Məhkəmə qərarları › İş №3(010)-1573/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1573/2021

16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1573/2021 16.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X3 X1nın iştirakı ilə xx xxxxxxx 1992-ci ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X3 tərtib etdiyi 16 noyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şirvan Şəhər Məhkəməsi tərəfindən 12 iyul 2021-ci ildə verilmiş 24 may 2021-ci il tarixli 2(032)- 243/2021 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs maddi zərərin əvəzi olaraq 13160 manat məbləğində pul alınaraq X1na verilməlidir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi şöbənin icraatına 12.08.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlanaraq həmin qərar tələbin könüllü icrası barədə bildirişlə birlikdə iş üzrə borcluya 08.09.2021-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Borcluya həmin bildirişdə icra sənədinin könüllü icrası üçün 10 gün müddət verilməsinə baxmayaraq o, məhkəmə qərarının icrasını təmin etməmiş və bu barədə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan sonra borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlirin olub-olmamasını müəyyən etmək üçün “elektron icra sistemi” vasitəsi ilə sorğu edilmiş, lakin tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilməmişdir. Daha sonra borclu ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış və şöbəyə gəlməsi ona bildirilmişdir. Lakin o, gəlməkdən boyun qaçırmışdır. Bundan sonra borcluya məxsus mobil nömrəyə “elektron icra sistemi“ vasitəsi SMS bildirişi göndərilmiş və həmin bildirişdə icra şöbəsinə gəlməyəcəyi təqdirdə barəsində axtarış qərarı qəbul ediləcəyi bildirilmişdir. Buna baxmayaraq iş üzrə borclu şöbəyə gəlməmişdir. Bu səbəbdən borclu barəsində 22.09.2021-ci il tarixdə axtarış qərarı qəbul edilmiş və icra olunması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilmiş və borclu X2 16.11.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən şöbəyə təhvil verilmişdir. Borcludan icra sənədinin icrası ilə bağlı müvafiq izahat alınmış və icra sənədinin icrasını təmin etməsi tələb edilmişdir. Lakin o, yenə də icra sənədinin icrasını üzrsüz səbəbdən təmin etməmişdir. Göründüyü kimi borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədində göstərilən borcu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini icra etmədiyini maddi imkansızlığı ilə izah etmişdir. X1 işin məhkəmə baxışı zamanı icra məmurunun bildirdiklərinə uyğun məzmunlu ifadə vermiş, həmçinin bildirmişdir ki, borclu tərəfindən ona bu günədək heç bir ödəniş olunmayıb. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş tənbeh tətbiq olunmasını xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləğlərini üzrsüz səbəbdən ödəməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən nəzərə alır ki, borclu ötən dövrdə tələbkarın xeyrinə heç bir, hətta kiçik məbləğdə belə ödəniş etməyib. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, borclunun qadın olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar