Məhkəmə qərarları › İş №3(010)-1639/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1639/2021

29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1639/2021 29.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X5 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair 01.11.2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının Səhiyyə Nazirinin müavini X6 inzibati tənbeh vermə haqqında 01.11.2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarına əsasən X8 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat miqdarında cərimə edilmişdir. X2 rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Səhiyyə Nazirinin müavini X6 01.11.2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X8 şikayət ərizəsində yazılanlara uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavininin MN, ******* saylı, 01 noyabr 2021-ci il tarixli qərarı ilə o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) təqsirli bilinərək 2500 (iki min beş min) manat məbləğində cərimə olunmuşdur. İnzibati qaydada cərimə olunmağına səbəb kimi onun ünvan 1 ünvanında yerləşən obyektdə lesenziya olmadan tibb fəaliyyəti (stamotologiya) göstərməklə inzibati xəta törətməyi olmuşdur.Həmin qərarla razı deyil və həmin qərarı qanunsuz hesab edir.Belə ki, o ali təhsilli həkim olmaqla Azərbaycan X3rtarmışdır. Stomotologiya sahəsi üzrə tibb fəaliyyyəti ilə məşğul olmaq məqsədilə 2020-ci ilin oktyabr ayında ünvan 1 ünvanında kabinet əldə edərək (icarəyə götürərək) həmin otaqda əsaslı təmir və yenidənqurma işləri aparmışdır. Həmin sahə üzrə fəaliyyət göstərmək üçün lisenziya tələb olunduğundan, lazımi sənədləri toplayaraq, lisenziya verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etmişdir. Lisenziya aldıqdan sonra fiziki şəxs kimi qeydiyyata alınmağı üçün vergi orqanına müraciət edəcəkdir. Tibb fəaliyyəti ilə məşğul olmaq üçün tibbi və vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərmək üçün lazımi ləvazimatları əldə etdikdən sonra tibbi fəaliyyətlə məşğul olmaq üçün xüsusi razılıq, yəni lisenziya tələb olunduğundan, fəaliyyət göstərməmişdir. İcarəyə götürdüyü kabinetdə su xətti olmadığına görə xəttin çəkilməsi üçün "xxxx" ASC-nin Suraxanı rayon Sukanal İdarəsinə müraciət etsə də, və su xəttinin çəkilməsini dəfələrlə həmin idarədən xahiş etsə də, sonra nəhayət həmin idarə 20 fevral 2021-ci ildə onunla müqavilə bağlayaraq, kabinetə su xətti çəkmişlər. Bir müddət sonra Sukanal idarəsinin əməkdaşları ilə aralarında mübahisə yarandığından, onlar rayon Polis İdarəsinə şikayət etmişlər. Şikayət aidiyyati üzrə araşdırılması üçün Suraxanı rayon Prokurorluğuna göndərilmişdir. Materialın araşdırılması Bakı şəhəri Suraxanı rayon Prokurorluğunun prokuror köməkçisi Pərvin Bağırovaya həvalə olunmuşdur. Prokuror köməkçisi P.Ağayevanın 13 sentyabr 2021-ci il tarixli qərarı ilə material üzrə cinayət işinin başlanmasının rədd edilmiş, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmasına dair prokuror qarşısında vəsatət qaldırılmışdır.Bakı şəhəri Suraxanı rayon prokurorunun 28 sentyabr 2021-ci il tarixli qərarı ilə onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmasına qərar verilmiş, inzibati xəta haqqında iş üzrə icraat material onun inzibati məsuliyyətə cəlb edilməyi üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilmişdir.Suraxanı rayon prokuroru qərarını bununla əsaslandırmışdır ki, araşdırma zamanı o, ünvan 2 ünvanında stamotoloji kabinet açaraq stamotoloq kimi işləmiş, həmin kabinetdə xəstə qəbul edərək müalicə və müayinə etmişdir, lakin onun özəl stamotoloji fəaliyyətlə məşğul olmağı üçün nəzərdə tutulan lisenziyası olmamışdır. Bildirir ki, materialın araşdırılması ilə əlaqədar o prokurorluğa dəvət olunaraq izahat verən zaman stamotoloji fəaliyyətlə məşğul olmaq istədiyini, bu məqsədlə kabinet əldə etdiyini, orada müəyyən təmir işləri apardığını, həmin fəaliyyətlə məşğul olmaq və lisenziyanın verilməsi üçün Səhiyyə Nazirliyinə müraciət etdiyini, tibb fəaliyyəti ilə məşğul olmaq üçün və vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərmək üçün lazımi ləvazimatları əldə etdikdən sonra tibbi fəaliyyətlə məşğul olmaq üçün xüsusi razılıq, yəni lisenziya tələb olunduğundan fəaliyyət göstərmədiyini bildirmişdir. O, izahatında həmin fəaliyyətlə məşğul olduğunu bildirməmiş və həmin fəaliyyətlə məşğul olmamışdır. Qərarda onun izahatı təhrif olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyində barəsində inzibati xəta haqqında protokol onun iştirakı ilə tərtib olunmamış, işə baxılan zaman iştirakı qanunla müəyyən olunmuş qaydada və müddətdə təmin olunmamışdır. Belə ki, Səhiyyə Nazirliyindən ona teleqrama ünvanlamış, həmin teleqramda materialın baxılmasının 27 oktyabr 2021-ci il tarixə təyin olunduğu bildirilmişdir. 26 oktyabr 2021-ci il tarixdə o nazirlikdə olmuşdur. Onu Süsən adlı nazirliyin xanım əməkdaşı qəbul etmişdir. Bir neçə gün sonra Süsən xanımla telefon əlaqəsi zamanı sonuncu ona bildirmişdir ki, barəsində 01 noyabr 2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul olunub və onun ünvanıba göndərilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən heç bir araşdırma aparılmadan və materila baxılan zaman iştirakı təmin olunmadan nazirin müavini X7 01 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat cərimə olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 210.1-ci maddəsinin tələbinə görə lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olunduğu aşkar edildiyi halda inzibati xəta törədilmiş hesab olunur. Qeyd etdiyi kimi o həmin obyektdə bir gün də olsun tibbi fəaliyyətlə məşğul olmamış, yəni tərəfindən heç bir inzibati xəta törədilməmişdir.Lakin barəsində inzibati xəta haqqında işə baxılarkən bütün bu hallar obyektiv araşdırılmamış və hüquqi qiymət verilməmişdir.Barəsində açılmış inzibati xəta haqqında işə baxılarkən qərar qəbul etmiş vəzifəli şəxs tərəfindən işə baxılarkən iştirakı qanunla müəyyən olunmuş qaydada təmin olunmadığından barəsində icraat aparılan şəxs kimi işin həqiqi hallar barəsində ətraflı məlumat vermək, sübutlar təqdim etmək hüququm pozulmuşdur.Onun qeyd etdiyi faktlar qərarından şikayət etdiyi orqanın vəzifəli şəxsi tərəfindən haqqında tamamilə qanunsuz inzibati xəta haqqında qərar qəbul edilməsini sübut edir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini həmin qanunsuz qərarı qəbul etməklə onun qanunla qorunan hüquqlarımı pozduğundan ləğv edilməlidir.Göstərilənlərə əsasən məhkəmədən barəsində qəbul olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin 01.11.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X9 izahat verərək bildirmişdir ki, Su Kanal İdarəsinin Suraxanı rayon prokurorluğuna müraciəti olub və bu müraciətdə qeyd olunub ki, qanunsuz su istifadə olunur, araşdırma zamanı X8 izahatında bildirib ki, həmin obyektdə stamatoloji fəaliyyət göstərir, bundan sonra Suraxanı Rayon prokuroru cinayət işinin başlanması haqqında rədd qərarı qəbul edib, X4 əməlində inzibati xəta tərkibi olduğu üçün qərar qəbul edərək araşdırılması üçün Səhiyyə Nazirliyinə göndərilmişdir. Həmin qərar Nazirliyə daxil olduqdan sonra X4 lisenziyası olmadan fəaliyyət göstərildiyi qənaətinə gəlinmişdir. Nazirliyin mötəbər sübutu şəxsin Suraxanı Rayon Prokurorluğunda verdiyi izahatdır. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarını nəzərdən keçirərək, məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 01.11.2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 28.09.2021-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, X8 barəsində Azərbaycan Respublikası İXMnin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, inzibati xəta haqqında iş üzrə icraat materialı Şamo Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməsi qərara alınmışdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş materiallarında olan və əlavə təqdim edilmiş materiallar əsasında baxaraq müəyyən etdi ki, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərarında X4 ünvan 1 ünvanında yerləşən stomotoloji kabinetdə lisenziyası olmadan özəl tibbi fəaliyyətlə məşğul olmaqla qanun pozuntusuna yol verdiyini göstərsə də, inzibati xətanın törədildiyi tarixdə X1 olub–olmamasını, yəni qeyd olunan stamataloji kabinetin onun sahibliyində olmasını, həmin vaxt ünvan 1 ünvanında yerləşən stomotoloji kabinetin faktiki olaraq fəaliyyətdə olub-olmamasını, həmçinin, onun hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi kimi qeydiyyatda olub-olmamasını müəyyən etməmişdir. Bundan əlavə, X4 izahatı alınmadan, yalnız sonuncunun Suraxanı rayon Prokurorluğunda verdiyi izahata istinad edilərək, onun barəsində inzibati tənbeh tətbiq edilmişdir. Bununla da görünür ki, X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 210.1–ci maddəsinin tələblərinin pozulması və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu da onu deməyə əsas verir ki, X4 əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Halbuki inzibati xəta hadisəsinin olması və həmin hadisənin məhz X8 tərəfindən törədilməsi ilə bağlı iş materiallarında hər hansı bir sübut əlavə edilməmiş, nə də elə bir sübutun olduğu göstərməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 lisenziyası olmadan özəl tibbi fəaliyyətlə məşğul olması, yəni stomatoloji kabinet işlətməsi konkret müəyyən olunmamışdır, bu hal qərarı qəbul etmiş şəxs tərəfindən ümumiyyətlə araşdırılmamışdır, qeyd olunduğu kimi, qərar qəbul edilərkən, yalnız X4 başqa təşkilatda verdiyi ifadəsinə istinad edilmişdir. Bu hal isə X4 təqsirli olmasına əsaslı şübhələr yaradır. Ona görə də, məhkəmə hesab edir ki, X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 210.1-ci maddəsinin tələblərinin pozulması və onun əməlində həmin inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bu Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, inzibata xəta haqqında iş üzrə icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsi X4 İnzibati Xətalar Məcəlləsinin məhz 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iş materiallarını, işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin 01.11.2021-ci il tarixli MN ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməlidir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2- ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Bu Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin olunsun. Azərbaycan Respublikasının Səhiyyə Nazirinin müavini X6 inzibati tənbeh vermə haqqında 01.11.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar