Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-156/2025 16.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun dövlət hesabına təyin olunmuş müdafiəçisi Vəkil, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 15 yanvar 2025-ci il tarixdə Suraxanı rayonu, O.Şabanov küçəsində ərazidə xidmət aparan polis əməkdaşlarına müqavimət göstərərək tabesizlik göstərmiş və onları nalayiq söyüşlərlə təhqir etmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi, polis mayoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında 15 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün həmin tarixdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi, polis mayoru X6 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 00:10 radəsində PŞ-də əməliyyat qrupunda xidmətdə olarkən Suraxanı RPİ-nin PPXB-nin 56-55 çağırışlı avtopatrulunun polis nəfərləri inzibati ərazidə xidmətdə olan zaman bir nəfər şəxs polisin qanuni tələbinə məhəl qoymadığı, həmçinin polis əməkdaşlarına qarşı kobud rəftar etdiyi üçün PŞ-nə gətirilmişdir. Həmin şəxs Şəxs PŞ-nə daxil olarkən heç bir səbəb olmadan polisin ünvanına nalayiq ifadələr işlədərək, hüquq pozmalarına son qoymamış, NH-nin iş rejimini təxminən 50 dəqiqəyə yaxın pozmuşdur. Həmin vaxt Şəxs özünü NH-nin divarına vuraraq özünə xəsarət yetirməyə çalşmış, bu səbəblə polis əməkdaşları fiziki güc tətbiq edərək Şəxs sakitləşdirməyə çalışmışdır. Bundan əlavə vətəndaş Şəxs Azərbaycan Respublikasının qanun çərçivəsində müraciət etmək hüququnun olması, ictimai asayişi pozmaması, polisin qanuni tələblərinə tabe olması, PŞ-nin daxili intizam qaydalarına riayət etməsi izah edilsə də Şəxs polisin qanuni tələblərinə tabe olmayaraq polis əməkdaşlarının barəsində nalayiq ifadələr işlətməyə, həmçinin polis əməkdaşlarının həyat və sağlamlığına real hədə-qorxu gələrək hüquqpozmalarına davam etmişdir. Buna görə də 15 yanvar 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Suraxanı rayonu, O.Şabanov küçəsində qardaşına məxsus olan yağdəyişmə obyektində yük avtomobilindən işçilərlə birlikdə obyektə mal boşaldılan zaman işçi gəlib demişdir ki, post-patrul xidmətinin avtomobili çöldə dayanmışdır. Çölə çıxaraq formada olan post patrul xidmətinin işçisini görmüş və gecə radələri olduğundan ona pul vermək istəmiş, lakin polis əməkdaşı pulu qəbul etməyərək onunla aqressiv danışmağa başlamışdır. Ona polis əməkdaşı çölə çıx demiş, o da polis əməkdaşına vətəndaşla bu cür danışmağa ixtiyarının olmadığını bildirmişdir. Sonradan post patrul xidməti avtomobilində olan ikinci polis əməkdaşı ona yaxınlaşaraq onunla kobud rəftar etməyə davam etmiş, ondan onlarla birlikdə şöbəyə getməsi tələb olunmuş, lakin o bundan imtina etmiş, polis əməkdaşları onu bölməyə aparmaq adı ilə hədə-qorxu gəlmişlər. O, da polis əməkdaşlarına bacarmarsız demişdir. Polis əməkdaşları onu tutub dartaraq çölə çıxardıb xidməti avtomobilə mindirmişlər. Avtomobildə şöbəyə gedən zaman polis əməkdaşları onu söymüş, o, da özünü saxlaya bilməmiş və polis əməkdaşlarını söymüşdür. Avtomobildə DİN-nin 102 xidmətinə zəng edərək polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı öz şikayətini bildirmişdir. Şöbəyə çatan zaman yenə də polis əməkdaşları ilə bir-birlərini söymüşlər. Şöbədə polis əməkdaşlarından biri ona şillə atmış, digəri isə onu boğmuşdur. Sonra onu yerə uzadaraq əllərinə qandal vurmuşlar. Hazırda polis əməkdaşlarından şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Suraxanı RPİ-nin PPXBnün polis nəfəri Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 və Etibar Qəribov ilə axşam növbəsində olan zaman gecə saat 00:05 radələrində Suraxanı rayonu, O.Şabanov küçəsində xidməti avtomobil ilə hərəkətdə olan zaman Hövsan qəsəbəsində olan yağlama məntəqəsinin arxa hissəsində yerləşən anbara yaxın “Atego” markalı yük maşınının dayandığını görmüşlər, həmin ərazidə oğurluq hadisələri çox olduğundan yük maşınına yaxınlaşaraq görmüşlər ki, yük avtomobilindən anbara bir neçə nəfər yük boşaldır. Bu zaman xidməti avtomobilin sayrışan işıqlarını yandırmışlar və bir nəfər çölə çıxaraq baxmış, onlar xidməti avtomobilin sayrışan işıqlarını söndürmüşlər və həmin şəxs içəri geri qayıtmışdır. Sonra Şəxs onlara yaxınlaşaraq nə lazımdır nə istəyirsiz, siz kimsiz, q...t (nalayiq söyüş) eləmisiz gəlmisiz, işinizi düzgün aparmırsız deyərək onlarla aqressiv danışmağa başlamışdır. Onlar vətəndaşa polis əməkdaşları olduqlarını və ərazidə xidmət apardıqlarını bildirmişlər. Həmin şəxs onlara nalayiq ifadələr işlətmiş və təhqir etmişdir. Onlar vətəndaşı nizam-intizama dəvət etsə də həmin vətəndaş hərəkətlərini davam etdirmiş və onlara çıxıb getməklərini tələb etmişdir. Onlar həmin şəxsi etdiyi hərəkətlərə görə Suraxanı RPİ-nin 30-cu PŞ-nə getməyi tələb etsələr də həmin şəxs şöbəyə getməkdən imtina etmiş və onlara əl-qol atmış, itələyərək onun qol nahiyyəsinə xəsarət yetirmişdir. Onlar həmin şəxsi xidməti avtomobilə məcburi mindirərək şöbəyə gətirən zaman da avtomobildə onların ünvanına nalayiq ifadələr işlətmişdir. Şöbədə olan zaman həmin şəxs yenidən zor tətbiq etməklə şöbədə olan digər polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin şəxsin etdiyi hərəkətlərinin qarşısını almaq məqsədi ilə əlini qandal ilə bağlayaraq növbətçi hissəyə təhvil vermişlər. Çünki Şəxs növbəti hissədə iş fəaliyyətini pozmuşdur. Hazırda şikayətçidir, şəxsin barəsində ciddi inzibati tənbehin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində iştirak edən Suraxanı RPİ-nin PPXB-nün polis nəfəri Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs1 və Etibar Qəribov ilə axşam növbəsində olan zaman gecə saat 00:05 radələrində Suraxanı rayonu, O.Şabanov küçəsində xidməti avtomobil ilə hərəkətdə olan zaman Hövsan qəsəbəsində olan yağlama məntəqəsinin arxa hissəsində yerləşən anbara yaxın “Atego” markalı yük maşınının dayandığını görmüşlər, həmin ərazidə oğurluq hadisələri çox olduğundan yoxlama məqsədli yük maşınına yaxınlaşarkən görmüşlər ki, yük avtomobilindən anbara yük boşaldılır. Bu zaman xidməti avtomobilin sayrışan işıqlarını yandırmışlar və bir nəfər çölə çıxaraq baxmış, onlar xidməti avtomobilin sayrışan işıqlarını söndürmüşlər və həmin şəxs içəri geri girmişdir. Birinci növbədə Zərərçəkmiş şəxs1 obyektə yaxınlaşmış ki,bir nəfər çölə çıxsın vəziyyəti ona izah etsin. Daha sonra sonradan adının Şəxs olduğunu bildikləri şəxs onlara yaxınlaşaraq nə lazımdır nə istəyirsiz, siz kimsiz, q....t (nalayiq söyüş) eləmisiz gəlmisiz, işinizi düzgün aparmırsız deyərək onlarla aqressiv danışmağa başlamışdır. Əvvəlcə Kamal daha sonra o, özü Elşad adlı vətəndaşa polis əməkdaşları olduqlarını, xidməti geyim formasında olduqlarını və ərazidə xidmət apardıqlarını bildirmişlər. Həmin şəxs onlara nalayiq ifadələr işlətmiş və təhqir etmişdir. Onlar vətəndaşı nizam-intizama dəvət etsələr də həmin vətəndaş hərəkətlərini davam etdirmiş və onlara çıxıb getməklərini tələb etmişdir. Onlar həmin şəxsə etdiyi hərəkətlərə görə onlarla birlikdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə getməyi tələb etsələr də həmin şəxs şöbəyə getməkdən imtina etmiş və onlara əl-qol atmış, itələyərək onun paqonunu cırmışdır. Həmin münaqişə zamanl Elşadın hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs1 də qolundan xəsarət almışdır. Onlar həmin şəxsi xidməti avtomobilə mindirərək şöbəyə gətirən zaman da Elşad avtomobildə onların ünvanına nalayiq ifadələr işlətmişdir. Şöbədə olan zaman həmin şəxs yenidən zor tətbiq etməklə onların əlində çıxmağa cəhd etmiş və şöbədə digər polis əməkdaşlarının da ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin şəxsin etdiyi hərəkətlərinin qarşısını almaq məqsədi ilə əlini qandal ilə bağlayaraq növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində iştirak edən Suraxanı RPİ-nin PPXB-nün polis nəfəri X7 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə axşam növbəsində olan zaman gecə saat 00:05 radələrində Suraxanı rayonu, O.Şabanov küçəsində xidməti avtomobil ilə hərəkətdə olan zaman Hövsan qəsəbəsində olan yağlama məntəqəsinin arxa hissəsində yerləşən anbara yaxın “Atego” markalı yük maşınının dayandığını görmüşlər, həmin ərazidə oğurluq hadisələri çox olduğundan yük maşınına yaxınlaşaraq görmüşlər ki, yük avtomobilindən anbara yük boşaldılır. Bu zaman xidməti avtomobilin sayrışan işıqlarını yandırmışlar və bir nəfər çölə çıxaraq baxmış, onlar xidməti avtomobilin sayrışan işıqlarını söndürmüşlər və həmin şəxs içəri geri girmişdir. Sonra Şəxs onlara yaxınlaşaraq nə lazımdır nə istəyirsiz, siz kimsiz, q...t (söyüş) eləmisiz, işinizi düzgün aparmırsız deyərək onlarla aqressiv danışmağa başlamışdır. Onlar vətəndaşa polis əməkdaşları olduqlarını və ərazidə xidmət apardıqlarını bildirmişlər. Həmin şəxs onlara nalayiq ifadələr işlətmiş və təhqir etmişdir. Onlar vətəndaşı nizamintizama dəvət etsə də həmin vətəndaş hərəkətlərini davam etdirmiş və onlara çıxıb getməklərini tələb etmişdir. Onlar həmin şəxsi etdiyi hərəkətlərə görə Suraxanı RPİ-nin 30cu PŞ-nə getməyi tələb etsələr də həmin şəxs şöbəyə getməkdən imtina etmiş və onlara əl-qol ataraq Zərərçəkmiş şəxs1 qoluna xəsarət yetirmiş, Zərərçəkmiş şəxs2 paqonunu cırmış, özü isə hadisə zamanı heç bir xəsarət almamışdır. Onlar həmin şəxsi xidməti avtomobilə mindirərək şöbəyə gətirən zaman da avtomobildə onların ünvanına nalayiq ifadələr işlətmişdir. Şöbədə olan zaman həmin şəxs yenidən zor tətbiq etməklə nalayiq ifadələr işlətmişdir. Həmin şəxsin etdiyi hərəkətlərin qarşısını almaq məqsədi ilə əlini qandal ilə bağlayaraq növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan Suraxanı RPİ-nin polis əməkdaşları X5, X1 və X2 izahatları ilə protokolda göstərilənlər bir daha təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 510 və 535.1-ci maddələri ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportlardan görünür ki, həmin tarixdə Suraxanı RPİ-nin əməkdaşları xidmətdə olan zaman gecə saat 00:05 radələrində Suraxanı rayonu, O.Şabanov küçəsində xidməti avtomobil ilə hərəkətdə olan zaman Hövsan qəsəbəsində olan yağlama məntəqəsinin arxa hissəsində yerləşən anbara yaxın “Atego” markalı yük maşınının dayandığını görmüşlər, həmin ərazidə oğurluq hadisələri çox olduğundan yük maşınına yaxınlaşmışlar və görmüşlər ki, yük avtomobilindən anbara yük boşaldılır. Bununla maraqlanmaq istəyən zaman bir nəfər şəxs onlara yaxınlaşaraq nə lazımdır, nə istəyirsiz və siz kimsiz deyərək onlarla aqressiv danışmağa başlamışdır. Həmin obyektin ona məxsus olmasını və onların həmin obyektə girməyə ixtiyarlarının olmadığını bildirmişdir. Onlar vətəndaşa polis əməkdaşları olduqlarını və ərazidə xidmət apardıqlarını bildirmişlər. Həmin şəxs onlara rədd olun gedin deyərək nalayiq ifadələr işlətmiş və onları təhqir etmişdir. Onlar vətəndaşı nizam-intizama dəvət etsələr də həmin vətəndaş qanunazidd hərəkətlərini davam etdirmiş və onlara çıxıb getməklərini tələb etmişdir. Onlar həmin şəxsi etdiyi hərəkətlərə görə Suraxanı RPİ-nin 30-cu PŞ-nə getməyi tələb etsələr də həmin şəxs şöbəyə getməkdən imtina etmiş və onlara əl-qol ataraq polis əməkdaşının birinin qoluna xəsarət yetirmiş, digərinin isə paqonlarını cırıb yerə atmışdır. Onlar həmin şəxsi xidməti avtomobil ilə şöbəyə gətirmişlər. Şöbəyə gələn zaman xidməti avtomobildə həmin şəxs hərəkətlərini davam etdirmişdir. Şöbədə olan zaman həmin şəxs yenidən zor tətbiq etməklə polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. Həmin şəxsin etdiyi hərəkətlərinin qarşısını almaq məqsədi ilə əlini qandal ilə bağlayaraq növbətçi hissəyə təhvil vermişlər. Şöbədə həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. İş materiallarında olan hadisənin videoyazısı olan DVD diskə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Şəxs həqiqətən də polis əməkdaşlarına nalayiq ifadələr işlədərək müqavimət göstərmiş və onların qanuni tələblərinə tabe olmamış, 30-cu polis şöbəsində iş fəaliyyətini pozmuşdur. İş materiallarında olan 15 yanvar 2025-ci il tarixli AKT-dan görünür ki, Şəxs 30-cu polis şöbəsinə gətirilmiş və bədən səthində heç bir xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan 15 yanvar 2025-ci il tarixli digər AKT-dan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman 9900 manat pul vəsaiti aşkar olunaraq qardaşı X3 təqdim olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını ətraflı tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, DVD diskə baxış keçirərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. İş üzrə Şəxs İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Polis haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İ. Polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. İİ. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. İİİ. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Qanunun 8-ci maddəsinə əsasən Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur. Həmin Qanunun 26-cı maddəsinə əsasən polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı yalnız aşağıdakı hallarda fiziki qüvvə tətbiq edə bilər: 1) hazırlanan və ya törədilən cinayətin qarşısı alındıqda; 2) inzibati xətanı və ya cinayət törədən şəxs tutulduqda; 3) hər hansı hüquqpozmanın törədilməsində güc işlədildikdə. Post-patrul xidməti ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizə işinin təmin edilməsinin əsas vasitəsidir. Post-patrul xidməti yaşayış məntəqələrində, yollarda, nəqliyyatda təşkil olunur və xüsusi təyin edilmiş naryadlar vasitəsilə həyata keçirilir. İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan heç biri Şəxs aid edilmir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir, belə ki o, xidməti vəzifələrini icra edən zaman polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, polisin birinə xəsarət digərinin isə xidməti geyim formasını zədələmiş, hüquqazidd hərəkətlərini 30-cu polis şöbəsinin inzibati binasında da davam etdirmiş və qeyd olunanlara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 15 yanvar 2025-ci il tarixdən, saat 00:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halın olmaması və ağırlaşdıran halın olması nəzərə alınmaqla onun barəsində inzibati həbs tənbeh növünün təbiq edilməsi daha ədalətli olar və inzibati xətalar qanunvericiliyinin prinsip və normalarına uyğun olar. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu - 15 yanvar 2025-ci il tarixdən, saat 00:15-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 34, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu - 15 yanvar 2025-ci il tarixdən, saat 00:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Müdafiəçi Vəkil inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 02 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 12 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+CODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-156/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-156/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver