Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1597/2021 16.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəis müavini X1 (inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs) və həmin Komitənin Bakı şəhər statistika idarəsinin Xidmət statistikası sektorunun aparıcı məsləhətçisi X3 (nümayəndə) iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəis müavini tərəfindən 12 oktyabr 2021-ci ildə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs MMC-nin «2021-ci ilin (aylıq) 12 xidmət (xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında) hesabatı avqust ayı üzrə sentyabr ayının 5-ci iş günü saat 13:00-dək təqdim edilməmişdir». Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəis müavini X2 işin məhkəmə baxışı zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, müvafiq statistik hesabat ən geci cari ilin sentyabr ayının beşinci iş günü, yəni 07 sentyabr 2021-ci il saat 13.00-dək təqdim edilməli idi. Lakin Şəxs MMC qanunvericiliyin tələbini pozaraq hesabatı təqdim etməmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş edir. İş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilmiş Şəxs MMC nümayəndəsini göndərməmiş və bunun səbəbləri ilə bağlı məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları ilə Şəxs MMC-nin yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Məhkəmə bununla yanaşı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən «İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər». Göründüyü kimi müvafiq kateqoriyalı işlər üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti qüvvədə olan inzibati xətalar qanunvericiliyi ilə 03 ay olmaqla müəyyən edilib. İnzibati xəta haqqında protokolda göstərilən statistik hesabatın ən geci 2021-ci ilin sentyabr ayının beşinci iş günü (2021-ci ilin sentyabr ayının beşinci iş günü 07 sentyabr 2021-ci il tarixinə təsadüf edib) saat 13.00-dək verilməli olduğunu nəzərə aldıqda görünür ki, inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta 07 sentyabr 2021-ci il tarixində saat 13.01-də törədilib. Bu gün üçün Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan 03 aylıq müddət keçmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən «bu Məcəllənin 38ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni Məcəllənin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçdiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 53, 43, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçdiyinə görə 12 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla bağlı inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1597/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1597/2021
16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver