Məhkəmə qərarları › İş №3(010)-16/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-16/2022

14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-16/2022 14.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsi, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Mərkəzi Bankından Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. 10 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokoldan görünür ki, Şəxs 23.124 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından 07 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı vaxtdan 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 23.124 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Buna görə 10 dekabr 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 izahatında göstərdi ki, Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən tərtib olunmuş protokol düzgün tərtib olunmamışdır. 30 dekabr 2019-cu il tarixli bəyannamə ilə mal idxal olunmuşdur və 02 illik müddət buraxılmamışdır. Belə ki, bəyannamədə müqavilənin tarixi və invoys tarixi səhv qeyd olunduğu üçün Şəxs tərəfindən Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Kənan Məmmədova ərizə ünvanlanaraq bəyannamədə müqavilə nömrəsi, tarixində və invoys tarixində düzəliş edilməsinə icazə verilməsi xahiş olunmuşdur. Buna görədə nümayəndə X2 göstərilənləri nəzərə alaraq, məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 07 noyabr 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs 21 oktyabr 2019-cu il tarixli, SH191021XH1 saylı müqavilə və eyni tarixli, HMP19-364 saylı invoys üzrə 07 noyabr 2019-cu il tarixdə 23.124 ABŞ dolları məbləğində vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından “X3 X6.,LTD” şirkətinin hesabına qabaqcadan ödəniş etməklə köçürmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Bankına ünvanladığı 10 noyabr 2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş qoşmadan görünür ki, Şəxs tərəfindən 07 noyabr 2019-cu il tarixdə 23.124 ABŞ dolları məbləğində vəsait qabaqcadan ödəniş edilmiş, lakin 02 il tamam olmasına baxmayaraq həmin vəsait hesabına alınan malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. İş materialarında olan 30 dekabr 2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs tərəfindən “X3 X6.,LTD” şirkətinin hesabına 07 noyabr 2019-cu il tarixdə köçürülmüş 23.124 ABŞ dolları məbləğində pul vəsaiti hesabına alınmış mallar 30 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasına idxal olunmuşdur. Həmin bəyannamənin 44-cü bəndindən görünür ki, 23.124 ABŞ dolları məbləğində vəsaitin Azərbaycan Respublikasından kənara qabaqcadan ödənilməklə köçürülməsinə əsas olmuş müqavilənin nömrəsi SH191031XH1, tairixi isə 31 yanvar 2019-cu il kimi, invoys tarixi isə 03 dekabr 2019 kimi qeyd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında təqdim etdiyi Şəxs tərəfindən Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Kənan Məmmədova ünvanlanmış 03 noyabr 2021-ci il tarixli ərizədən görünür ki, Şəxs ünvanına “X3 X6.,LTD” şirkətində HMP19-364 saylı invoysla gələn, daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilən yük üzrə **********9502 saylı bəyannamə tərtib olunan zaman müqavilə nömrəsi SH191021XH1 əvəzinə səhvən SH191031XH1, müqavilə tarixi 21 oktyabr 2019 əvəzinə səhvən 31 yanvar 2019, invoys tarixi isə 21 oktyabr 2019 əvəzinə səhvən 03 dekabr 2019 kimi qeyd edilmişdir. Göstərilən bəyannamədə müqavilə nömrəsi, tarixində və invoys tarixində düzəliş edilməsinə icazə verilməyi xahiş edilmişdir. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, Şəxs ilə “X3 X6.,LTD” şirkəti arasında 21 oktyabr 2019-cu il tarixli, SH191021XH1 saylı müqavilə bağlanmış və eyni tarixli, HMP19-364 saylı invoys üzrə 07 noyabr 2019-cu il tarixdə 23.124 ABŞ dolları məbləğində vəsaiti ödəniş tapşırığına əsasən Şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından “X3 X6.,LTD” şirkətinin hesabına qabaqcadan ödəniş edilməklə köçürülmüş, həmin vəsait hesabına alınmış mallar 30 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasına idxal olunmaqla gömrük orqanlarında bəyan olunsa da, gömrük bəyannaməsində hazırki inzibati xətanın obyekti hesab edilən 23.124 ABŞ dolları məbləğində vəsaitin Azərbaycan Respublikasından kənara köçürülməsinə əsas olmuş tərəflər arasında bağlanmış yuxarıda qeyd edilən müqavilənin nömrəsi səhvən SH191031XH1, müqavilə tarixi 31 yanvar 2019, invoys tarixi isə 03 dekabr 2019 kimi qeyd edilmişdir. Buna görə də "xxxx" Açıq Səhmdar Cəmiyyəti 10 noyabr 2021-ci il tarixdə Mərkəzi Bankına müraciət edərək Şəxs tərəfindən 07 noyabr 2019-cu il tarixdə qabaqcadan ödəniş edilmiş 23.124 ABŞ dolları məbləğində vəsaitə dair müvafiq sənədlərin ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədiyini və ya qabaqcadan ödənilmiş məbləğin geri qaytarılmadığını bildirdiyinə görə 10 dekabr 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bununla da Şəxs tərəfindən “X3 X6.,LTD” şirkətinin hesabına 07 noyabr 2019-cu il tarixdə köçürülmüş 23.124 ABŞ dolları məbləğində pul vəsaiti hesabına alınmış mallar 30 dekabr 2019-cu il tarixdə, yəni qanunvericilikdə müəyyən edilmiş müddət ərzində Azərbaycan Respublikasına idxal olunduğundan, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yaranmır. Azərbaycan Respublikası İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işdə olan sübutlarla əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar