Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1599/2021 23.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nisə İsmayılovanın, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X1 iştirakları ilə, xx.xx.1973-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu və əlilliyi olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda, nömrəsiz evdə yaşayan X3 barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03.08.2021-ci il tarixli, 3(010)- 1005/2021 saylı qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X3 inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarını onun qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmədə izahat vermiş Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nisə İsmayılova bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03.08.2021-ci il tarixli, 3(010)-1005/2021 saylı qərarına əsasən X3 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İcra sənədi icraata daxil olmuş, müəyyən qaydaya əsasən icraata başlanılmış, bu barədə borclunun ünvanına qərar və tələbin könüllü icrası barədə bildiriş məktubu göndərilmiş, bununla belə 15.10.2021-ci il tarixdə həmin sənədlər borcluya şəxsən təqdim edilmişdir. İnzibati cərimənin ödənilməsinə dair borcluya dəfələrlə xəbərdarlıq edilmiş, lakin hazıradək 500 manat məbləğində inzibati cərimə borclu tərəfindən ödənilməmiş, buna qanuni əsas verən heç bir səbəb şöbəyə təqdim edilməmişdir. icra sənədi üzrə inzibati cərimənin ödənilməsinin məcburi qaydada təmin edilməsi istiqamətində borc tələbinin borcluya məxsus əmlaka yönəldilməsi məqsədi ilə müvafiq əmlak sorğuları verilmiş, lakin onun adında tələbin yönəldilə biləcəyi heç bir qiymətli əmlak və ya gəlir aşkar edilməmişdir. Borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılan zaman inzibati cəriməni ödəmək tələbi irəli sürülmüş, lakin hazıradək icra sənədi üzrə inzibati cərimənin ödənilməsi təmin edilməmişdir. Yuxarıda qeyd olunan icra sənədi üzrə cəmi 500 manat inzibati cərimənin 25 gün ərzində ödənilməməsi ilə əlaqədar ona verilən suallara cavab olaraq X3 cəriməni dərhal ödəmədiyini, bu günədək ödəmək iqtidarında olmadığını bildirmiş, cəriməni yaxın zamanlarda ödəməyəcəyini bildirmişdir. Borclu barəsində toplanılmış icraat materiallarından onun qeyd olunan məhkəmə qərarı üzrə inzibati cərimənin müəyyən olunmuş 25 gün müddətində ödənilməsini təmin etməməkdə qərəzli olduğu, qanunla üzrlü sayıla biləcək heç bir əsas gətirməməklə həmin cərimənin ödənilməsindən qərəzli olaraq boyun qaçırdığı, bununla da onun hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsinin tərkibinin yarandığı müəyyən edilmişdir. Belə ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə ödəmə müddətini üzrlü səbəb olmadan ötürüş, cərimənin dərhal ödənilməsi tələbi irəli sürülərkən cərimənin ödənilməsini təmin etməmişdir. Məhkəmədə izahat vermiş borclu X3 bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03.08.2021-ci il tarixli, 3(010)-1005/2021 saylı qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Maddi vəziyyəti qənaətbəxş olmadığından, məhkəmə qərarını icra edə bilməmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tərtib edilmiş iş materialları ilə sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə X2 Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq, sonuncu hazırki müddətədək qanunla müəyyən edilmiş əsaslar olmadan cərimə cəzasını icra etməmişdir “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmədə müəyyən edilmişdir ki, X1 təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. X3 tərəfindən icra sənədinin icra edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmədə inzibati xəta törətmiş X1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. İXM-in 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. İXM-in 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X2 tətbiq ediləcək ictimai işlər növündə tənbeh tədbiri gün ərzində dörd saatdan çox olmamalı, üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 160 (yüz altmış) saat müddətində ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. X3 barəsində tətbiq edilmiş ictimai işlər növündə inzibati tənbeh növü gün ərzində dörd saatdan çox olmasın. X1 üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1599/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1599/2021
23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver