Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1669/2020 01.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə xx xxxxxx 1978-ci ildə Zəngilan rayonu, Qaragöl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ailəli, himayəsində 2 nəfər yetkinlik yaşına çatmayan uşağı olan, Zəngilan rayonu, Qaragöl kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Baş Polis İdarəsi Dövlət X3 daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və iş üzrə toplanmış sənədlərdən görünür ki, Şəxs xx xxxxxxx 2020-ci ildə saat 08:35-də “BMW 523” minik markalı 90NF336 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək qeyd etmişdir ki, dindardır, namaz qılır və ümumiyyətlə spirtli içki qəbul etmir. O, “BMW 523” minik markalı 90NF336 dövlət qeydiyyat nişanlı avtomobilinin idarə edərkən xx xxxxxxx 2020-ci ildə saat 08:35-də saxlanılmışdır. Saxlanılmasının səbəbini soruşduqda polis əməkdaşı bildirmişdir ki, sərxoşluq vəziyyətinin müayinəsindən keçiriləcək. Ona alkotester vasitəsilə müayinədən keçməsi təklif olunmuş, lakin alkotesterə baxıb, onun nasaz vəziyyətdə olduğunu başa düşmüşdür. Belə ki, alkotesterin batareyası belə əzik vəziyyətdə idi. Bu səbəbdən alkotester vasitəsilə müayinədən keçməkdən imtina etmişdir. Sonra onu həkim yanına aparmışlar. Lakin həkim onu ümumiyyətlə müayinə etmədən alkoqol sərxoşluğu vəziyyətində olduğunu yazmışdır. Belə ədalətsizliyi gördükdən sonra protokolu imzalamaqdan imtina etmiş, eyni zamanda 102 xidmətinə müraciət etmişdir. Eyni zamanda ayrıca həkimə müraciət edərək qan analizi vermişdir. Bununla bağlı verilmiş laboratoriya sənədində qanında alkoqol səviyyəsinin 0% təşkil etdiyi qeyd olunur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5 işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilmiş, lakin həmin idarə məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhər Baş Polis İdarəsi Dövlət X4 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarına «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında» 1/2779 nömrəli akt əlavə olunur. Həmin aktda onun xx xxxxxxx 2020-ci ildə saat 08.30-da tərtib edildiyi, aparılmış müayinə nəticəsində 1978-ci il təvəllüdlü Şəxs spirtli içki qəbul etməsi halının müəyyən olunduğu qeyd edilir. Akt müayinəni keçirən tibb işçisi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən imzalanıb. Yuxarıda qeyd olunan aktın tərtibinə hal şahidləri cəlb edilməyib. Təqdim olunmuş materialdan həmçinin görünür ki, xx xxxxxxx 2020-ci ildə saat 08:35-də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib. İnzibati xəta haqqında protokol onu tərtib etmiş şəxs – Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru polis serjantı X6 oğlu tərəfindən imzalanıb. Eyni zamanda inzibati xəta haqqında protokolda Şəxs onu imzalamaqdan imtina etdiyi göstərilir. Şəxs işin məhkəmə baxışı zamanı təqdim etdiyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens laboratoriyasının çıxarışından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xx xxxxxxx 2020-ci ildə saat 10.30-da tibbi müayinəsi keçirilmiş, nəticədə onun ayıq olduğu müəyyən edilmişdir. Məhkəmə bir daha vurğulayır ki, yuxarıda göstərilən tibbi müayinə saat 10.30-da, yəni ilkin müayinədən 02 saat sonra aparılıb. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat qanuna zidd olaraq aparılmış, toplanmış sübutlar isə aşağıda göstərilən səbəblərə görə mötəbər sayıla bilməzlər. Azərbaycan Respublikası İXM-nin 69.1, 69.2 və 69.3-cü maddələrinə əsasən «İşin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz», «Şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər», «Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir». Təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, aparılmış ilkin müayinə vaxtı hal şahidlərinin iştirakı təmin edilməyib. Məhkəmə sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakının təmin edilmədiyini və işin digər faktik hallarını nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsin bildirdikləri təqdim olunmuş sənədlərlə təkzib edilmir. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı da heç bir sübutla müəyyən edilmir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir», «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, iş üzrə məhkəməyəqədər icraat zamanı mühüm prosessual və s. pozuntulara yol verildiyini, bu səbəbdən toplanmış sübutların qeyri-mötəbər olduğunu nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə təqsirli olması və ümumiyyətlə inzibati xəta hadisəsinin baş verməsi halları əsaslı şübhə doğurur. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinin tələbinə əsasən bu şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1669/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1669/2020
01.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver