Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1535/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Bakı şəhər 9 saylı vəkil bürosunun vəkili X10, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X6 və icra sənədi üzrə tələbkar X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 28 mart 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin böyük icra məmuru X11 tərəfindən Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2(010)-860/2022 saylı icra vərəqəsi üzrə yaranmış borcu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, o, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Belə ki, hər ay mütəmadi ödənişlər edir. Hazırda maddi imkanı ilə əlaqədar olaraq icra sənədini tam icra edə bilməmişdir. Aprel ayının ortalarında işə başlamalıdır, ondan sonra isə hər ay mütəmadi olaraq 300 manat məbləğində ödəniş edəcəkdir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X14, Şəxs izahatını müdafiə edərək, sonuncunun mütəmadi ödənişlər etdiyini, onun əməlində inzibati xəta tərkibinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X11 məhkəmədə bildirdi ki, icra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, bu barədə qərar və tələbin icrasına dair bildiriş borcluya şəxsən təqdim edilmişdir. İcra sənədi üzrə aliment borcunun ödənilməsinin məcburi qaydada təmin edilməsi istiqamətində Şəxs məxsus əmlaka yönəldilməsi məqsədi ilə müvafiq əmlak sorğuları verilmiş və tədbirlər görülmüş, lakin onun adında tələbin yönəldilə biləcəyi dövlət qeydiyyatından keçən daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Borclunun izahatları alınarkən ondan borcun ödənilməsinin tələb edilməsinə baxmayaraq tələb hazıradək tam təmin olunmamışdır. Borclu hər ay mütəmadi olaraq az miqdarda tələbkarın bank kartına pul göndərsə də, lakin bu icra sənədinin icrasına yetərli olmamış və nəticədə borclunun aliment borcu yaranmışdır. Tələbkar isə borcun tam bağlanmasını tələb edir. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Borclu yalnız barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmədə baxıldığı zaman tələbkara 300 manat ödəniş etmişdir. İcra sənədi üzrə tələbkar X3 məhkəmədə bildirdi ki, hər ay mütəmadi ödənişlər edir, lakin xərclər çox olduğundan həmin ödənişlər kifayət etmir. Borclu məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarından az ödəniş etdiyi üçün Şəxs aliment borcu yığılmışdır. O, borclunun tutulmasının tərəfdarı deyil, sadəcə olaraq alimentin mütəmadi olaraq vaxtında və tam ödənilməsini istəyir. Şəxs bundan sonra hər ay 300 manat ödəniş edəcəyinə dair öhdəlik götürürsə, borcludan şikayətçi deyil. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2(010)-860/2022 saylı icra sənədindən görünür ki, Şəxs 03 iyun 2022-ci il tarixdən hesablanmaqla 25 avqust 2013-cü il təvəllüdlü X4, 23 iyul 2015-ci il təvəllüdlü X7 və 04 fevral 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla cəmi 420 manat məbləğində aliment tutularaq cavabdeh X2 ödənilməsi qət edilmişdir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 08 iyun 2022-ci il tarixli qərardan və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2(010)-860/2022 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmiş, qərarın surəti Şəxs şəxsən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 08 iyun 2022-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2(010)-860/2022 nömrəli qətnaməsinə dair icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü olaraq icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2(010)-860/2022 nömrəli qətnaməsinə dair icra sənədi üzrə mütəmadi olaraq ödənişlər etmiş, lakin bu icra sənədinin icrasına yetərli olmamış və nəticədə Şəxs aliment borcu yaranmışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2(010)-860/2022 saylı qətnaməsinə dair icra sənədi üzrə mütəmadi olaraq ödənişlər etdiyini nəzərə alaraq hesab edir ki, Şəxs icra sənədinin icrası üçün real hərəkətlər etdiyi halda, hazırda maddi imkansızlıq ucbatından icra sənədini tam olaraq icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2(010)-860/2022 saylı qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1535/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1535/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver