Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1594/2021 21.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru Tolga Atıcının iştirakı ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən təqdim olunmuş 15 noyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, "xxxx" MMC Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən "Xəyal Adası" YK-da X7 və digər altı nəfəri cari ilin sentyabr – oktyabr tarixlərində əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirməsinə cəlb edib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X2 işin məhkəmə baxışı zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermiş, o cümlədən bildirmişdir ki, 18 oktyabr 2021-ci ildə X10, X21, X4, X13, X11, X18 və X16 adlı şəxslər ərizə tərtib edərək 01 sentyabr 2021-ci il tarixindən 15 oktyabr 2021-ci il tarixinədək "xxxx" MMC-də usta kimi işlədiklərini, müəssisənin rəhbərləri Emin və Ataman adlı şəxslərdən onlarla əmək müqavilələri bağlamalarını tələb etdiklərinə baxmayaraq, sonuncuların əmək müqaviləsi bağlamaqdan imtina etdiyini, gördükləri işə görə onlara əməkhaqqı ödənilmədiyini bildirmiş, həmçinin əməkhaqqılarının ödənilməsinə köməklik göstərilməsini və işəgötürənin qanunla nəzərdə tutulan qaydada cəzalandırılmasını xahiş etmişlər. Həmin ərizə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə daxil olmuşdur. Bununla əlaqədar şikayətçilərdən beşinin, yəni X17, X3, X5, X12 və X9 19 oktyabr 2021-ci ildə yazılı izahatları alınmış, digər iki nəfər şikayətçi isə gəlmədiklərinə görə onlardan izahatlar alınması mümkün olmamışdır. Həmin beş nəfər 19 oktyabr 2021-ci il tarixli izahatlarında da bildirmişlər ki, 01 sentyabr 2021-ci il tarixindən 15 oktyabr 2021-ci il tarixinədək olan müddətdə "xxxx" MMC tərəfindən işlərin görülməsinə cəlb edilmiş, bu zaman onlarla əmək müqavilələri bağlanmamış, əməkhaqqıları ödənilməmişdir. Lakin sonradan, "xxxx" MMC-nin, o cümlədən MMC-nin rəhbəri Tolga Atıcının təzyiqi ilə yeddi nəfər şikayətçinin hamısı hər biri iki dəfə olmaqla teleqramlar göndərərək "xxxx" MMC barəsində araşdırmanın dayandırılmasını xahiş etmişlər. Məsələ ilə bağlı şikayətçilərin dördündən bir daha yazılı izahatlar alınmış, X10, X11, X18 və X16 11 noyabr 2021-ci il tarixində verdikləri izahatlarda əvvəlki teleqramlarını "xxxx" MMC-nin təzyiqi altında göndərdiklərini bildirmiş, daha əvvəl verdikləri ərizə və 19 oktyabr 2021-ci il tarixli izahatlar əsasında araşdırma aparıb qanunvericiliyə uyğun tədbirlər görməyi xahiş etmişlər. Digər üç nəfər şikayətçidən yenidən yazılı izahat alınması mümkün olmamışdır. İş üzrə toplanmış sənədlərə baxılması vaxtı 15 noyabr 2021-ci il tarixinə saat 11.00-a təyin edilərək bununla bağlı "xxxx" MMC-yə məlumat verilmişdir. Buna baxmayaraq, MMC-nin rəhbəri Tolga Atıcı araşdırmada iştirak etməyib. Bu səbəbdən inzibati xəta haqqında protokol "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan tərtib edilib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X2 işin məhkəmə baxışı zamanı "xxxx" MMC-nin direktoru Tolga Atıcının dəlillərinə münasibət bildirərək həmçinin qeyd etmişdir ki, "xxxx" MMC-nin rəhbəri Türkiyə Respublikasının vətəndaşı Tolga Atıcı olduğuna baxmayaraq, MMC-də onunla bərabər Türkiyə Respublikasının Emin və Ataman adlı digər vətəndaşları fəaliyyət göstərir və onlara da işçiləri işə cəlb etmək səlahiyyəti verilib. Hazırkı iş üzrə şikayətçiləri "xxxx" MMC-nin xeyrinə işlərin görülməsinə Emin və Ataman adlı şəxslər cəlb edib. Şikayətçilərin "xxxx" MMC-nin xeyrinə işlərin görülməsinə cəlb olunması həmçinin onunla təsdiq edilir ki, X6, X17, X3, X5, X12 və X9 adlarına "xxxx" MMC-nin kartları verilmişdir. "xxxx" MMC-nin direktoru Tolga Atıcı şikayətçilərin adlarına həmin kartların "xxxx" MMC tərəfindən verilməsi barədə məlumatının olmadığını hazırda, yəni məhkəmə iclasında bildirdiyinə baxmayaraq, o, X14 Xidmətinin rəsmi sorğusuna 04 noyabr 2021-ci il tarixli məktubu ilə verdiyi cavabda həmin kartların şikayətçilərin adlarına "xxxx" MMC tərəfindən verildiyini faktik etiraf etmişdir. Beləliklə, şikayətçiləri "xxxx" MMC-nin xeyrinə işlərin qeyri-rəsmi olaraq görülməsinə Emin və Ataman adlı şəxslər cəlb etmiş, sonradan şikayətçilər Tolga Atıcı ilə də görüşmüşlər. Hər bir halda şikayətçilər işləri "xxxx" MMC-nin xeyrinə görüblər. Ona görə də hüquqi şəxs "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tərkibi mövcuddur. Nümayəndə göstərilənləri nəzərə alaraq "xxxx" MMC-nin barəsində qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Tolga Atıcı inzibati xəta haqqında protokolda göstərilənlərlə razı olmadığını bildirərək həmçinin qeyd etmişdir ki, "xxxx" MMC-nin maliyyə problemləri, həmçinin məhkəmə mübahisələri var. Bu səbəbdən MMC "Xəyal Adası" YK-da işlərin görülməsi ilə bağlı heç bir müqavilə bağlamamış və həmin ərazidə heç kəsi işlərin görülməsinə cəlb etməmişdir. "xxxx" MMC X10, X21, X4, X13, X11, X18 və X16 adlı yeddi nəfər şəxsi də işlərin görülməsinə cəlb etməyib və onlara heç bir əməkhaqqı ödəməyib. Ərizədə adları göstərilən şəxslərə "xxxx" MMC-nin kartlarının verilməsi ilə bağlı suala cavab olaraq Tolga Atıcı işin məhkəmə baxışı zamanı bildirmişdir ki, şikayətçilərə həmin kartların verilməsindən məlumatı olmayıb. Ola bilər ki, göstərilən kartlar "Xəyal Adası" YK-nın ərazisinin mühafizəsini həyata keçirən qurum tərəfindən verilib. Tolga Atıcı digər suallara cavab olaraq həmçinin bildirmişdir ki, Emin və Ataman adlı şəxslər sadəcə olaraq onun dostlarıdır və "xxxx" MMC-yə işçilərin cəlb olunması səlahiyyətinə malik deyillər. Beləliklə, "xxxx" MMC-nin X10, X21, X4, X13, X11, X18 və X16 adlı işçiləri olmamış və onların "xxxx" MMC ilə heç bir əlaqəsi yoxdur. Göstərilən şəxslərin kim tərəfindən işlərin görülməsinə cəlb edildiyini də bilmir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi mövcuddur. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. 18 oktyabr 2021-ci ildə X10, X21, X4, X13, X11, X18 və X16 adlı şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə ərizə yazaraq bildirmişlər ki, onlar və daha on nəfər 01 sentyabr 2021-ci il tarixindən 15 oktyabr 2021-ci il tarixinədək "xxxx" MMC-də usta kimi işləmiş, müəssisənin rəhbərləri Emin və Ataman adlı şəxslərdən onlarla əmək müqavilələri bağlamalarını tələb etdiklərinə baxmayaraq, sonuncular əmək müqaviləsi bağlamaqdan imtina etmiş, gördükləri iş müqabilində onlara (şikayətçilərə) əməkhaqqı ödənilməmişdir. Ərizədə əməkhaqqılarının ödənilməsinə köməklik göstərilməsi və işəgötürənin qanunla nəzərdə tutulan qaydada cəzalandırılmasını xahiş olunur. Şikayətçilərdən beşinin, yəni X17, X3, X5, X12 və X9 19 oktyabr 2021-ci ildə yazılı izahatları alınıb. Onlar 19 oktyabr 2021-ci il tarixli izahatlarında da bildirmişlər ki, 01 sentyabr 2021-ci il tarixindən Hövsan qəsəbəsində "xxxx" MMC və "Odeion Construction" tərəfindən işlərin görülməsinə cəlb edilmiş, bu zaman onlarla əmək müqavilələri bağlanmamış, həmçinin əməkhaqqıları ödənilməmişdir. X10, X21, X4, X13, X11, X18 və X16 adlı şəxslər 28 oktyabr 2021-ci il və 05 noyabr 2021-ci il tarixli teleqramlarla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə müraciət edərək "xxxx" MMC barəsində olan araşdırmanın dayandırılmasını xahiş etmiş, həmçinin bildirmişlər ki, şikayətlərinin səbəbi onlara "xxxx" MMC tərəfindən 2021-ci ilin aprel ayında iş söz verilməsi sonradan aralarında mübahisə yaranması ilə bağlı olub. 11 noyabr 2021-ci il tarixində X10, X11, X18 və X16 yenidən izahat verərək teleqramlarını "xxxx" MMC-nin təzyiqi altında göndərdiklərini bildirmiş, daha əvvəl verdikləri ərizə və 19 oktyabr 2021-ci il tarixli izahatlar əsasında araşdırma aparıb qanunvericiliyə uyğun tədbirlər görməyi xahiş etmişlər. İş materiallarına şikayətçilər X6, X17, X3, X5, X12, X9 və daha üç şəxsin adına verilmiş, "xxxx" MMC-yə aid kartların surətləri əlavə olunur. "xxxx" MMC-nin direktoru Tolga Atıcı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 19 oktyabr 2021-ci il tarixli **********9 nömrəli məktubuna cavab olaraq 04 noyabr 2021-ci il tarixli məktubla bildirmişdir ki, ərizədə adları çəkilən şəxslər "xxxx" MMC-də işləməyiblər. "xxxx" MMC-nin "xxxx" MMC ilə 2.444 manatlıq bir fəaliyyəti olmuş, bundan sonra "bu sahədə heç bir fəaliyyəti olmamış, həmin iş üçün heç bir fəhləyə, ustaya və digər işçiyə ehtiyac olmadığı üçün işçi işə alınmayıb. Lakin biz böyük iş üçün təklif verdik yuxarıda adı çəkilən Şirkətə Həmin işi alacağımız təqdirdə ərizədə adları çəkilən insanlarla subpodrat müqaviləsi bağlayacaq və işi görəcəkdik. Həmin ərəfədə Odeion Groupun kartları həmin yoldaşlara təqdim edilib. Lakin biz həmin işi ala bilmədik və müqavilə bağlamadıq". "xxxx" MMC-nin direktoru Tolga Atıcı işin məhkəmə baxışı zamanı suallara ziddiyyətli cavablar verərək bildirmişdir ki, şikayətçilərə MMC-yə aid kartların verilməsindən məlumatı olmayıb. Ola bilər ki, bu kartlar "Xəyal Adası" YK-nın ərazisinin mühafizəsini həyata keçirən qurum tərəfindən verilib ki, şikayətçilər əraziyə daxil olub, əraziyə baxa bilsinlər. "xxxx" MMC-nin yuxarıda qeyd edilən məktubunda göstərilənlərin Tolga Atıcının məhkəmədə bildirdiklərinə uyğun olmaması ilə bağlı sualı sonuncu ağlabatan dəlillərlə əsaslandıra bilməmiş, qeyd etmişdir ki, kartlar həmin şəxslərə onun məlumatı olmadan əraziyə daxil olub, tikinti sahəsinə baxış keçirmələri üçün təqdim edilib. Göründüyü kimi, "xxxx" MMC-nin direktorunun məhkəmədə bildirdikləri onun 04 noyabr 2021-ci il tarixli məktubunda göstərilənlərə uyğun deyil. Bununla bağlı aşağıdakılar qeyd olunur. Əvvəla, məhkəmə 04 noyabr 2021-ci il tarixli məktubun məzmununu da nəzərə alaraq hesab edir ki, kartların "xxxx" MMC-nin məlumatı olmadan ərazinin mühafizə qurumu tərəfindən şikayətçilərə verilməsi inandırıcı sayıla bilməz. Məhkəmə bu qənaətə gələrkən işin digər faktik halları ilə yanaşı onu da nəzərə alır ki, "xxxx" MMC-nin direktoru müvafiq dəlilini təsdiqləyə biləcək heç bir sübut təqdim etməyib. İkincisi, "xxxx" MMC-nin direktoru Tolga Atıcı işin məhkəmə baxışı zamanı bildirmişdir ki, "xxxx" MMC-nin maliyyə problemləri, həmçinin məhkəmə mübahisələri var. Bu səbəbdən MMC "Xəyal Adası" YK-da işlərin görülməsi ilə bağlı heç bir müqavilə bağlamamış və həmin ərazidə heç kəsi işlərin görülməsinə cəlb etməmişdir. Sual yaranır. Belə olan halda, yəni "xxxx" MMC tərəfindən "Xəyal Adası" YK-da iş görülməyəcəyi təqdirdə, şikayətçilərin adlarına "xxxx" MMC-nin kartlarının verilməsinə hansı zərurət olub? Üçüncüsü, "xxxx" MMC-nin 04 noyabr 2021-ci il tarixli məktubunda Tolga Atıcının işin məhkəmə baxışında bildirdiklərindən fərqli olaraq göstərilir ki, "biz böyük iş üçün təklif verdik yuxarıda adı çəkilən Şirkətə Həmin işi alacağımız təqdirdə ərizədə adları çəkilən insanlarla subpodrat müqaviləsi bağlayacaq və işi görəcəkdik. Həmin ərəfədə Odeion Groupun kartları həmin yoldaşlara təqdim edilib". Sual yaranır. Gələcəkdə görülməsi gözlənilən işlə bağlı şərtlərin (işin həcmi, qiyməti və s.) müəyyən edilməsi üçün əraziyə doqquz nəfərin buraxılması (yuxarıda qeyd edildiyi kimi iş materiallarına doqquz nəfərin adına verilmiş "xxxx" MMC-yə aid olan kartlar əlavə edilib) hansı zərurətdən irəli gəlib? Əraziyə baxış keçirilməsi üçün iş icraçısının və daha bir-iki nəfərin buraxılması kifayət etmirdimi? Dördüncüsü, Tolga Atıcı işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Emin və Ataman adlı şəxslər sadəcə olaraq onun dostlarıdır və onlar "xxxx" MMC-yə işçilərin cəlb olunması səlahiyyətinə malik deyillər. Belə olan halda sual yaranır. Necə olub ki, şikayətçilər öz ərizələrində məhz Emin və Ataman adlı şəxslərin adlarını çəkmiş və məhz "xxxx" MMC-nin xeyrinə işlər gördüklərini bildirmişlər? Göstərilənləri və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC şikayətçiləri qeyri-rəsmi olaraq, yəni onlarla əmək müqaviləsi bağlamadan işlərin görülməsinə cəlb edərək adlarına tikinti ərazisinə daxil olmaları üçün kart verilməsinə razılıq və ya sifariş vermiş (görünür ki, kartlar bilavasitə "xxxx" MMC tərəfindən deyil, onun sifarişi və ya razılığı əsasında müvafiq mühafizə qurumu tərəfindən verilib), sonradan MMC-nin rəsmi və faktik rəhbərliyi ilə şikayətçilər arasında narazılıq yaranmış (ərizədən və izahatlardan görünür ki, narazılığın səbəbi şikayətçilərin əməkhaqqının ödənilməməsi ilə bağlı olub), bununla əlaqədar şikayətçilər ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə müraciət etmiş, sonradan MMC ilə aralarında hər-hansı razılaşma əldə olunduğuna (və ya izahatlarda göstərildiyini kimi şikayətçilərə MMC tərəfindən təzyiq göstərildiyinə) görə onlar teleqramlarla müraciət edərək ərizələrinə baxılmamasını xahiş etmiş, lakin daha sonra aralarında yenidən narazılıq yaranması səbəbindən şikayətçilərin bir qismi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə təkrar izahatlar verərək ərizələrinin və ilkin izahatlarının qanunla müəyyən edilmiş qaydada araşdırılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi məsələlərini tənzimləyən 49-cu maddəsinin 1-ci hissəsinin tələbinə görə "Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir". Əmək qanunvericiliyinin yuxarıda istinad olunan müddəasından göründüyü kimi, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi ilə şərtləndirilir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi isə "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə" məsuliyyət nəzərdə tutur. İşin faktik hallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən aparılmış araşdırma nəticəsində X10, X21, X4, X13, X11, X18 və X16 adlı şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (əmək müqaviləsi bağlanmadan) "xxxx" MMC tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edildikləri müəyyən olunmuşdur. Göstərilənlərə əsasən "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən "Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır". İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1594/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1594/2021
21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver