Məhkəmə qərarları › İş №3(010)-1577/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1577/2020

20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1577/2020 20.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair X1 materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə, «İSUZU NPR66L» yük markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Yol Polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman məlum olmuşdur ki, sürücü avtomobili sərxoş vəziyyətdə və fərdi tibbi maskadan istifadə etməyərək idarə edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədərək, barəsində İXP ******* saylı, xx.xx.2020-ci il tarixli X1 protokol tərtib olunmuşdur. İnzibati protokol tərtib etmiş orqana rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamış, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında barəsində X1 protokol tərtib edilmiş Şəxs ittiham olunan inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, o, xx xxxxxxx 2020-ci il tarixdə, səhər saatlarında yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Avtomobildə olarkən telefonla danışdığı və avtomobildə olan digər sərnişin olduğu üçün istifadə etdiyi fərdi tibbi maskasını çənəsinə yerləşdirmişdir. Həmçinin, yol polisi əməkdaşları tərəfindən sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə xüsusi texniki vasitədən istifadə edilərkən, onun spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Halbuki o, xx xxxxxxx 2020-ci il tarixində, axşam saatlarında öskürək əleyhinə spirt tərkibli sirop içmiş və bunun təsirindən alkotesterin göstəricisi yüksək olmuşdur. Daha sonra idarə etdiyi «İSUZU NPR66L» yük markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili cərimə meydançasında təhvil vermiş, yol polisi əməkdaşları tərəfindən saxlanılmasından təxminən 2 saat sonra o, özü həkimə gedərək, ayıq olması barədə müvafiq tibbi müayinə protokolu əldə etmişdir. İş materiallarında olan İXP saylı ******* nömrəli, xx.xx.2020-ci il tarixli X1 protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə «İSUZU NPR66L» yük markalı, **- RP-*** dövlət qeydiyyat nişanlı avtomobili karantin rejimi qaydalarına riayət etmədən və sərxoş vəziyyətdə idarə etmişdir. X1 materiala əlavə edilmiş alkotestr müayinəsi çıxarışından görünür ki, xx.xx.2020ci ildə Şəxs 0.337 promilli alkoqolun konsentrasiyası müəyyən edilmişdir. X1 materiala əlavə edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx.xx.2020-ci il tarixdə, saat 08:20-də tərtib olunmuş protokoldan görünür ki, Şəxs alkotesterin göstəricisi ilə razıdır, əlavə müayinəyə ehtiyac yoxdur. Barəsində inzibati protokol tərtib edilmiş Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx.xx.2020-ci il tarixdə, saat 10:02-də tərtib olunmuş protokoldan görünür ki, müayinənin nəticəsi olaraq Şəxs ayıq olması müəyyən edilmişdir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli qərarının 2.4-cü bəndinə əsasən, “Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Maddənin Qeydinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə-fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.2-ci və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi faktı tam sübuta yetirilmişdir. Ona görə də Şəxs həmin maddələrlə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə, barəsində inzibati protokol tərtib edilmiş Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx.xx.2020-ci il tarixdə, saat 10:02-də tərtib olunmuş protokolun göstəricələrinə tənqidi yanaşaraq, mövqeyini onunla əsaslandırır ki, xx.xx.2020-ci il tarixdə, saat 08:15-də aparılmış ilkin müayinə zamanı Şəxs sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi müəyyən edilmiş, onun özü də izahatında göstərmişdir ki, alkotesterin göstəricisi ilə razıdır, əlavə müayinəyə ehtiyac yoxdur. Qeyd olunan müayinədən uzun müddət, təxminən iki saat sonra Şəxs öz təşəbbüsü ilə keçirilmiş sonrakı müayinə ilə isə onun artıq sərxoş olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, Şəxs avtomaşını idarə edərkən sərxoş vəziyyətdə olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi isə nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutur. Müəyyən müddət keçməsindən sonra şəxsin artıq sərxoş olmaması faktı onu qeyd olunan maddə ilə məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası 34.3-cü maddəsinə əsasən «Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər». Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətaya nisbətən daha ciddidir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1 və 333.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətaları törətmiş şəxs Şəxs şəxsiyyətini və iş üçün əhəmiyyətli olan digər halları nəzərə alaraq, onun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasınövündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar