi; iki və ya daha artıq inzibati xəta törətmiş şəxsin həmin xətaların heç birinə görə inzibati tənbehə məruz qalmaması; törədilən inzibati xətaların hər birinə görə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməməsi; şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olması. Plenum Qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Plenum Qərarına əsasən eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Qeyd olunmalıdır ki, İXM-nin 43-cü maddəsində 332.4-cü maddəsi ilə işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmiş, İXM-nin 327.1 və 332.2-ci maddələri üzrə işlərə baxılması müvafiq icra hakimiyyəti orqanının yəni Azərbaycan Respublikası DİN-nə aid edilmişdir. Ona görə də məhkəmə yalnız İXM-nin 332.4-cü maddəsi üzrə işə baxmalı və qərar qəbul etməli, digər maddələr üzrə qərarın qəbul edilməsi DİN-nin Bakı şəhər DYPİ-nin səlahiyyətli şəxsinə həvalə edilməlidir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Hazırki iş üzrə Şəxs xx xxxxx 1957-ci il təvəllüdlü olmaqla 65 yaşını keçməsini nəzərə alaraq onun barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi mümkünsüzdür. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Bununla da məhkəmə iclasında tədqiq edilmiş, yuxarıda göstərilən sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2 və 332.4-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Belə olan halda Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs İXM-nin 32.1.1-ci maddəsinə əsasən yaşı, İXM-nin 32.2-ci maddəsinə əsasən əvvəllər eyni maddə ilə inzibati məsuliyyətə cəlb olunmaması məhkəmə tərəfindən məsuliyyətini yüngülləşdirən hallar hesab edilir. İş üzrə məhkəmə tərəfindən Şəxs İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə işin hallarını, Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 34, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxxx 1957-ci ildə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: 0VEKF5A, evli, məhkumluğu və əlilliyi olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara görə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında iş üzrə qərarın surəti Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-1515/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1515/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver