Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1640/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2, X1nın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X3 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X5 29 noyabr 2021-ci ildə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Məhkəmə həmin məsələlərə baxaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda «barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi» göstərilməlidir. Qüvvədə olan qanunvericiliyin yuxarıda istinad edilən tələbinə zidd olaraq MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs fərdi identifikasiya nömrəsi göstərilməyib. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında protokolda «inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti» göstərilməlidir. Məsələ ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta obyektiv cəhətdən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsində və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsində ifadə olunur. Ona görə də inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın mahiyyəti təsvir olunarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq xətanın obyektiv cəhətini təşkil edən əməli hansı konkret hərəkətlə və ya hərəkətsizliklə törətdiyi qısa və konkret formada açıqlanmalı, bu açıqlama əməlin İXM-nin 528.1-ci maddəsi ilə tövsifini əsaslandırmalıdır. İcra məmuru isə inzibati xətalar qanunvericiliyinin tələbinə zidd olaraq inzibati xəta haqqında protokolun inzibati xətanın törədildiyi yerin, vaxtın və bu xətanın mahiyyətinin təsviri üçün nəzərdə tutulan bölməsini qanunvericiliyin yuxarıda göstərilən müddəalarına zidd tərtib etmişdir. Həmin bölmə icra məmuru tərəfindən çox səliqəsiz və çətinliklə oxunan yazı ilə tərtib olunub. Lakin eyni bölmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq məhkəmə aktını qərəzli icra etmədiyinin icra məmuru tərəfindən göstərildiyi çətinliklə də olsa oxunur. Bununla bağlı qeyd olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın deyil, Azərbaycan Respublikası CM-nin 306-cı maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Göründüyü kimi icra məmuru Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etdiyinə baxmayaraq, onun əməlini cinayət əməli kimi təsvir edib. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol İXM-nin 100.1.4-cü maddəsinə də ziddir. Məhkəmə həmçinin aşağıdakıları qeyd edir. İcra məmuru işin məhkəmədə baxılmağa hazırlanması zamanı bildirmişdir ki, icra sənədi icraata qəbul olunduqdan sonra X1nın uşaqları – 27 mart 2013-cü il təvəllüdlü X6 və 12 fevral 2017-ci il təvəllüdlü X11 ilə görüşməsinin təmin edilməsi üçün dörd dəfə tədbir görülüb. 19 və 30 oktyabr 2021-ci il tarixlərində tələbkarın uşaqları ilə görüşməsini təmin etmək mümkün olmuşdur. Lakin 13 və 27 noyabr 2021-ci il tarixlərinə təyin olunmuş görüşlərə uşaqların gəlməsi borclu tərəfindən təmin edildiyinə baxmayaraq, uşaqlar ağlayıb etirazlarını bildirərək tələbkarla görüşməkdən, onunla birlikdə vaxt keçirməkdən qəti imtina etmişlər. İcra məmuru uşaqların 19 və 30 oktyabr 2021-ci il tarixlərində tələbkarla görüşmələrinə etiraz etmədiklərini və onunla normal ünsiyyətdə olduqlarını, 13 və 27 noyabr 2021-ci il tarixlərində isə bundan qəti imtina etdiklərini nəzərə alaraq hesab edir ki, uşaqların həmin imtinasının səbəbi borclu tərəfindən onlara psixoloji təsir göstərilməsi ilə bağlıdır. X1 da hesab edir ki, sonuncu iki görüşün keçirilməsinə uşaqların etiraz etməsi borclunun və onun ailə üzvlərinin uşaqlara psixoloji təsir göstərməsi ilə bağlıdır. Borclu Şəxs işin məhkəmədə baxılmağa hazırlanması zamanı bildirmişdir ki, heç vaxt uşaqların tələbkarla görüşməsinə maneə törətməyib. Əksinə həmişə təyin olunan vaxtlarda şərait yaradıb ki, uşaqlar tələbkarla görüşüb ünsiyyətdə olsunlar. Uşaqlara hər hansı psixoloji təsir də göstərməyib. Uşaqların tələbkarla ünsiyyətdə olmaqdan imtina etməsini səbəbi isə sonuncunun onların gözü qarşısında nalayiq hərəkətlər etməsi, yersiz səs-küy salması, həmçinin uşaqlarının atasının başqa şəxs olduğunu bildirməsi ilə bağlıdır. Tələbkarın həmin hərəkətləri müvafiq videoyazılarla da təsdiq olunur. Beləliklə icra məmurunun, tələbkarın və borclunun bildirdiklərindən görünür ki, borclu görüşlərin keçirilməsi ilə bağlı uşaqların iştirakını təmin etmişdir. 19 və 30 oktyabr 2021-ci il tarixlərində görüşlər keçirilmiş, lakin 13 və 27 noyabr 2021-ci il tarixlərində uşaqların imtina etməsi səbəbindən görüşlərin həyata keçirilməsi mümkün olmamışdır. İcra məmurunun mülahizəsinə görə uşaqların imtinasının səbəbi borclunun onlara psixoloji təsir göstərməsi ilə bağlıdır. Lakin icra məmurunun həmin mülahizəsi heç bir mötəbər sübutla təsdiq olunmur. O cümlədən, icra məmuru müvafiq halın araşdırılması üçün görüşlərə pedaqoq və ya psixoloq-mütəxəssis dəvət etməmiş, borclunun uşaqlara psixoloji təsir göstərməsi halının mövcudluğunun müəyyən edilməsi üçün zəruri olan mütəxəssis rəyi almamış, ekspertiza təyin etməmişdir. Beləliklə, icra məmuru məhkəməyədək icraat dövrünə aid olan sübutları toplamaq üçün zəruri tədbirlər görməmiş, gəldiyi qənaəti isə yalnız şəxsi mülahizəsi və tələbkarın mülahizəsi ilə əsaslandırmışdır. Bu səbəbdən məhkəməyə təqdim olunmuş material natamam sayılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 29 noyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1640/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1640/2021
29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver