Məhkəmə qərarları › İş №3(010)-1600/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1600/2024

30.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1600/2024 30.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 32-ci PB-nin sahə inspektoru polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01.30 radələrində ƏÇPA-nın 7-ci Patrul Bölüyünün polis nəfərləri tərəfindən ərazidə xidmət apardıqları zaman Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində 1 nəfər şəxsin özünü şübhəli apardığı üçün 32-ci PB-yə gətirmələri, PB-də həmin şəxsin xx.xx.2001-ci il təvəllüdlü Şəxs olması müəyyən etmələri, araşdırma zamanı xx.xx.2024-cü il tarixli X1, Narkotik Vasitələrin və X2 Hallarının Müəyyən edilməsi məqsədilə Tibbi müayinədən keçirilməsi haqqında 1000 saylı akta əsasən, sidiyindən THC (+) aşkar olunması göstərilmişdir. Faktla bağlı təhqiqat araşdırması aparılmış və material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında çıxış edən Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 32-ci PB-nin sahə inspektoru polis leytenantı X4 məhkəmə iclasında inzibati protokolu müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xətanı etiraf edərək, bildirdi ki, ilk dəfədir ki belə bir əməl törədir və törətdiyi əməldən peşmandır. Əlavə olaraq qeyd etdi ki, atası xəstədir və ailənin maddi cəhətdən dolandırılması yükü onun üzərindədir. Əməlindən səmimi peşmandır. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etmişdir ki, Şəxs törətdiyi əməlləri özünün etirafı ilə yanaşı, iş materialları ilə də tam sübuta yetirilir. İş matriallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan AZA 001244 saylı xx.xx.2024-cü il tarixli protokoldan göründüyü kimi, Şəxs xx.xx.2024-cü il saat 01.40-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan AR SN Respublika Narkoloji Mərkəzi PHŞ-nin xx.xx.2024-cü il tarixli 1000 saylı aktından görünür ki, Şəxs sidiyində THC (+) aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, X2na, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş materiallarında olan Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci PŞ-nin baş təhqiqatçısı polis kapitanı Rəşad Həsənzadənin qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. İş materiallarında əlavə edilmiş AZA 001244 saylı xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01.40-da inzibati qaydada tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, ekspertiza rəyi, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin sadalanan maddərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati qaydada tutulmadan azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Tural Məmmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar