Məhkəmə qərarları › İş №3(010)-1526/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1526/2023

12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1526/2023 12.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş 30 yanvar 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və iş üzrə toplanmış sənədlərdən görünür ki, 02 noyabr 2022-ci il tarixdə saat 16:00-da Şəxs “UAZ 396202 016” təcili yardım markalı 90AG429 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində (bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi) nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış proses iştirakçıları gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, Şəxs hadisə vaxtı «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozması, müvafiq yol-nəqliyyat qəzasının da məhz bu pozuntu nəticəsində baş verməsi halları şübhə doğurmur. Bununla yanaşı, 16 noyabr 2022-ci il tarixli 1320 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «X2 bədən səthində (tibbi sənədə əsasən) aşağıdakı xəsarətlər aşkar edildi: alının, üzün, sol baldırın yumşaq toxumalarının əzilməsi. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə YNH şəraitində sərnişini olduğu avtomaşınla digər avtomaşınların toqquşması nəticəsində əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir». Bundan başqa, 22 noyabr 2022-ci il tarixli 48 t/s nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «X4 bədən səthində aşağıdakı xəsarətlər aşkar edildi: baş beynin silkələnməsi ilə müşayiət olunan başın alın nahiyəsinin dərialtı’ hematoması. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə YNH şəraitində əmələ gələ bilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir». Bundan başqa, 28 noyabr 2022-ci il tarixli 1275 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «X3 bədən səthində aşağıdakı xəsarətlər aşkar edildi: oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sağ mil-bilək oynağı nahiyəsinin yumşaq toxumasının hematoması və sıyrığı, sol gözaltı nahiyənin və burunun qançırları, sol əlin İİ, İİİ barmaqlarının və ovuc səthinin sıyrıqları. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə YNH şəraitində sürücüsü olduğu avtomaşınla digər avtomaşınların toqquşması nəticəsində əmələ gələ bilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir». Bundan başqa, 21 dekabr 2022-ci il tarixli 1423 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «X1 bədən səthində aşağıdakı xəsarətlər aşkar edildi: L3-İİİ bel fəqərəsinin yan çıxıntısının yerdəyişmiş sınığı və sağ baldırın sıyrığı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə YNH şəraitində sürücüsü olduğu avtomaşınla digər avtomaşınların toqquşması nəticəsində əmələ gələ bilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir». Beləliklə, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmiş sayılmalı, o, həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar