Məhkəmə qərarları › İş №3(010)-1586/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1586/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1586/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 28 mart 2023-cü il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1849-cu keçid, ev 1/93 saylı binanın qarşısında ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, 28 mart 2023-cü il tarixdə, təxminən saat 01:00 radələrində, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1849-cu keçid, ev 1/93 saylı binanın qarşısında olduğu zaman polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etdikdən sonra ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməyi istəmiş, o isə polis əməkdaşına şəxsiyyət vəsiqəsini təqdim etməmişdir. Polis əməkdaşı ondan adını soruşduqda, adını deməyərək polis əməkdaşı ilə kobud rəftar etmişdir. Buna görə də polis bölməsinə gətirilmiş və orada izahatı alındıqdan sonra barəsində inzibati protokol tərtib etmişdir. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X2 göstərdi ki, 28 mart 2023-cü il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində xidmət aparan polis əməkdaşı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1849-cu keçid, ev 1/93 saylı binanın qarşısında özünü şübhəli aparan, şəxsiyyəti sonradan müəyyən edilən Şəxs yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini etdikdə sonuncu polis əməkdaşının qanuni tələbinə tələbinə məhəl qoymamış, polis əməkdaşı ilə kobud rəftar etmişdir. Buna baxmayaraq Şəxs Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilmiş, orada Şəxs izahatı alındıqdan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan və sonuncunun Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində verdiyi izahatından da görünür ki, Şəxs təqsirini etiraf etmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxsa cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 28 mart 2023-cü il tarixdə, saat 21:30-da inzibati qaydada tutulmuş, 29 mart 2023-cü il tarixdə, saat 16:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Şəxs 28 mart 2023-cü il, saat 21:30-dan 29 mart 2023-cü il tarixdə, saat 16:00-dək inzibati qaydada tutulduğu müddət 01 günə bərabər tutulmalı və Şəxs təyin edilən həbs növündə inzibati tənbeh müddətinə hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs 28 mart 2023-cü il tarixdən 29 mart 2023-cü il tarixədək inzibati qaydada tutulduğu 01 (bir) gün müddət inzibati həbs müddətinə hesablanaraq Şəxs üzərində 29 (iyirmi doqquz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh saxlanılsın. Şəxs inzibati həbs müddətinin başlanğıcı 29 mart 2023-cü il tarixdən, saat 16:05-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar