Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-155/2024 12.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlu, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: 08 yanvar 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarını araşdıraraq hesab edirəm ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin maddənin qeydinə əsasən İXM-nin 398, 401.1, 401.2, 402, 406-409, 411- 413, 415, 428.1 və 438-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın zəruri tərkib əlaməti kimi qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində ziyanın vurulması və ya gəlirin əldə edilməsi nəzərdə tutulmuşdur. Bu zaman vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı əməlin inzibati və ya cinayət məsuliyyətinə səbəb olmasının müəyyən edilməsi üçün zəruri şərtdir. Digər tərəfdən maddənin sanksiyasında tətbiq ediləcək cərimə də vurulmuş ziyanın (əldə edilmiş gəlirin) misli ilə müəyyən edilmişdir. Belə olan halda vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı müəyyən edilmədən ümumiyyətlə inzibati xəta haqqında işə baxılması mümkün deyildir. Hazırkı protokol və ona əlavə edilmiş sənədlərdə barəsində icraat aparılan şəxsin qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində gəlir əldə edib-etməməsi, əldə etdiyi həmin gəlirin miqdarı, qanunsuz sahibkarlıq fəaliyyətinin hansı dövrü əhatə etməsi kimi iş üçün zəruri olan məlumatlar öz əksini tapmamışdır. Beləliklə hazırki işdə dəymiş ziyanın (əldə edilmiş gəlirin) məbləği ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Belə olan halda vurulmuş ziyanın miqdarı müəyyən edilmədən ümumiyyətlə inzibati xəta haqqında işə baxılması mümkün deyildir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Prokurorluğunun müstəntiqinin təqrirində Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 192.1 və 398-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlmətlərinin mövcud olduğu qeyd olunsa da, lakin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yalnız 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair 30 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar düzgün tərtib olunmamış, həmçinin, material natamam formada toplanaraq məhkəməyə verilmişdir. Bu səbəbdən də həmin çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin İXM-nin 99-cu maddəsinin məzmununa görə inzibati xəta haqqında protokol tərtib edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün müvafiq səbəb və əsas olmalıdır. Həmin Məcəlləyə görə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb kimi inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi, dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması, fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxid kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar ola bilər. Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin İXM-nin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. 102.3. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardadda aşağıdakılar göstərilir: 102.3.1. qərardadın tərtib edildiyi yer və tarix; 102.3.2. qərardadı tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 102.3.3. inzibati xəta haqqında iş üzrə icraatı başlamaq üçün səbəblər və əsaslar; 102.3.4. inzibati xətaya görə inzibati məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu ii tarixil Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Buna görə də hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair 30 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar düzgün tərtib olunmadığından və ona əlavə edilmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109, 110, 114 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 30 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və toplanmış material Bakı şəhəri Suraxanı rayon Prokurorluğuna geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-155/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-155/2024
12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver