Məhkəmə qərarları › İş №3(010)-1638/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1638/2021

29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1638/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X8, X3nın iştirakı ilə 05 avqust 1979-cu ildə Ermənistan SSR, Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Daşkəsən rayonu, Bayan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X8 tərtib etdiyi 29 noyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Göygöl Rayon Məhkəməsi tərəfindən 28 iyun 2016-cı ildə verilmiş 24 may 2016-cı tarixli 2(066)- 1132/2016 nömrəli icra vərəqəsinə əsasən 08 iyun 2009-cu il təvəllüdlü X1 və 18 iyul 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün borclu Şəxs ümumilikdə 150 manat olmaqla sabit pul məbləğində aliment tutularaq X3na ödənilməlidir. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X11 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədi 16.09.2016-cı ildə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanmışdır. 19.10.2016-cı ildə borclu Şəxs icra şöbəsinə gəlmiş, onun icra şöbəsinə verdiyi izahatında qərardan narazı olduğunu apelyasiya şikayəti verəcəyini göstərmişdir. İcra sənədi üzrə icraat zamanı borclu Şəxs 10.050 manat aliment pulu verməli olduğu halda hal-hazıradək 1.710 manat aliment pulu tələbkara ödəmişdir. Bu günə icra sənədi üzrə borclu Şəxs 8.340 manat ödənilməmiş aliment borcu vardır. Borclunun ünvanına şöbənin əməkdaşları ilə baxış keçirilmiş, lakin borclunun ünvanında tələbin yönəldilə biləcəyi dəyərli əmlak və pul vəsaiti aşkar edilməmişdir. Borclu qeyd edilən ünvanda vaxtaşırı qaldığından və icra şöbəsinə könüllü olaraq gəlmədiyndən 16.03.2018-ci il tarixdə axtarışa verilmiş, 29.11.2021-ci il tarixdə o, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. Borclu izahatında təyin olunmuş borcu maddi vəsaitinin və əlavə gəlir yerinin olmadığını bəhanə kimi göstərərək ödəmədiyini qeyd etmişdir. Bununla da, Şəxs alimenti ödəməməklə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. İcra məmuru işin məhkəmə baxışı zamanı həmçinin bildirmişdir ki, borclu ötən dövrlərdə çağırışlara gəlməmiş, hətta belə hallar baş vermişdir ki, icra məmuru borclunu İcra şöbəsinə dəvət etmək üçün onun ünvanına getdikdə, sonuncu hasardan aşaraq qaçmışdır. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcunu tam ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. X3 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, borclu uşaqların saxlanması üçün ona ötən dövrdə heç bir başqa yardım göstərmədiyinə baxmayaraq, çox məbləğdə olmayan alimenti belə ödəməkdən yayınmışdır. Əslində isə o, alimenti ödəmək üçün kifayət qədər maddi imkana malikdir. Göstərilənlərə əsasən Şəxs barəsində qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləğini ödəməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən həmçinin nəzərə alır ki, aylıq alimentin miqdarı cəmi 150 manat təşkil etdiyi halda, onun bu gün üçün borcu 8.340 manat təşkil edir. Bu isə borclunun uzun müddət ərzində alimenti müvafiq məhkəmə aktı ilə müəyyən edilmiş məbləğdə və qaydada ödəmədiyini təsdiq edir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs səhhətində problem olduğunu bildirir. Hesab edirəm ki, bu iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 29 noyabr 2021-ci il tarixindən saat 16:50-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar