Məhkəmə qərarları › İş №3(010)-1528/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1528/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1528/2023 14.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Şəxs iştirakı ilə, 07 avqust 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, turizm şirkətində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş 08 dekabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və iş üzrə toplanmış sənədlərdən görünür ki, 15 oktyabr 2022-ci il tarixdə təxminən saat 15:30 radələrində Şəxs “Mersedes Benz” minik markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələrində (bu Məcəllənin yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə; 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi) nəzərdə tutulan inzibati xətaları törətmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı rayon Polis İdarəsinin nümayəndəsi gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Suraxanı rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli hesab edərək bildirmişdir ki, 5 ilə yaxın olar ki, “Mersedes Benz” minik markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilini sürücülük vəsiqəsinin “B” kateqoriyası üzrə idarə edir. xx.xx.2022-ci il tarixdə təxminən 15:30 radələrində idarə etdiyi sözügedən minik avtomobiliylə sərnişin qismində olan həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə Suraxanı rayonu, Zığ qəsəbəsi, Vərəm Dispanseri yolunda, üzü Qaraçuxur istiqamətində saatda təxminən 50-60 km sürətlə hərəkətdə olarkən 3 yol ayrıcına çatmağa bir neçə metr qalmış anidən Kamaz markalı ** BS *** dövlət qeydiyyat nişanlı yük avtomobili hərəkətdə olduqları yola daxil olaraq sola dönmə əməliyyatı apardığından Şəxs siqnal versə də, sürücü hərəkətinə davam etmişdir. O isə isə təhlükənin qarşısını almaqdan ötrü avtomobilini əks zolağa isiqamətləndirsə də, həmin zolaqda hərəkətdə olan Hyundai markalı ** ZU *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sol hissəsi ilə idarə etdiyi avtomobilin ön hissəsi çırpılmışdır. Hadisə vaxtı xəsarət almamışdır. Həyat yoldaşı yüngül xəsarət aldığından hadisə yerinə gələn təcili yardım həkimlərinin köməyindən və X1 həkimlərinin köməyindən istifadə etmişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman o, spirtli içki təsiri altında olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona daha yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, Şəxs hadisə vaxtı «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozması, müvafiq yol-nəqliyyat qəzasının da məhz bu pozuntu nəticəsində baş verməsi halları şübhə doğurmur. Bununla yanaşı, 19 oktyabr 2022-ci il tarixli 1225 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol qaş qövsü nahiyəsinin əzilmiş yarası və sol göz yuvası ətrafı nahiyəsinin qançır və sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda və tibbi sənəddə göstərilmiş xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomaşınla digər avtomaşının toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir». Beləliklə, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmiş sayılmalı, o, həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilib əməlindən səmim peşmançılıq çəkməsi iş üzrə yüngülləşdirici hal kimi hesab edilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. İXM-nin 43.1-ci maddəsinə əsasən «Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar». Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsi həmin Məcəllənin 327.1-ci maddəsini məhkəmələrin səlahiyyətlərinə aid etməyib. «“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından “Məcəllənin 211, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə), 342.1.1 – 342.1.8, 342.1.11, 342.2, 342.5 – 342.7, 344, 356.1, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla), habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10cu, 346-cı və 346-1.2 – 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – dövlət yol polisinin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin, dövlət yol polisi idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları» tərəfindən baxılır. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə «Eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər». Həmin qərarın nəticəvi hissəsinin 1-ci bəndinə əsasən «Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir». Yuxarıda istinad edilənlərdən görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya dair işlərə baxılması məhkəmələrin deyil, Daxili İşlər Nazirliyinin aidiyyəti struktur qurumlarının və vəzifəli şəxslərinin səlahiyyətinə aiddir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair material Azərbaycan Respublikası DİN Suraxanı rayon Polisi İdarəsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair material baxılıb, səlahiyyəti çərçivəsində qərar verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polisi İdarəsinə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar