Məhkəmə qərarları › İş №3(010)-1669/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1669/2021

06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1669/2021 06.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və icra sənədi üzrə tələbkar X3 iştirakı ilə, Şəxs, 25 avqust 1948-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, dul, orta təhsilli, təqaüdçü, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli TTİ-nin yataqxanası, R.Abdullayev küçəsi, 24 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 06 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(103)-9790/2017 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə 3.034 manat məbləğində borcu ödəməməklə, icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2017ci il tarixli, 2(103)-9790/2017 nömrəli qətnaməsinə əsasən ondan 6.500 manat məbləğində pul vəsaiti tutularaq X4 ödənilməlidir. O, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmır, sadəcə olaraq hazırda təqaüdçü olduğundan heç yerdə işləmir və buna görə də əlavə gəliri yoxdur. Bu səbəbdən də icra sənədini birdəfəlik ödəyə bilməmişdir. Lakin tələb onun pensiyasına yönəldilmiş və 27 sentyabr 2018-ci il tarixdən etibarən aldığı təqaüdün 50 faizi tutularaq X4 ödənilir. Təqaüdündən tutulma hal-hazırda da davam edir və bu günə olan borcu 3.034 manat təşkil edir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X2 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya şəxsən təqdim edilmişdir. Eyni zamanda borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadığından tələb borclunun təqaüdünə yönəldilmişdir. Lakin bu icra sənədinin icrasına yetərli olmamış və icra sənədi üzrə tələbkarın narazılığına səbəb olmuşdur. Hal-hazırda icra sənədi üzrə borc 3.034 manat təşkil edir. Beləliklə borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməməklə bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X6 göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(103)-9790/2017 nömrəli qətnaməsinə əsasən Şəxs 6.500 manat məbləğində pul vəsaiti tutularaq ona ödənilməlidir. Borclu təqaüdçü olduğundan tutma onun təqaüdünə yönəldilmişdir. Lakin tutulan məbləğ çox az olduğundan bu icra sənədinin icrasının həddindən artıq uzanmasına gətribi çıxartmışdır. Təxminən 04 il keçməsinə baxmayaraq, borclu 6.500 manat ödəməli olduğu məbləğin yarısından bir az çoxunu ödəmişdir. Onun bir o qədər də gözləmək fikri yoxdur və buna görə də borc məbləğinin birdəfəlik ödənilməsini tələb edir. Sonda Ş.Ə.Səfərova borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(103)-9790/2017 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs 6.500 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 26 fevral 2018-ci il tarixli qərardan və onun üzərindəki qeyddən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(103)-9790/2017 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuş və qərarın surəti borcluya şəxsən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş borclu Şəxs şəxsi məlumatlarından çıxarışdan görünür ki, Şəxs ailə başçısını itirməyə görə 269 manat 12 qəpik təqaüd alır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasları təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. Həmin Qanunun 63.1, 63.1.1-63.1.3-cü maddələrinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildiyi, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadığı və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədiyi hallarda yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Beləliklə inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(103)-9790/2017 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmış, borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadığından tələb, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinin tələblərinə əsasən borclunun təqaüdünə yönədilmişdir. Hal-hazıradək icra sənədi üzrə ödənilməli olan 6.500 manat məbləğində vəsaitdən 3.466 manat tələbkarın xeyirən ödənilmiş qalıq 3.034 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlinin icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(103)- 9790/2017 nömrəli qətnaməsi üzrə icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar