Məhkəmə qərarları › İş №3(010)-1661/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1661/2020

02.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1661/2020 02.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, “Tanar” firmasının direktoru X4, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nümayəndələri X10 və X2 iştirakı ilə, X4 Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin vəzifəli şəxsinin xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarının şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin rəhbəri X5 xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə “Tanar” firmasının direktoru X11 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat miqdarında cərimə edilmişdir. X11 həmin qərardan şikayət vermişdir. X11 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, “Tanar” firmasının nəzdində “X25”, restoran və əyləncə mərkəzi fəaliyyət göstərir. xx.xx.2020-ci il tarixində “Tanar” firmasının 91 nömrəli əmri ilə qış sezonuna hazırlıq və istilik-qızdırılma sisteminin təmiri ilə əlaqədar olaraq firmanın struktur bölməsi olan “X25”in fəaliyyəti müvəqqəti dayandırılmışdır. xx.xx.2020 tarixində Dövlət Turizm Agentliyinin əməkdaşları digər aidiyətli orqanların nümayəndəli ilə birlikdə fəaliyyəti dayandırılmış otel binasına daxil olmuş, 1-ci mərtəbədə (resepşn daxil olmaqla) ümumiyyətlə heç kimin olmadığını görüb 2ci mərtəbəyə qalxmışlar. Otelin binasına daxil olarkən bu qurumun nümayəndələri qoruyucu maskadan istifadə etməmişlər, baxmayaraq ki, giriş hissədə qoruyucu maskalar, spirt ləvazimatı və qızdırmanı ölçmə cihazı qoyulmuşdur, bu maskalardan da istifadə etməmişlər. 2-ci mərtəbədə otelin işçisi olan və qoruyucu maskadan istifadə edən Vüqar Əliyevə özlərini təqdim etmədən, “daxil olarkən bizim qızdırmamızı niyə ölçməmisiniz” deyə irad bildirmişlər. Otelin işçisi onlara otelin fəaliyyət göstərmədiyini, qonaqlar üçun bağlı olduğunu, ancaq ustaların işlədiyini, təmassız qızdırma ölçən cihazın, spirt ləvazimatlarının və qoruyucu maskaların 1-ci mərtəbədə (resepşndə) yerləşdiyini və ərazidə yalnız oteldən 100 m aralıda yerləşən “My Beach” istirahət mərkəzinin “Dəniz havası” restoranının işlədiyini bildirmişdir. Sonradan restoran ərazisinə gələn yoxlama iştirakçıları restoranın fəaliyyətində hər hansı bir qanun pozuntusu aşkar etməyərək otel ilə bağlı cərimə yazacaqlarını bildirmişlər. Onlara otelin fəaliyyətinin müvəqqəti dayandırılması, buununla bağlı müvafiq sənədləşmənin olması və “My Beach” otelində COVİD-19 koronavirusu ilə əlaqədar epidemiya əleyhinə rejimə və sanitariya-gigiyena qaydalarına riayət edilməsi istiqamətində tərəfindən bütün zəruri rədbirlərin görülməsi və müvafiq orqanlar tərəfindən aparılmış rəsmi monitorinq nəticələrinin və buna dair sənədlərin olması bildirilmişdir. Həmçinin, dezinfeksiya edilmiş və plomblanmış bütün otaqların qapıları açılaraq yoxlayıcılara təqdim olunmuşdur ki, həqiqətən də otel fəaliyyət göstərmir. Bundan başqa, yoxlayıcılara xüsusi karantin otağında yerləşdirilmiş qoruyucu kombinezonlar, dezinfeksiya və spirt məmulatları, qoruyucu maskalar və pandemiyadan qorunmaq üçün nəzərdə tutulmuş digər əşyalar, həmçinin, otelin divarlarında yoluxmanın qarşısını almaq üçün nəzərdə tutulan göstərişləri özündə əks etdirən lövhələr nümayiş etdirilmişdir. Buna baxmayaraq, Dövlət Turizm Agentliyinin əməkdaşı heç bir araşdırma aparmadan vəzifəli şəxsə protokol tərtib etmişdir. Onlardan soruşduqda ki, “hansı əsasla araşdırma aparmadan, fiziki şəxsə deyil, məhz vəzifəli şəxsə cərimə tətbiq edirsiniz?”, cavab vermişlər ki, “Bizə verilən səlahiyyət kifayətdir, istəsək daha artıq cərimə yazarıq”. O, protokola etiraz etmişdir, otelin ümumiyyətlə fəaliyyət göstərmədiyini bir daha qeyd etmiş, hansı nöqsanların aşkar edildiyini soruşmuş, cavabında ona bildirmişlər ki, sanitar qovşağında spirt dezinfeksiyası üçün nəzərdə tutulmuş məmulat aşkar edilməmişdir. Sonradan ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixində Dövlət Turizm Agentliyinin aparat rəhbəri K.Qasımov tərəfindən İnzibati Xətalar Məcəlləsinin 112-ci maddəsinin tələbləri ilə təsbit edilmiş “İnzibati xəta haqqında işə baxilma qaydası” kobud surətdə pozulmaqla MN ******* nömrəli qərar qəbul edilmişdir. İşə baxılma vaxtı və yeri barədə ona məlumat verilməmişdir, qərar qəbul edilərkən onun iştirakı müəyyənləşdirilməmiş, onun gəlməməyinin səbəbləri və protokola etirazının səbəbləri araşdırılmamışdır. Belə ki, onun qeydiyyatda olduğu ünvan Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 56, mənzil 21 olsa da, o, faktiki olaraq Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 19 ünvanında yaşayır, “Tanar” firmasının faktiki ünvanı Binəqədi rayonu, Novxanı qəsəbəsi, Şimal-şərq zonası, hüquqi ünvanı isə Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 131, mənzil 108dir. Dövlət Turizm Agentliyinin əməkdaşları bundan əvvəl dəfələrlə oteldə monitoriq keçirmişlər, onun qeydiyyatda olduğu ünvanda deyil, yuxarıda qeyd olunan ünvanda yaşadığını bilmişlər, buna baxmayaraq, işə baxılma vaxtı və yeri barədə nə onun faktiki yaşadığı ünvana, nə “Tanar” firmasının hüquqi ünvanına, nədə ki firmanın faktiki ünvanına məlumat verməmişlər. Beləliklə, qərar araşdırma aparılmadan, qərəzli formada, qanunun tələblərini pozmaqla qəbul edilmişdir. Bir daha qeyd edir ki, yoxlama aparılarkən, “My Beach» Hotelinin fəaliyyəti “Tanar” firmasının 91 nömrəli əmri ilə qış sezonuna hazırlıq və istilik-qızdırılma sisteminin təmiri ilə əlaqədar olaraq müvəqqəti dayandırılmışdır. “Tanar” firmasının nəzdində “X25”, restoran və əyləncə mərkəzi fəaliyyət göstərir, vergi orqanında vergi ödəyicisi olaraq “Tanar” firması qeydiyyata alınmışdır, onun struktur bölməsi olan “X25” isə vergi ödəyicisi olaraq qeydiyyata alınmamışdır və alınmamalıdır, bu səbəbdən “X25”in fəaliyyətinin müvəqqəti dayandırılması barədə vergi orqanına məlumat verilməli deyildir. Qeyd olunanlara əsasən, barəsində qəbul edilmiş xx.xx.2020 tarixli MN ******* nömrəli Dövlət Turizm Agentliyinin qərarı ləğv edilərək, işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nümayəndəsi X6 Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarını müdafiə edərək, izahatında göstərmişdir ki, qeyd olunan qərar İnzibati Xətalar Məcəlləsinin 112-ci maddəsinin tələbləri ilə təsbit edilmiş inzibati xəta haqqında işə baxılma qaydalarına riayət edilməklə qəbul edilmişdir. Belə ki, işə baxılma vaxtı və yeri barədə “Tanar” firmasının direktoru X1 şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvana bildiriş göndərilsə də, sonuncunun həmin ünvanda yaşamadığı barədə müvafiq qeyd aparılaraq, poçt zərfi geri qaytarılmışdır. X4 Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin vəzifəli şəxsinin xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə şikayətini əsassız hesab edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nümayəndəsi X15 Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarını müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Novxanı qəsəbəsi, Şimal-şərq hissəsi ünvanında yerləşən “My Beach” otelində aparılan monitorinqdə o, Aqentliyin nümayəndəsi olaraq digər aidiyyətli qurumların nümayəndələri ilə birlikdə iştirak etmişdir. “Tanar” firmasının nəzdində “X25”, restoran və əyləncə mərkəzi fəaliyyət göstərir. Otelə qoruyucu maskadan istifadə etməklə daxil olarkən, onlar birinci mərtəbədə (resepşnda) heç kimi görməmişlər. Resepşnda qoruyucu maskalar, spirt ləvazimatı və təmassız qızdırmanı ölçmə cihazı olmuşdur. Onlar bir müddət girişdə gözləmiş, otelin əməkdaşlarından heç kim aşağı düşmədiyindən, onlar otelin ikinci mərtəbəsinə qalxmış, orada qoruyucu maskadan istifadə edən otelin əməkdaşı ilə rastlaşmışlar. Otelin əməkdaşı plomblanmış bütün otaqların qapılarını açaraq onlara təqdim etmişdir. Bundan başqa, otelin əməkdaşı onlara xüsusi karantin otağında yerləşdirilmiş qoruyucu kombinezonları, dezinfeksiya və spirt məmulatlarını, qoruyucu maskaları və pandemiyadan qorunmaq üçün nəzərdə tutulmuş digər əşyaları göstərmişdir. Ancaq otelin sanitar qovşağında əllərin dezinfeksiyası üçün spirt tərkibli əl dezinfektanları aşkar edilməmişdir. Həmçinin, onlar otelə daxil olarkən, onların hərarəti təmassız qızdırmanı ölçmə cihazı ilə ölçülməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X21 ifadəsində göstərmişdir ki, o, “My Beach” otelinin əməkdaşıdır. xx.xx.2020-ci il tarixdə otel binası istilik sisteminin təmir və bərpa işləri ilə əlaqədar olaraq bağlı olub, fəaliyyət göstərməyib, həmin gün ustalara kömək etmək məqsədi ilə özü də orada olub. Həmin gün Dövlət Turizm Agentliyinin əməkdaşları digər aidiyətli orqanların nümayəndəli ilə birlikdə fəaliyyəti dayandırılmış otel binasına daxil olmuş, 1-ci mərtəbədə (resepşn daxil olmaqla) ümumiyyətlə heç kimin olmadığını görüb 2-ci mərtəbəyə qalxmışlar. Otelin binasına daxil olarkən bu qurumun nümayəndələri qoruyucu maskadan istifadə etməmişlər, baxmayaraq ki, giriş hissədə qoruyucu maskalar, spirt ləvazimatı və qızdırmanı ölçmə cihazı qoyulmuşdur, bu maskalardan da istifadə etməmişlər. Onun özü oteldə olduğu zaman qoruyucu maskada olmuşdur. 2-ci mərtəbədə yoxlayıcılar onunla rastlaşmış, özlərini təqdim etmədən, “daxil olarkən bizim qızdırmamızı niyə ölçməmisiniz” deyə irad bildirmişlər. O, otelin fəaliyyət göstərmədiyini, qonaqlar üçun bağlı olduğunu, ancaq ustaların işlədiyini, təmassız qızdırma ölçən cihazın, spirt ləvazimatlarının və qoruyucu maskaların 1-ci mərtəbədə (resepşndə) yerləşdiyini və ərazidə yalnız oteldən 100 m aralıda yerləşən “My Beach” istirahət mərkəzinin “Dəniz havası” restoranının işlədiyini bildirmişdir. O, yoxlayıcılara dezinfeksiya edilmiş və plomblanmış bütün otaqların qapılarını açaraq təqdim etmişdir ki, həqiqətən də otel fəaliyyət göstərmir. Bundan başqa, o, yoxlayıcılara xüsusi karantin otağında yerləşdirilmiş qoruyucu kombinezonları, dezinfeksiya və spirt məmulatlarını, qoruyucu maskaları və pandemiyadan qorunmaq üçün nəzərdə tutulmuş digər əşyaları, həmçinin, otelin divarlarında yoluxmanın qarşısını almaq üçün nəzərdə tutulan göstərişləri özündə əks etdirən lövhələri göstərmişdir. Agentliyin nümayəndəsi bildirmişdir ki, otelin sanitar qovşağında əllərin dezinfeksiyası üçün spirt tərkibli əl dezinfektanları aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 göstərmişdir ki, o, “Tanar” firmasının icraçı direktorudur, həmçinin Turizm Agentliyi tərəfindən karantin rejiminə riayət edilməsi ilə bağlı keçirilən monitoriqlərdə firma tərəfindən müəyyən olunmuş əlaqələndirici məsul şəxsdir, yəni onun iştirakı olmadan orada monitorin aparmaq qanunsuzdur. O, pandemiya başlayandan sonra firmada karantin qaydalarına riayət olunmasını təşkil etmiş, otelin giriş hissəsində qoruyucu maskalar, spirt ləvazimatı və təmassız qızdırma ölçmə cihazı qoyulmuş, xüsusi karantin otağı təşkil edilmiş və bu otaqda daimi olaraq qoruyucu kombinezonlar, dezinfeksiya və spirt məmulatları, qoruyucu maskalar və pandemiyadan qorunmaq üçün nəzərdə tutulmuş digər əşyalar, həmçinin, otelin divarlarında yoluxmanın qarşısını almaq üçün nəzərdə tutulan göstərişləri özündə əks etdirən lövhələr yerləşdirilmişlər. Yoxlama aparılan gün otel fəaliyyət göstərməmiş, buna müvafiq olaraq bütün otaqlar dezinfeksiya edilmiş və plonmblanmışdır. O, firmanın əlaqələndirici məsul şəxsi olaraq əvvəllər də Turizm Agentliyi tərəfindən keçirilən 30-dan çox monitorinqlərdə iştirak etmiş və bu zaman firma tərəfindən hər hansı bir pozuntu aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 287 saylı qərarı qəbul edildikdən sonra xx.xx.2020-ci il tarixədək Turizm Agentliyi tərəfindən qaydalar barədə onlara heç bir təlimat verilməmiş və monitorinqlər keçirilməmişdir. Sonradan onlara Turizm Agentliyi tərəfindən sadəcə bir dəfə qaydalarla bağlı bildiriş verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 287 saylı qərarını olduğu kimi icra ediblər. Əvvəlki monitoriqlərdən 99% nəticə ilə keçiblər, 1% çatışmazlıq isə buxar maşının olmaması ilə bağlı olmuşdur. Bütün monitorinqlər onun iştirakı ilə keçirilib. xx.xx.2020-ci il tarixdə isə əlaqədar şəxs kimi onun iştirakı olmadan baxış keçirilib. İcraçı direktor olaraq bütün işçilərə karatin rejimi qaydalarına riayət edilməsi ilə bağlı təlimat keçmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin rəhbəri X5 xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə “Tanar” firmasının direktoru X11 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat miqdarında cərimə edilmişdir. Məhkəmə, ilk növbədə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 106.0.6-cı maddəsinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılılmasını müəyyən edir. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir, iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. İş materialları ilə müəyyən olunmuşdur ki, “Tanar” firmasının direktoru X9r. Onun qeydiyyatda olduğu ünvan Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 56, mənzil 21 olsa da, o, faktiki olaraq Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 19 ünvanında yaşayır, “Tanar” firmasının faktiki ünvanı Binəqədi rayonu, Novxanı qəsəbəsi, Şimal-şərq zonası, hüquqi ünvanı isə Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 131, mənzil 108dir. Məhkəmə iclasında izahat vermiş Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nümayəndəsi X6 göstərmişdir ki, işə baxılma vaxtı və yeri barədə “Tanar” firmasının direktoru X1 şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvana bildiriş göndərilsə də, sonuncunun həmin ünvanda yaşamadığına dair müvafiq qeyd aparılaraq, poçt zərfi geri qaytarılmışdır. Halbuki, qərar qəbul edilərkən, Vergi İdarəsinin internet saytı ilə “Tanar” firmasının huquqi ünvanı müəyyən edilməklə, onun vəzifəli şəxsinin işə baxılma vaxtı və yeri barədə məlumatlandırmaq zərurəti var idi. Belə ki, X11 inzibati məsuliyyətə fiziki şəxs olaraq deyil, “Tanar” firmasının vəzifəli şəxsi olaraq cəlb olunmuşdur. İnzibati xəta haqqında iş üzrə araşdırmada Tanar” firmasının vəzifəli şəxsi olan X4 iştirakının təmin olunduğu görünmür. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıldığına dair məlumat verilməmiş, onun iştirakı təmin olunmamış, hüquqları və vəzifələri izah edilməmiş, bu səbəbdən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vasitəsilə izahat vermək, hüquqlarını müdafiə etmək və ümumiyyətlə müdafiə hüququndan istifadə etmək imkanından məhrum olmuşdur. Məhkəmə, daha sonra aşağıdakıları qeyd edir. İş materiallarında olan “Tanar” firmasının direktoru X4 xx.xx.2020-ci il tarixli, 90 saylı və xx.xx.2020-ci il tarixli 91 saylı əmrlərdən görünür ki, təşkilatın otel binasında istilik sisteminin təmir və barpa işləri ilə əlaqədar olaraq otelin əməkdaşı X16 və icraçı direktoru X3 xx.xx.2020-ci il tarixdən ödənişsiz əmək məzuniyyətlərinə xitam verilmiş, həmçinin, eyni səbəbdən xx.xx.2020-ci il tarixindən etibarən otelin fəaliyyəti xx.xx.2020-ci il tarixədək dayandırılmışdır. İş materiallarında olan “Tanar” firmasının direktoru X11 tərəfindən verilmiş əmrlərin siyahısından görünür ki, firmanın işçilərinin ödənişsiz məzuniyyətə göndərilməsi ilə müxtəlif vaxtlarda müvafiq əmrlər verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 287 saylı Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD- 19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın monitorinqli formasından görünür ki, “My Beach” otelində aparılan monitorinq zamanı otelin yumşaq mebel və matrasın buxarlı təmizləyici ilə təmizlənməsini təmin edən buxar maşını ilə təmin olunmaması aşkar olunmuş, otel digər gigiyenik ləvazimatlarla təmin edilmişdir. İş materiallarında olan “Tanar” firmasının direktoru X11, istirahət Mərkəzinin icraçı direktoru X8, təmizlik şöbəsinin müdiri X13 tərəfindən imzaları ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 003 saylı aktdan görünür ki, “My Beach” otelində məlumat lövhələri və dezinfeksiya məhlullarından istifadə üçün müvafiq qurğular quraşdırılmış, karantin otağı yaradılmış, Otel personalı koronovirus testindən keçmiş, işçilərə müvafiq təlimatlar keçirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli, 287 saylı "Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları" və "SAHMAN" Proqramı çərşivəsində nəfəs yolu xəstəliklərinin (xüsusilə, COVİD-19-un) profilaktikasına dair mehmanxana və mehmanxana tipli müəssisələr üçün TƏLİMAT izah edilmiş və məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “Tanar” firmasının direktoru X11, istirahət Mərkəzinin içraçı direktoru X8, Təmizlik şöbəsinin müdiri X13, “Dəniz havası” restoranının Baş meneceri X12 tərəfindən imzaları ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 005 saylı aktdan görünür ki, “My Beach” otelində məlumat lövhələri və dezinfeksiya məhlullarından istifadə üçün müvafiq qurğular quraşdırılmış, karantin otağı yaradılmış, Otel personalı koronovirus testindən keçmiş, işçilərə müvafiq təlimatlar keçirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli, 287 saylı "Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları" və "SAHMAN" Proqramı çərşivəsində nəfəs yolu xəstəliklərinin (xüsusilə, COVİD-19-un) profilaktikasına dair mehmanxana və mehmanxana tipli müəssisələr üçün TƏLİMAT izah edilmiş və məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. İş materiallarından müəyyən olunur ki, “Tanar” firmasının direktoru X11 tərəfindən xx.xx.2020-ci il tarixdə Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrində müştəri qəbulu zamanı davranış qaydalarına riayət edilməsi ilə bağlı müvafiq təlimat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin səlahiyyətli nümayəndəsi və digər aidiyyətli qurumların ümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə Novxanı qəsəbəsi, Şimal-şərq hissəsi ünvanında yerləşən “My Beach” otelində aparılan monitorinq zamanı otelə girişdə təmassız termometrdən istifadə edilməməsi, həmçinin mehmanxana ərazisinin (sanitar qovşaqlar, ictimai iaşə zonalarındakı masalar) əllərin dezinfeksiyası üçün spirt tərkibli əl dezinfektanları ilə təmin edilməməsi müşahidə edilmişdir. Qeyd olunan akt həmin gün keçirilmiş monitorinqin nəticələri əsasında tərtib edilmiş, lakin monitorinqin nəticələri Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, “Tanar” firmasının nəzdində “X25”, restoran və əyləncə mərkəzi fəaliyyət göstərir. xx.xx.2020-ci il tarixində “Tanar” firmasının 91 nömrəli əmri ilə qış sezonuna hazırlıq və istilik-qızdırılma sisteminin təmiri ilə əlaqədar olaraq firmanın struktur bölməsi olan “X25”in fəaliyyəti müvəqqəti dayandırılmışdır. Göstərilən hallar iş materialları ilə tam təsdiq olunur. İş materiallarında olan Vergi İdarəsinin internet saytı ilə müəyyən olunur ki, vergi orqanında vergi ödəyicisi olaraq “Tanar” firması qeydiyyata alınmışdır, onun struktur bölməsi olan “X25” isə vergi ödəyicisi olaraq qeydiyyata alınmamışdır və alınmamalıdır, bu səbəbdən “X25”in fəaliyyətinin müvəqqəti dayandırılması barədə vergi orqanına məlumat verilməli deyildir. Yoxlama zamanı “My Beach“ Hotelinin fəaliyyətdə olmaması iş materiallarında olan müvafiq əmrlərlə, şahid ifadələri ilə, həmçinin Dövlət Turizm Agentliyinin səlahiyyətli nümayəndəsinin məhkəmədə verdiyi izahatlarla (sonuncu göstərmişdir ki, onlar otelə daxil olarkən, birinci mərtəbədə (resepşnda) ümumiyyətlə heç kim olmamış, otelin ikinci mərtəbəsində isə otelin bütün qonaq otaqları plomblanmışdır) təsdiq olunur. Həmçinin, sonuncuların ifadələri ilə təsdiq olunur ki, otelin birinci mərtəbəsində, giriş hissədə qoruyucu maskalar, spirt ləvazimatı və qızdırmanı ölçmə cihazı qoyulmuş, otel xüsusi karantin otağı ilə təchiz edilmiş və bu otaqda qoruyucu kombinezonlar, dezinfeksiya və spirt məmulatları, qoruyucu maskalar və pandemiyadan qorunmaq üçün nəzərdə tutulmuş digər əşyalar, həmçinin, otelin divarlarında yoluxmanın qarşısını almaq üçün nəzərdə tutulan göstərişləri özündə əks etdirən lövhələr yerləşdirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutur. Belə olan halda fəaliyyəti dayandırılmış otelin vəzifəli şəxsinin qeyd onun maddə ilə inzibati məsuliyyətə cəlb olunması əsassızdır. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Bundan başqa, iş materilları ilə müəyyən olunur ki, yoxlama zamanı tərtib olunmuş akt həmin gün keçirilmiş monitorinqin nəticələri, yəni aşkar olunmuş nöqsanları özündə əks edən sənəd əsasında tərtib edilmiş, lakin monitorinqin nəticələri Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında qərar ləğv edilərək, işin icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin rəhbəri X5 xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə “Tanar” firmasının direktoru X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat miqdarında cərimə edilməsinə dair qərar ləğv olunaraq, X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar