Məhkəmə qərarları › İş №3(010)-1661/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1661/2021

03.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1661/2021 03.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 iştirakı ilə xx xxxxxx 1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 tərtib etdiyi 03 dekabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Xətai Rayon Məhkəməsi tərəfindən 26 fevral 2013-cü ildə verilmiş 11 yanvar 2013-cü il tarixli 2(011)- 383/2013 nömrəli icra vərəqəsinə əsasən 24 aprel 1995-ci il tarixdə anadan olmuş X4 və 14 oktyabr 2007-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Şəxs 11 dekabr 2012-ci il tarixdən başlayaraq hər ay hər uşağa 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Bundan başqa Suraxanı Rayon Məhkəməsi tərəfindən 29 aprel 2019-cu ildə verilmiş 01 may 2019-cu il tarixli 2(010)-403/2019 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs yetkinlik yaşına çatmayan övladı X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 xeyrinə tutulan 100 manat məbləğində aliment artırılaraq 160 manat məbləğində müəyyən edilmişdir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədləri şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlanaraq həmin qərarlar tələbin könüllü icrası barədə bildirişlə birlikdə iş üzrə borcluya rəsmi qaydada təqdim edilmişdir. Borcluya həmin bildirişdə icra sənədinin könüllü icrası üçün 10 gün müddət verilməsinə baxmayaraq o, məhkəmə qərarlarının icrasını təmin etməmiş və bu barədə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan sonra borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlirin olubolmamasını müəyyən etmək üçün sorğu edilmiş, lakin tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilməmişdir. Suraxanı Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qərardadı ilə Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırlmışdır. Suraxanı Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli qərardadı ilə Şəxs Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Suraxanı Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 gün müddətinə həbs edilmişdir. Borcludan icra sənədlərinin icrası ilə bağlı müvafiq izahat alınmış və icra sənədlərinin icrasını təmin etməsi tələb edilmişdir. Göründüyü kimi borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədlərində göstərilən borcu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu gün üçün borc 11.680 manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədlərini icra etmədiyini maddi imkansızlığı ilə izah etmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləğlərini üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar