Məhkəmə qərarları › İş №3(010)-1638/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1638/2023

01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1638/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Bakı şəhəri X9 Şöbəsi tərəfindən qəbul edilmiş 25 noyabr 2022-ci il tarixli EQ 12276005 saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri X9 Şöbəsi tərəfindən qəbul edilmiş 25 noyabr 2022-ci il tarixli EQ 12276005 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 50 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X5 şikayət verərək həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 25 noyabr 2022-cı il tarixdə saat 22:24 radələrində Yevlax-Zaqtala- Gürcüstan yolu 7.8-ci km Ərəbbəsrə kəndi Zaqatala istiqamətində ünvanında müvafiq icra hakimiyyəti orqanı (DİN-in DYP) tərəfindən barəsində EQ 12276005 saylı elektron qərar qəbul olunmuşdur. Həmin qərar ilə (yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddini aşmağa görə) İnzibati Xətalar Məcəlləsinin 328.2-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 manat məbləğində cərimə edilməm haqqında tənbeh növü tətbiq edilmiş və inzibati xəta 2 balla qiymətləndirilmişdir. Sözügedən qərarın nəticəsi barədə məlumat xx.xx.2022-ci il tarixində SMS vasitəsilə ona məxsus olmayan yaxın qohumumun nömrəsinə göndərilmişdir. Haqqında çıxarılan qərar maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir və əsassızdır. Qeyd edir ki, əvvəla onun mülkiyyətində hər hansı bir nəqliyyat vasitəsi yoxdur və sözügedən nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) tərəfindən yalnız idarə etmək üçün ona (2022-ci ilin təxminən avqust ayında) etibarnamə verilmiş və idarə etmək üçün etibarnamə verilməsinə baxmayaraq nə həmin gün nədəki ümumiyyətcə həmin nəqliyyat vasitəsini o, heç vaxt idarə etməmidir. Göründüyü kimi qanunvericilikdə inzibati tənbeh vermə haqqında elektron qərar nəqliyyat vasitəsinin istifadəçisi barəsində çıxarıla bilər, amma mən isə həmin nəqliyyat vasitəsinin nə həmin gün nədəki heç vaxt istifadəçisi (idarəedəni) olmamışdır. Bu hal aşağıdakılara əsasən öz təsdiqini tapır. Belə ki, əvvəla inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İkincisi isə müvafiq icra hakimiyyəti orqanının (DİN-in DYP) barəsində çıxarılmış qərara qoşma olaraq əlavə edilmiş foto-şəkillərdən nəqliyyat vasitəsini həmin vaxt kim tərəfindən idarə edildiyi (istifadə edildiyi) məlum deyil (təkrar edirəm onun nə heç vaxt avtomobili olmayıb nədəki uzun müddətdir ki, o, avtomobil ələxsus da sözügedən avtomobili idarə etməmişdir, bunun ilkin sübutu kimi heç vaxt inzibati məsuliyyətə cəlb olunmamamdır). Belə olan halda onun həm təqsiri yoxdur həm də təqsiri sübut olunmur, eyni zamanda onun təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Onun isə nə elektron kabineti nə dəki elektron kabinetdə mobil nömrəsi yoxdur və qəbul edilmiş elektron qərar barədə onun mobil telefon nömrəsinə (***-***-**-**) dərhal inzibati xətanın törədilməsi, törədilən xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxil olma qaydası barədə ödənişsiz SMS məlumat göndərilməmişdir, eyni zamanda elektron ünvanı olduğu halda ora da göndərilməmişdir, yəni, rəsmi qaydada verilməmişdir. Sözügedən qərar barəsində məlumatı yaxın qohumun mobil nömrəsinə gələn SMS məlumatdan əldə etmişdir. Beləliklə, hesab edir ki, şikayətdə göstərdiyi məlumatlar öz təsdiqini tapdığından barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə qanunvericiliklə hər hansı bır protokol tərtib edilməsi və ya qərar çıxarılması qadağan olunduğundan barəmdə elektron qərar qəbul edilmiş və həmin qərarı da şikayətə əlavə etmişdir. Barəsində qəbul edilmiş 50 manat məbləğində cərimə edilməsi və inzibati xətanın 2 balla qiymətləndirilməsi haqqında 25 noyabr 2022-cı il tarixli EQ 12276005 saylı inzibati tənbeh tətbiq etmə haqqında elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Bakı şəhər X9 İdarəsinə və inzibati tənbeh vermə haqqında qərardan şikayət etmiş şəxs X3 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhər X9 İdarəsinin nümayəndəsi və inzibati tənbeh vermə haqqında qərardan şikayət etmiş şəxs X5 məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin və inzibati tənbeh vermə haqqında qərardan şikayət etmiş şəxs X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 25 noyabr 2022-ci il tarixli EQ 12276005 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə saat 22:24 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 50 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Məhkəmə qeyd edir ki, X1 yalnız şikayət ərizəsində “onun mülkiyyətində hər hansı bir nəqliyyat vasitəsi yoxdur və sözügedən nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) tərəfindən yalnız idarə etmək üçün ona (2022-ci ilin təxminən avqust ayında) etibarnamə verilmiş və idarə etmək üçün etibarnamə verilməsinə baxmayaraq nə həmin gün nədəki ümumiyyətcə həmin nəqliyyat vasitəsini o, heç vaxt idarə etməmişdir” bildirməklə kifayətlənmişdir. Buna dair şikayətçi hər hansı sübut, o cümlədən mülkiyyətində olan nəqliyyat vasitəsinin digər şəxsin istifadəsinə verilməsinə dair etibarnamə, həmin etibarnamənin qüvvədə olub-olmaması barədə məlumat və digər sübutları təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri- hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 125.2 və 125.2.1-ci maddələrinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; X1 internet informasiya resursunda yaradılan elektron kabinetinin olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, internet informasiya resursunda yaradılan elektron kabinet olmadığı halda müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminin inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirməsi qeyri-mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş TP ******* saylı, xx.xx.2018-ci il tarixli qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri X9 Şöbəsi tərəfindən qəbul edilmiş 25 noyabr 2022-ci il tarixli EQ 12276005 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar