Məhkəmə qərarları › İş №3(010)-1666/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1666/2021

04.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1666/2021 04.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, Şəxs, xx.xx.1991-ci ildə Rusiya Federasiyası, Kaspiysk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı rayonu, Kalinovka kəndində qeydiyyatda olan və Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 04 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 04 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. 04 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 12.09.2021-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirilmiş və Şəxs üzərinə baxış keçirilərkən onun üzərindən 0,127 qram marixuana aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Lakin məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş materiallarına Şəxs narkomaniya xəstəliyinin aşkar olunub-olunmamasına, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasına dair məcburi-narkoloji tibbi yoxlamanın rəyi əlavə edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 avqust 2000-ci il tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Sərxoşluq hallarının bütün növlərinin və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi” Qaydasının 1-ci bəndinə əsasən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında, habelə işəgötürənin vəsatəti və ya müayinə olunan şəxsin təşəbbüsü əsasında həyata keçirilir. Həmin Qaydanın 2-ci bəndinə əsasən tibbi müayinə vasitəsi ilə yoxlanılan şəxsin narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə olan narkotik vasitələrin və psixotrop maddələrin növü, ehtiyac olduqda miqdarı və istehlak etmə vaxtı təyin olunur. Tibbi müayinənin keçirilməsinin səbəbi, gedişi, aparılan tədqiqatın növləri və nəticəsi tərtib edilmiş rəydə öz əksini tapır. Təqdim edilmiş materialdan isə görünür ki, Şəxs barəsində tibbi müayinənin keçirilməsi üçün təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı olmamışdır. Bundan əlavə, məhkəmə prosesində Şəxs özünün Şizofreniya xəstəliyinə düçar olmasını, bununla bağlı xəstəxanada stasionar rejimində müalicə olmasını qeyd etsə də, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən həmin məlumatın mötəbər olması yoxlanılmamışdır. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs tərəfindən inzibati xəta törədilməsi haqqında 04 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol, onu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə rəisi X2 qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar