Məhkəmə qərarları › İş №3(010)-1556/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1556/2020

04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1556/2020 04.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Tələbkar “xxxxxxxxx” şirkətinin nümayəndəsi X2 iştirakı ilə xx xxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2018-ci ildə verilmiş xx xxxx 2018-ci il tarixli 2(010)-4422/2018 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 5617,83 manat əsas borc, 500 manat cərimə və 30 manat dövlət rüsumunun əvəzi, cəmi 6147,83 manat alınaraq tələbkar “xxxxxxxxx” Şirkətinə verilməlidir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi xx xxxxxx 2018-ci ildə Suraxanı rayon İcra və probasiya şöbəsinə daxil olmuş, icraata başlamaq haqqında qərar verilərək borclunun ünvanına onun surəti və müvafiq bildiriş göndərilmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılası məqsədilə müxtəlif orqanlara sorğular göndərilmiş, lakin borclunun adına hər hansı əmlak aşkar edilməmişdir. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 8(010)-1891/2018 saylı qərardadı ilə Şəxs məcburi qaydada şöbəyə gətirilməsi qərara alınmışdır. xx xxxxxx 2019-cu ildə və xx xxxxxx 2020-ci ildə borclu İcra və probasiya şöbəsinə gələrək izahat vermiş, izahatında icra sənədində göstərilən borc məbləğini maddi imkanının yaxşı olmaması səbəbindən ödəmədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bu gün üçün ümumi borcu 4.608,19 manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq borc məbləğini ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. Tələbkar “xxxxxxxxx” şirkətinin nümayəndəsi X3 da işin məhkəmə baxışı zamanı icra məmurunun bildirdiklərinə uyğun məzmunlu ifadə vermiş, həmçinin bildirmişdir ki, borclu tərəfindən ona bu günədək cəmi 1.539,64 manat məbləğində pul ödənilib. Qalan borc isə ödənilməyib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş tənbeh tətbiq olunmasını xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləğini üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasənŞəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar